“Şamaxı” restoranında nə baş verib? - İlginc açıqlamalar

8-06-2016, 13:27           

…4 iyun 2016-cı il tarixdə Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprel ayından fəaliyyət göstərən “Yoxlama” layihəsinin həyata keçirilməsində layihə rəhbəri qismində Azər İsmayılov və layihənin digər əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Polad Axundzadə, Arif Quliyev və İlqar Quliyev axşam saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranına gələrək, yoxlama adı ilə birbaşa çəkliş aparmaq qərarına gəlirlər. Bu zaman restoranın sahibi, 80 yaşlı Hüseyn Allahverdiyevlə çəkiliş aparanlar arasında mübahisə yaranır… Sahibkar onlardan hansısa şikayət əsasında gəldiklərini, yaxud hansısa yuxarı dövlət orqanlarının təqdimatı və s. Olub-olmadığını soruşduqda qonaqlar buna məhəl qoymadan restorana daxil olurlar…
Bütün bu və digər məsələlərə aydınlıq gətirmək üçün restoran sahibi H.Allahverdiyevlə və işçilərlə görüşüb məsələyə aydınlıq gətirilməsini istədik:

- Hüseyn kişi, mətbuatdan oxuduq, sonra tərəfinizdən bizə müraciətiniz oldu ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) əməkdaşları ilə aranızda narazılıq yaranıb. Səbəb nə idi?
- Axşam saat səkkiz radələrində iş yerimə qayıdanda gördüm ki, bir qrup şəxs əlində çəkliş texnikaları ilə heç kəsə heç nə demədən restoranın xörək bişirilən sahəsinə daxil olub, sözün əsl mənasında “bildikləri və özlərinə lazım olan” çəkilişi aparırlar. Mən öncə onların hardan və kim tərəfindən göndərildiklərini soruşdum.
- Məgər onlar gələndə özlərini təqdim etməmişdilər ki, yenidən soruşurdunuz?
- Xeyir. Onlar gələn kimi birbaşa yeməklər hazırlanan otağa - ”kuxna»ya daxil oldular. Orada qadınlar işləyirlər. Mən bir ağsaqqal kimi yaxınlaşdım ki, belə olmaz axı. Bura özəl obyektdir, mən sahibkaram, hansısa nöqsan varsa, qoy epidomoloji orqan, cinayət faktı varsa, polis, prokuror, vergidən gizlətmə varsa, vergi işçiləri gəlsinlər, siz də çəkin… Bir deyin görək kimsiz, hardan gəlmisiz, sənətiniz nədi ki, belə özbaşınalıq edirsiniz? Açığını deyim ki, bir neçəsi saqqallı olduğundan şübhələndim ki, bəlkə hansısa təriqət daşıyıcılarıdır ki, belə kobudluq edirlər. Hətta bunları aşpazxanadan bayıra çıxartmağa çalışdım ki, hər gün yüzlərlə adamın yemək yediyi bir qazanın olduğu yerə girməsinlər. Axı bu qanunla qadağandır. Lakin onlar mənə məhəl qoymadılar və hətta məni itələyib yıxdılar və xəsarət də aldım ki, bunu həkimin rəyi təsdiq edib. Doğrusu, bu yeməkxanada yüzlərlə mətbuat nümayəndələri qonaq olub, gediblər. Bizim kimlərləsə hansısa münaqişəmiz belə olmayıb. Rayonda və ətraf rayonda gəlib burada oturub istirahət edənlərin bir nəfəri olsun belə bu günə qədər bizdən narazı qalmayıblar. Bunların məqsədini isə anlaya bilmədim. Bura mənim şəxsi obyektimdir, dövlətin bütün qanuni tələblərinə əməl edərək qanunlarımız çərçivəsində fəaliyyət göstəririk, səliqə-sahmana söz ola bilməz… Azərbaycan Respublikasının ali qanuni Konstitusiyasında hər kəsin özünün və əmlakının toxunulmazlığı birmənalı göstərilmişdir. Bütün bunlara rəğmən heç bir qanuni yoxlama orderi olmadan, kim ATV-nin əməkdaşlarına belə bir səlahiyyət verib ki, bu özbaşınalığı edirlər?! Gördüyünüz kimi, bu yerdə əlimin zəhməti ilə gözəl yaşıllıq, səliqəli otaqlar tikmişik, hər otaqda da gələnlərin başının üstündə ulu öndərimizin portireti var ki, insanlarımız istirahət edəndə belə, baxıb onun Azərbaycan üçün etdiklərini unutmasınlar. Ulu öndərimizin davamçısı prezidentimiz İlham Əliyev də məhz həmin yolu davam etdirməklə sahibkarlara qayğı göstərir, onları əsassız yoxlamalardan qoruyur. Ona görə də cənab İ.