Hacıqabulda səfərbərlik sistemi niyə düyünə düşüb? - İDDİA

10-06-2016, 12:54           
Hacıqabulda səfərbərlik sistemi niyə düyünə düşüb? - İDDİA
Qəzetimizin ötən saylarında orduya çağırış mövzunda dərc etdiyimiz yazılarda biz dəfələrlə belə bir fikri səsləndirmişik ki, bu gün orumuzun yüksək döyüş qabiliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyan heç də bütün qurumların işi barədə müsbət fikirləri səsləndirmək olmur. O cümlədən cəmiyyətdə formalaşmış ictimai rəy Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) fəaliyyətindən çoxsaylı narazılıqlardan xəbər verir. Xidmətin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır. Belə ki, şöbənin fəaliyyətində müşahidə olunan çoxsaylı nöqsanlar barədə bizimdovr.az-a açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır. İddia olunur ki, Xidmətin Hacıqabul rayon şöbəsində hərbi xidmətə göndərilən əsgərin qeydiyyatında, məqsədyönlü şəkildə, müəyyən süni problemlər yaradılır. Açıqlamalarda vurğulanır ki, şöbədə rüşvətxorluq və anarxiya baş alıb gedir.
Məhz bu səbəbdən də, redaksiyamıza edilən müraciətlərdə Hərbi Prokurorluq, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən Xidmətin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı tələblər irəli sürülürdü. Dünən redaksiyamıza daxil olmuş son məlumatlarda isə, bu kimi tələblərin nəhayət ki, Səfərbərlik Xidmətinin rəhbərliyinin diqqətini cəlb etdiyi bildirilir. Mənbə göstərir ki, bu günlərdə Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun göstərişi ilə Hacıqabul Rayon Şöbəsində yoxlamalara başlanmışdır.
Qeyd edək ki, mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz, Nurlan Abbasova qarşı səsləndirilən ittihamların təsdiqi olaraq, redaksiyamıza təqdim olunmuş bir neçə hərbi biletin qeydlərini diqqət mərkəzinə çəkmişdik. Belə ki, şöbədə tüğyan edən “saxtalaşdırılmış hərbi bilet biznesi” haqda iddiaları əsaslandırmaq üçün biz Səlyan rayonu, Rəncbər kənd sakini Hüseynov Faid Etibar oğlunun, Qazi-Məmməd şəhər sakinləri Kərimov Həsənəli Eldar oğlunun, Dadaşzadə Emin Elman oğlunun, Məhərrəmov Faiq Vadər oğlunun, Salmanov Emil Əlimusa oğlunun və Qanıyev Əhməd Nizami oğlunun, II Paşalı kənd sakinləri Əmrahov İbadulla Əmrah oğlunun və Ələkbərov Camal Əkbər oğlunun, Qarasu kənd sakinləri Azadov Xəzər Mətləb oğlunun və Azadlı Vasif Sahəddin oğlunun adına verilmiş hərbi biletləri göstərmişdik.
Bu gün artıq şöbədə yoxlamaların aparıldığını nəzərə alaraq, daha bir neçə hərbi bileti təqdim etmək istəyirik. Bunlar Səlyan rayonu, Rəncbər kənd sakini Şıxməmmədov Minar Xandadaş oğlunun, Kürdəmir rayonu, Axtaçı kənd sakini Vəliyev Rüfət Telman oğlunun və Şirvan şəhər sakini Bayramov Elvin Əliqismət oğlunun adlarına verilmiş hərbi biletlərdir. Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsində yoxlama aparan komissiya, tərəfimizdən təqdim olunan hərbi biletlərin mənşəyi barədə də ətraflı araşdırma aparacaqdır.

Yeri gəlmişkən, redaksiyamıza açıqlama verən mənbə, yoxlama sonucu nəticəsində Hacıqabul Rayon Şöbəsinin rəisi Nurlan Abbasovun həbs olunmaq ehtimalının da yüksək olduğunu vurğulayır.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
“Bizim Dövr”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.