Keçmiş deputatla ATV arasında “Sitatın sonu” qalmaqalı böyüyür
10-06-2016, 21:12
Etibar Hüseynovdan yeni suçlamalar; "Gedib rayonlarda reketçilik edə bilirlər, amma açıqlama vermirlər?!”
Sabiq millət vəkili, "Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov ATV telekanalını sosial şəbəkədəki hesabından tənqid edib. Verilişinin efirdən yığışdırılması və bunun səbəbləri barədə yazan E.Hüseynova ATV rəhbərliyindən cavab verilməyib. "Yeni Müsavat”ın bu məsələ ilə bağlı sualını cavablamayan ATV rəhbərliyi eyni zamanda E.Hüseynovun onların ünvanına dediklərinə də reaksiya verməyib.
"Yeni Müsavat”a açıqlamasında E.Hüseynov deyib ki, iki ildən çoxdur mətbuata müsahibə vermir və hər hansı yeni açıqlaması, fikri olanda da bunu sosial şəbəkədəki statusunda yazır. Müsahibimizin sözlərinə görə, ATV rəhbərliyinin bu məsələ ilə bağlı hər hansı açıqlama verməməsi doğru deyil: "Gedib sahibkarın əmlakını yoxlayırlar, reketçilik edirlər. Niyə aydınlıq gətirmirlər ki, verilişi hansı səbəbdən bağlayıblar? Niyə cavabdan yayınırlar ki? Gedib sahibkarların obyektində "revizorlar” kimi qanunsuz yoxlama aparıb burunlarını mətbəxə, ayaqyoluna soxa bilirlər, ölkənin tanınmış saytına açıqlama verə bilmirlər? Hələ utanmırlar, 70 yaşlı adama cinayət işi açdırırlar. Çıxsınlar ortaya, açıqlasınlar ki, nədən ölkə efirinin ən çox baxılan bir proqramı heç bir səbəb göstərilmədən qapadılıb? İzahat versinlər. Onsuz da indi nə qədər gizlənsələr də, sentyabrda məcburən də olsa məhkəməyə gələcəklər”.
Müsahibimiz deyib ki, məhkəmədə mübarizəsini aparacaq. Çünki verilişin açılmasını tələb edir: "Bu, prinsip məsələsidir. Mən ölkənin tanınmış jurnalistiyəm, millət vəkili olmuşam. Verilişi bağlayanda adama bir məlumat verər, izahatını cavablayarlar”.
"Yeni Müsavat” xatırladır ki, sabiq deputat ATV-nin "Yoxlama” verilişini tənqid etməsinin "Sitatın sonu”nun bağlanması ilə əlaqəli olduğunu sosial şəbəkədəki statusunda etiraf edib: "Bəli, verilişimin bağlanmasının bu məsələdə tutduğum mövqeyə aidiyyəti var, özü də birbaşa. Çünki ATV-də mənə qarşı sözün əsl mənasında əclaflıq edilib. Həyatımın bəlkə də ən böyük pisliyini onlardan görmüşəm. Bunun da nəticəsində 7 aydır ki, işsizəm. Son illərin ən sıxıntılı, əsəb və depressiya dolu günlərini yaşayıram. Və bunun da əvəzini çıxmağa çalışacam. Nəyin bahasına olursa, olsun”.
