Rayonda meyvə çürüyür: - Bakıda isə gilas 8 manata satılır

19-06-2023, 18:49           
Rayonda meyvə çürüyür: -
Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının bol olduğu bir fəsildir.

Paytaxt bazarlarında vətəndaşlar istənilən məhsula rast gəlsə də, burada qiymətlər o qədər də ürəkaçan deyil. Hətta bu gün Bakının bəzi ərazilərində kilosu 7-8 manata olan gilasa da rast gəlmək mümkündür.

Son günlər isə sosial şəbəkələrdə də yetişdirdiyi məhsuldan gəlir götürə bilməyən fermerin öz məhsulunu atması ilə bağlı video yayılıb.

Bundan başqa İmişli sakini olan, bağçılıqla məşğul olan fermerlər də bol məhsul yetişməsinə baxmayaraq, qiymətlərin ucuz olduğunu bildiriblər.

Həmçinin fermerlər qeyd edib ki, “bol məhsulla rayonun bazarını tam təmin edirik, məhsulun digər hissəsi isə qalır. Çünki xarici bazara çıxışımız yoxdur. Yaxşı olar ki, xarici bazara çıxışımız olsun. Gilas qəbulu, yaxud ondan şirələr hazırlanması məntəqəsi olsun ki, biz də məhsulumuzu həmin məntəqələrə təhvil verə bilək”.

Görünən odur ki, imkansız ailələr paytaxtda bahalı məhsulları ala bilmir, bölgələrdə isə əksinə, çox ucuz qiymətə başa gəldiyi üçün fermerlər məhsulunu təhvil verəcək bir müəssisə tapmır.

Ölkədə mövcud bahalıq yerli məhsul istehsalının az olması ilə əlaqələndirilirsə, bu gün fermerin yerlərdə məhsulunu çıxaracağı bazar tapmamasını nə ilə izah etmək olar?

TEREF.AZ-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, fərdi qaydada hansısa bir fermerin məhsulu bir il bol ola bilər və onu əvvəlki qaydada bazara çıxarmaq ona sərf etməz:

“Kənd Təəsrrüfatı Nazirliyi (KTN) ölkədə emal müəssisəsi yaratmaq imkanına malik deyil. Nazirlik öz üzərinə düşən öhdəlikləri yerinə yetirməldir. Təəssüf ki, bu öhdəlikləri də yerinə yetirə bilmir. Fermerin böyük bazarlara çıxış imkanları genişləndirilməlidir.

Ümumiyyətlə, bu mərhələli şəkildə həyata keçirilməlidir. Birinci növbədə ölkənin bütün böyük şəhərlərində fermerlərə şərait yaradılmalıdır ki, gətirib məhsulu orada satsın. Bu gün Bakıda gilasın kiloqramı 3-4 manatdır.

Fermer nəyə görə məhsulunu Bakıya gətirmir? Ona görə gətirmir ki, Bakıda məhsul əlində qalacaq, xarab olacaq, yaxud kənddə satdığından da aşağı qiymətə başa gələcək. Bu problemi aradan qaldırmaq lazımdır. Görüntü xatirinə ayda-ildə bir dəfə “Kənddən şəhərə” yarmarkası keçirirlər, oradakılar da Bakının digər bazarlarından gətirdikləri alverçilər olur".

Emal müəssisələrinin yardılmasına gəlincə, həmsöhbətimizin fikrincə, bu, aşağıdan yuxarıya təşəbbüs olmalıdır:

"Fermerləri o qədər dəstəkləməliyik ki, onların özlərinin emal müəssisəsi yaratmaq təşəbbüsü olsun. Fermerlər yaradılan imkanlardan istifadə edib, kapital yığmalı, bir hissəsini özü qoymalı, digər hissəsini də dövlətdən kredit şəkildə almalıdır, belə bir müəssisə yaratmaq təşəbbüsündə olmalıdır.

Təəssüf ki, bu gün nə o fermerlərin içərisində emal müəssisəsi quracaq, onun 20 faizini ödəyəcək qədər kapitalı olan fermer yoxdur. KTN-in güzəştli kredit verən müvafiq qurumlarından da kredit almaq asan məsələ deyil.

Sıravi fermer pulu olsa da, bunu edə bilməz. Yəni bu imkanları yaratmaq lazımdır ki, fermerlərin ilk növbədə imkanları genişlənsin. Biz fermerə hektara 300-500 manat pul veririk, ona da qadağa qoyuruq ki, həmin pulu müəyyən etdiyimiz şirkətlərdən gübrə, toxum al.

Əslində bu, vəsaitləri fermer sərbəst şəkildə istifadə edilməlidir və ehtiyac qədər olmalıdır. Bu gün kənd təsərrüfatı ilə məşğul olan fermerin gəlir qayğısı olmamalıdır. Onun qarşısında duran məsələ ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etmək olmalıdır. Digər mənfəətini onlar yüksək səviyyədə inkişaf etmiş formaya gəlib çıxana qədər hökumət verməlidir.

Məsələn, İsrailin kənd təsərrüfatına diqqət etsək görərik ki, 30 il bundan öncə o ölkənin fermerləri də Azərbaycan fermerlərinin vəziyyətində idi. Sadəcə olaraq, hökumət dəstək verdi, hazırda isə İsrailin dövlət büdcəsinin 20 faizini kənd təsərrüfatı məhsullarından əldə edilən gəlirlər təşkil edir.

Ölkədə bu sahənin inkişafına birtərəfli deyil, kompleks yanaşmaq lazımdır. Bir tərəfdən emal müəssisələri yaradılmalıdır, bazara çıxışlar genişlənməlidir, məhsulun fermerin əlində qalıb ucuzlaşmaması üçün bazarın idarəedilməsi öhdəliyini hökumət öz üzərinə götürməlidir.

Məsələn, hökumət müəyyənləşdirməlidir ki, bu il İmişlidə gilas və ərik istehsalı 2 dəfədən çox artıb. Ona görə o məhsulu hökumət alıb başqa bir bölgəyə, yaxud da xarici ölkəyə ixrac etməlidir ki, fermer bu il ziyana düşüb gələn il artıq gilas və ərik ağacını kəsmək fikrinə düşməsin.

Kənd təsərrüfatı elə spesifik sahədir ki, burada hökumətin idarəetməsi və dəstəyi kompleks şəkildə olmalıdır. Təəssüf ki, hələ bunu görə bilmirik, bunun da bəzi səbəbləri var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.