İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 15:50

ABŞ mətbuatının yazdığına görə, İran İsrailin öz nüvə və hərbi obyektlərinə bu qədər tez hücum edəcəyini qabaqcadan görə bilməzdi.
İsrailin həyata keçirdiyi hücumda İran İnqilabı Keşikçiləri Korpusunun Hava və Kosmos Diviziyasının komandiri Əmir Əli Hacızadə və yüksək rütbəli hərbçilərin Tehrandakı hərbi bazada fövqəladə iclas zamanı həlak olduğu iddia edilib.
Musavat.com xəbər verir ki, “The New York Times” (NYT) İran liderlərinin bazar günü Omanda keçirilməsi planlaşdırılan nüvə müzakirələri ərəfəsində İsrailin hücuma keçməyəcəyini düşündüyünü yazıb. Xarici media bunu "İranın səhvi" kimi xarakterizə edir.
Belə ki, İran danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin mümkün hücumunun yalnız bir həftədən sonra baş verəcəyini proqnozlaşdırmışdı. Bununla belə, rəsmilər “böyük bir səhv hesablama” etdiklərini etiraf ediblər. İsrailin hücum xəbərdarlığını “təbliğat” kimi qiymətləndirən İran liderləri bu xəbərin onlara nüvə danışıqlarında güzəştə getmələri üçün təzyiq göstərmək üçün yayıldığını düşünür və ehtiyat tədbirlərinə məhəl qoymurlar.
NYT-nin əldə etdiyi şəxsi mesajlarda bəzi İran rəsmilərinin qəzəblə: “Bizim hava hücumundan müdafiə sistemimiz haradadır?” deyə soruşduğu görülüb. Digər mesajda qeyd edilib: "İsrail bizim kritik hədəflərimizi bu qədər asanlıqla necə vura bilər?"
Bildirilib ki, hücum gecəsi yüksək rütbəli komandirlər təhlükəsiz evlər əvəzinə öz evlərində olublar, Hacızadə və komandası “bir yerə toplaşmamaq” göstərişinə məhəl qoymayaraq Tehrandakı hərbi bazada toplantı keçirib. Nəticədə Hacızadə və digər yüksək vəzifəli şəxslər İsrailin bazaya etdiyi hücumda həyatını itirib.
İran Ticarət Nazirliyinin Enerji Komitəsinin üzvü Həmid Hüseyni bəyan edib ki, İsrailin hücumu rəhbərliyi hazır vəziyyətə salıb və xüsusilə yüksək səviyyəli komandirlərin, həmçinin nüvə alimlərinin öldürülməsi böyük şok yaradıb.
"İsrailin bizim təhlükəsizlik və hərbi strukturlarımıza sızdığı aydındır. Hava hücumundan müdafiə sistemimizin olmaması və kritik bölgələrimizin asanlıqla bombalanması əsas zəifliklərdir" - Hüseyni deyib.
Xatırladaq ki, İsrail hücumlarda İran daxilində partlayıcı PUA bazasını da işə saldığını açıqlamışdı.
NYT-nin məlumatına görə, dünən səhər İranın Milli Təhlükəsizlik Şurasında keçirilən iclasda dini lider Ayətullah Əli Xameneinin qisas tələb etdiyi, lakin tələsik hərəkətlərdən qaçınmaq lazım olduğu bildirilib. Görüşdə cavab tədbirinin vaxtı və üsulu ilə bağlı fikir ayrılığı olub.
Bir səlahiyyətli xəbərdarlıq edib ki, İsrail İranın infrastrukturuna, su və ya elektrik stansiyalarına hücum edərsə, bu, ictimai etirazlara səbəb ola bilər.
Qeyd edək ki, İranın İsrailin hücumuna cavab olaraq əks-hücumlara başlaması ilə qarşıdurmalar davam edir.