E.Hüseynov bu məsələni ictimailəşdirməyi sentyabr ayı üçün nəzərdə tutsa da, tezləşdirdiyini deyib:"2013-cü ilin prezident seçkilərindən bir qədər sonra (dekabr ayının sonlarında) rəhbərliyin icazəsi ilə "Sitatın sonu”nu saxlayıb məzuniyyətə çıxdım. Yanvarın sonuna yaxın verilişi bərpa etmək istəyəndə rejissor proqramın rəhbərlik tərəfindən dayandırıldığını söylədi. Səbəbini soruşmaq üçün aşağıdan yuxarıya kimə telefon açdımsa, heç kəs dəstəyi qaldırmadı, hamı gizləndi. Bu proses təxminən bir həftə davam elədi. Sonunda məsələ ictimailəşdi. Və saytlarda bu barədə informasiya gedər-getməz həmən o "yağlı əppəyə çevrilib, göyə çəkilən” rəhbərlik nümayəndələri o dəqiqə zəng edib riyakarcasına üzrxahlıq etdilər, əməllərinə min bir don geyindirdilər və s. Nə isə... "Başina gələn- başmaqçı olar” deyiblər. Ona görə də 2015-ci ilin dekabrında ("Sitatın sonu”nun yubiley - 1000-ci sayını hazırlayıb) növbəti dəfə məzuniyyətə çıxanda ATV rəhbərliyindən dönə-dönə "yanvarda verilişin bərpasında yenə də problem yaşanmayacaq ki” deyə soruşdum. Mənə "heç bir problem yoxdu” deyib and-aman etdilər. Amma... Amma yenə də "2013 ssenarisi” təkrarlandı. Və üstəgəl, artıq millət vəkili də deyildim deyə, bu dəfə qorxacaqları, çəkinəcəkləri bir səbəb də yoxu idi.
Bu, artıq 7 aydır ki, davam edir. Yəqin ki, hamını "bəs səbəb nədir” sualı maraqlandırır. Səbəb bir və çox sadədir: "Sitatın sonu”na ayırdıqları həftəlik 5-6 dəqiqəlik "Prime time”da da reklam yerləşdirib para qazanmaq. Heç bir qazanc gətirməyən bir ictimai-siyasi proqram onların nəyinə lazımdır ki? Və təbii ki, hər iki cəbhədə yaxşı olmaq, bir əldə iki qarpız tutmaq, bir güllə ilə iki dovşan vurmaq, nə şiş yansın, nə kabab və s. tipli dərininə getmək istəmədiyim bir sıra məqamlar...”
E.Hüseynov eyni zamanda yazıb ki, dəfələrlə kəskin ictimai qınaq, o cümlədən MTRŞ-nın qərarı ilə bağlı ATV-nin bir çox verilişləri dayandırılıb. Amma heç bir ay keçməmiş həmin aparıcının təqdimatında başqa adla efirə qayıdıb. Səbəb isə bəllidir: "Dünən sosial şəbəkələrdə (təbii ki, rəhbərliyin tapşırığı ilə) bəzi ATV-çilər yazır ki, guya "Sitatın sonu” reytinq yığa bilmirdi, ona görə bağlanıb. Həmişə olduğu kimi faktlarla danışacam. "Sitatın sonu” efirdə olduğu 13 il (1000 buraxılış) ərzində TV məkanda ən baxımlı proqramlardan biri olub. Bircə dəfə də olsun nə məhkəməyə verilib, nə də MTRŞ-na şikayət olunub. Son ildəki nəticələri diqqətinizə çatdırıram. Heç bir sponsoru, reklamı olmadan, həftəlik, 3-5 dəqiqəlik efirlə, artıq 2015-in aprel ayında proqram daha 4 pillə yüksələrək, ATV kimi reytinqli kanalda 6-cı yerdə qərar tutmuşdu. Arxada kimləri qoymadıq ki... Və bu irəliləyiş də aybaay təzələnirdi. Amma nə faydası?.. ATV-yə sponsor və para gətirən proqram lazım idi, reytinqli yox”.
Sabiq deputat sonda onu da bildirib ki, nikbindir: "Amma nikbinəm. Sentyabrda məhkəmə yoluyla da olsa proqramın bərpasına nail olmağa çalışacam. Çünki "Sitatın sonu” mənim üçün doğmadır, əzizdir. Bu veriliş həyatımın bir parçasıdır. Onu canım və qanım bahasına ərsəyə gətirib, populyarlaşdırmışam. Və hansısa şoubazların nəfsinə qurban vermək fikrində deyiləm. Sonunda (variant olmasa ) özüm çəkib, özüm də yayımlayacağam (Youtube və sosial şəbəkələr vasitəsi ilə olsa belə). Sitatın sonu...”
Mövzunu davam etdirəcəyik.