Əliyevin sahibkarlara etdiyi köməklik hər kəsdən bu sahəyə diqqət və qayğı tələb edir. Bu, heç kəsə əsas vermir ki, prezidentin dediklərindən əlavə hansısa “layihə” adıyla yoxlamalar aparsın, əvəzində pullar tələb etsin… Fakt ondan ibarətdir ki, bu şəxslər çəkinmədən mənə bildirdilər ki, ya bizim hesabımızı verəcəksən, ya da səni biabır edəcəyik. Bu hadisə hansısa qapalı bir yerdə baş verməyib ki, mən bunları özümü müdafiə üçün deyim. Həmin günü burada oturan müştərilərin böyük əksəri mənə yaxınlaşaraq bu haqsızlıqdan təskinlik verirlər ki, belə qanuna zidd hərəkətlər yolverilməzdir.
- Hüseyn kişi, bunlar böyük ittihamlardır. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermisinizmi?
- Bəli, mən Şamaxı rayon polis şöbəsinə ərizə ilə başıma gələnlərdən şikayət etmişəm. Polis şöbəsi ərizəmi rayon priokrorluğuna göndərib. İndi orada araşdırmalar aparılır. Yəqin ki nəticə bəlli olduqdan sonra ölkə prezidentinin qanunsuz yoxlamalara qarşı verdiyi sərəncamlara, göstərişlərə məhəl qoymayan bu “Yoxlama»çılar qanun qarşısında cavab verəcəklər. Təbii ki, 80 yaşlı bir qocaya əl qaldıranlar bu yoxlamanı hansı məqsədlə apardıqlarına da aydınlıq gətirəcəklər. Mən dünənki sahibkar deyiləm. Artıq 20 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bəzən bir sıra orqanlar məndən pul almaq üçün obyektlərimə qanunsuz müdaxilələr edirdilər, pul verməyəndə isə hətta onları uçururdular. Belə bir hadisə ilə də üzləşmişəm. Yəqin ki, gələcəkdə bu barədə şəxsən ölkə başçısını xəbərdar edəcəyəm. Bu gün özünüz də şahid oldunuz ki, bütövlükdə mənə məxsus obyektlərdə yüzdən artıq ailə işləyir ki, onlar evlərinə çörək aparır, ailələrini dolandırırlar. Belə qanuna zidd əməllər imkan vermir ki, dövlətimizə kömək edək, onun qayğılarına şərik ola bilək. Lakin bunlara baxmayaraq, bir məsəldə deyildiyi kimi, qanunazidd hərəkət edənlər bizi qanunu pozmaqda suçlayırlar. Məncə, jurnalistin özünün səlahiyyətinə aid məsələlər var. O jurnalist “qurupu” mənə göstərsin görüm hansı təşkilatın hansı orderi ilə yoxlama aparırlar? Axı onlar “OBXSS”, mənim müəssisəm isə “Raypo” deyil. Təkrar edirəm, bura mənim şəxsi obyektimdir, şikayət, qanun pozuntusu varsa, müvafiq dövlət orqanına, səlahiyyətli quruma müraciət edib lap buranı bağlasınlar. Amma əlinə bir kamera alıb şəxsi obyektə soxulmaq ki, yoxlama aparırıq, başa düşmürəm, bun ə ərköyünlükdür???
***
Aldığımız məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
P.S.Təbii ki, sahibkarın dediklərinin nə qədər həqiqət olduğu rayon prokrorluğunun araşdırmasından sonra məlum olacaq. Ancaq fakt odur ki, prezidentin yoxlamaları yasaq etdiyi bir vaxtda bunun üstündə özəl mülkiyyət obyektində yeni bir “Yoxlama” adlı layihənin olması anlaşılan deyil. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.