Şamaxıda istirahət mərkəzlərində yeni «sezon açıq elan» edilib
9-06-2016, 00:32
Şamaxı rayonunda yeni turizm mövsümünün başlanmasına az qalmış artıq iş adamlarına təzə xəbərdarlıq edilib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərində, restoranlarda və digər xidmət sektoruna aid obyektlərdə qeyri-rəsmi yoxlamalara start verilib.
Məlumatda deyilir ki, hətta rayonun Pirqulu istiqamətindəki kəndlərində yerləşən istirahət mərkəzlərində də qiymətlərlə bağlı olaraq dəyişikliklər baş verib. Bunun səbəbi isə Piriqulu istiqamətində yolun İcra Hakimiyyəti tərəfindən yenidən təmir edilməsi üçün xərclərin yığılması olub. İnformasiyada deyilir ki, sahibkarlardan təkcə yolun təmiri üçün deyil, həmçinin də işıq, qaz və içməli su ilə bağlı infrastrukturun formalaşdırılması və təmiri üçün də İcra Hakimiyyətinin rəsmiləri tərəfindən pul yığımına start verilib.
Sahibkarlardan biri redaksiyamıza deyib ki, Piriqulu yolu dem ək olar ki, hər il təmir edilir. Lakin nədənsə yolun təmirinə bu il də pul toplanır. Sahibkarlar bu səbəbdən də turistlərə xidmət göstərmək üçün qiymətləri artırmaq zorunda qalırlar. Onu da əlavə edək ki, bu mövzu ilə bağlı ətraflı reportaj hazırlamaq üçün bir neçə gün sonra əməkdaşlarımız Şamaxı rayonuna yollanacaqlar.
Rayon ərazisindəki sahibkarların qarşılaşdıqları problemlər, onlara yaradılan rəsmi-bürokratik çətinliklər haqda detallı bilgilər verəcəyik. Yeri gəlmişkən əlavə edək ki, dövlət başçısı son dövrlər şəxsən qeyri-neft sektorunun inkişafı ilə bağlı təşəbbüslər göstərir. Prezidentin tapşırıq və göstərişləri ilə rəsmi olaraq sahibkarların üzərindən bir çox inzibati basqılar qaldırılıb. Lakin Cənab Prezidentin bu mütərəqqi təşəbbüslərinə bəzi yerli məmurlar doğru dəstək verə bilmirlər. Mövzu ilə bağlı Şamaxı rəsmilərini də dinləməyə çalışacağıq.