Brend şirkətlər Azərbaycanı niyə tərk edir? – Ekspertdən açıqlama

10-06-2016, 11:55           

Xəbər verdiyimiz kimi, "Samsung Electronics Central Eurasia” Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bu barədə mətbuata Vergilər Nazirliyindən məlumat daxil olub. Məlumata görə, bununla bağlı qərar iyunun 3-də qəbul olunub.

Bəs görəsən, Azərbaycandan kifayət qədər tələbat formalaşdıran "Samsung”un ölkəmizdəki nümayəndəliyinin ləğv olunmasının səbəbi nədir? Əgər bu, ölkədə yaşanan iqtisadi böhranla əlaqədardırsa, başqa hansı iri şirkətlərin Azərbaycan nümayəndəliyi ləğv oluna bilər? Bu proses qiymətlərə necə təsir edəcək?

İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, şirkət rəhbərliyinin verdiyi bu qərarın arxasında duran başlıca səbəb manatın devalvasiyasından sonra ölkədə yaranan iqtisadi böhran və adekvat olaraq şirkətin gəlirlərinin azalması ilə bağlıdır: "Samsung” şirkətinin Azərbaycan nümayəndəliyinin ölkəni tərk etməsinin səbəblərini təxmin etmək çətin deyil. Böyük ehtimalla, 2015-ci ildə baş verən devalvasiyalardan sonra bu məhsulların da qiymətlərində ciddi artımlar baş verdi və məhsulların bazarda olan digər markalarla rəqabət aparmaq qabiliyyəti aşağı düşdü. Eyni zamanda əhalinin istehlak qabiliyyətinin azalması nəticəsində məhsulların satışı və şirkətin mövcud dövriyyəsi Azərbaycandakı nümayəndəliyin saxlanılması xərclərini ödəmək gücünü itirdi. Böyük ehtimalla, bu səbəbdən korporasiya belə bir qərar verdi. Onlar da düşünürlər ki, ehtiyac olduğu qədər Azərbaycana "Samsung” məhsullarını gətirəcəklər. Lakin belə bir nümayəndəliyinin saxlanılmasına və əlavə vəsaitlərin xərclənməsin ehtiyac yoxdur. Bu nümayəndəliyin bağlanması "Samsung” məhsullarının Azərbaycana gətirilməsində və satışında heç bir məhdudiyyət yaratmayacaq. Şirkət hesab edib ki, bu nümayəndəliyin bağlanması nəticəsində itirilən gəlirlər, onun saxlanması xərclərindən çox olmayacaq”.

R.Həsənovun sözlərinə görə, bir çox brend məhsulların yerli nümayəndəliklərinin Azərbaycanı tərk etməsi prosesi bu ilin əvvəllərindən başlayıb: "İndi də proses davam edir. Çünki əvvəllər böyük neft pulları fonunda ölkədə ciddi istehlak qabiliyyəti formalaşmışdı. Hazırda isə, əks proses gedir. Ona görə də, brend şirkətlərin Azərbaycanı tərk etməsi təbii haldır. Eyni zamanda da məyusedicidir. Çünki bu şirkətlər ölkəni tərk edirsə, deməli, həmin şirkətin mütəxəssisləri qarşıdakı illərdə ölkədə iqtisadi vəziyyətin normala dönəcəyini proqnozlaşdırmırlar”.

İqtisadçı ekspert deyir ki, sonrakı dövrdə də biz qeyri-ərzaq sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı nümayəndəliklərinin ləğv edilməsi hallarının şahidi olacağıq: "Əsasən, qeyri-ərzaq təyinatlı şirkətlərin Azərbaycanı tərk etməsi tendensiyası hazırda aktualdır. Çünki əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda bu kateqoriyalı məhsullara tələbat azalıb. Hazırda Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti orta və aşağı səviyyəli məhsulların qiymətlərinə münasibdir. Bu da brend şirkətlərin Azərbaycanı tərk etməsinə gətirib çıxaracaq”.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.