Ağır seçimlərin olacağı, daha çox abituriyentin kəsiləcəyi ixtisas qrupları- PROQNOZ

Dünən, 10:34           
Ağır seçimlərin olacağı, daha çox abituriyentin kəsiləcəyi ixtisas qrupları- PROQNOZ
İki gün öncə II və III ixtisas qrupları üzrə I cəhd blok imtahanlarının nəticələri açıqlandı. Nəticələr bir çoxlarında məyusluq, böyük əksəriyyətində isə xəyal qırıqlığına səbəb oldu. Artıq ikinci ildir ki, buraxılış imtahanlarındakı yumşalmanı müşahidə edən abituriyentlərin bir neçə ay əvvəlki (2 və 9 Mart tarixlərində) göstəriciləri eynilə ötən ildəki kimi çox yüksək olmuşdu. Maksimal bal toplayanların sayı ötənilki rekordu yeniləməsə də (53 abituriyent) müstəqillik dövrünün ikinci ən böyük nəticəsi hesab olundu-43 abituriyent. Bu minvalla qəbul prosesinin ikinci mərhələsi sayılan blok imtahanlarının bu il də mürəkkəb olacağı çox adam tərəfindən proqnoz edilirdi. Çünki eynilə ötən ildə də buraxılış imtahanlarındakı test tapşırıqları xeyli yumşaq şəkildə təqdim olunmuş və abituriyentlərin əksəriyyəti qənaətbəxş nəticə əldə etmişdilər. Lakin ötənilki blok imtahanları da buraxılış imtahanlarının tam əksinə, xeyli dərəcədə mürəkkəb təşkil olunmuş, nəticədə bütün ixtisas qrupları üzrə cəmi 2 nəfər maksimal-400 bal toplamağı bacarmışdı. Bu il də eyni aqibət gözlənilirdi. Lakin 25 may tarixində keçirilən imtahanların cavabları ictimaiyyətə elan olunduqda məlum oldu ki, vəziyyət ötənilkindən də xeyli mürəkkəbdir. Təsəvvür edin, buraxılış imtahanlarından asanlıqla 150-200 bal toplamağı bacaran bir qrup abituriyent, istər II, istərsə də III ixtisas qrupları üzrə I cəhd blok imtahanlarından 100, hətta 50 baldan aşağı nəticə ilə kifayətlənməli olub. Doğrudur, bu uğursuz göstəricilərinə görə biz onları tamamilə günahsız hesab etmirik, hər halda, öz üzərində sistemli və planlı şəkildə hazırlaşan abituriyent ən azından 100 balın üzərində nəticə göstərməyə borclu idi. Lakin bu statistik göstəricilərin az qala, kütləvi hal alması vəziyyətin qəlizliyindən xəbər verir. Doğrudan da təqdim olunan test tapşırıqlarının qəlizliyini bir çox abituriyentlərin göstərdikləri nəticələr bir daha sübut etmiş olur. Məsələn, cəmi bir neçə ay öncə buraxılış imtahanlarından 150 bal toplayan bir abituriyent, blokda cəmi 40 baldan bir az çox göstəriciyə “nail olursa” burada həm də sual tapşırıqlarının da qəlizliyini vurğulamaq lazımdır. Çünki iki aylıq fərqlə bir şəxsin bilik səviyyəsi arasında 50, bəzən də 60-70%-lik fərq başqa cür sadəcə mümkün də deyil.

****

Hazırda bütün diqqətlər ikinci cəhd blok imtahanlarına yönəlib. I cəhdə iştirak edənlərin böyük əksəriyyəti, az qala hamısı II şans imtahanlarında da biliklərini sınayacaqlar. Bu yerdə vacib bir detala toxunmaq istərdik: bəzən, sosial şəbəkələrdə, hətta media resurslarında belə bir yanaşmanın şahidi oluruq: DİM I cəhd blok imtahanlarını ona görə lazımından artıq dərəcədə qəlizləşdirdi ki, abituriyentlər zəif nəticələrdən sonra məcburən II cəhddə də iştirak etsinlər və nəticədə kommersiya maraqları daha yaxşı təmin olunsun. Subyektiv olaraq bildirim ki, bu cür iddia və iradla qətiyyən razı deyiləm. Dövlət İmtahan Mərkəzi uzun illərdir ki, ölkə çapında şəffaf və peşəkar imtahan təşkili ilə məşğul olan və dünya çapında bir neçə nüfuzlu sertifikata da sahiblənən qurumdur. Müəssisənin texniki və təşkilati imkanları, peşəkar kadr potensialı ilə də bağlı heç bir problemi yoxdur. Yəni, bu göstəricilər DİM-in məhz testologiyanın prinsipləri əsasında test tapşırıqlarını hazırlamasına yetəri qədər bəs edir. Sadəcə, DİM-in hazırladığı test tapşırıqları hələlik yalnız kağız üzərində olan və məktəblərimizə hələ də gəlib çatmayan kurikulumun məzmun standartları əsasında tərtib edilir. Yəni, hazırlanmasına hazırlanır, bəs, məktəblərdə tədris həmin standartlar əsasındamı aparılır?! Təəssüf ki, cavab- “xeyr”dir. Təmayül seçimlərə əsaslanan lisey və gimnaziyaları, illik təhsil haqqı həddindən artıq yüksək olan özəl məktəb və liseyləri çıxmaqla standart məktəblərimiz bu məzmun xətlərinin sərhədlərinə belə yaxınlaşmayıb. Repetitorluq da məhz uşaqları ödənişli hazırlıq əsasında həmin xəttə yaxınlaşdıran bir proses kimi bu qədər irəliləyə bildi.

*****

İndi hamını bir sual düşündürür: ikinci cəhd blok imtahanları necə olacaq? Oradakı test tapşırıqlarının da çətinlik dərəcəsi eynilə birinci cəhddə olduğu kimi olacaqmı? Proqnozumuza əsasən, bu sualın da cavabı “xeyr”dir. Çünki birinci cəhddəki nəticələrin həddindən artıq aşağı olması artıq həyəcan təbilinin çalınmasına şərait yaradır. Eyni nəticə ikinci cəhddə də təkrarlandığı halda biz ixtisas seçimləri zamanı plan yerləri ilə bağlı ciddi xaosun şahidi ola bilərik. Söhbətin bu yerində ixtisas qrupları üzrə ötən illə bu ilin bəzi kəmiyyət göstəricilərinə diqqət yetirək:

İxtisas qrupları üzrə imtahanlarda iştirak edənlərin statistikası (2025-ci ildə)

I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.

İxtisas qrupları üzrə imtahanlarda iştirak edənlər (2024-cü il)

I ixtisas qrupu: 30150 nəfər;
II ixtisas qrupu: 23957 nəfər;
III ixtisas qrupu: 25146 nəfər;
IV ixtisas qrupu: 5929 nəfər.

Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

Bu illə ötən il arasında ixtisas qrupları üzrə kəmiyyət (artım) fərqi:

I ixtisas qrupu üzrə: 987 nəfər;
II ixtisas qrupu üzrə: 2000 nəfər;
III ixtisas qrupu üzrə: 3124 nəfər;
IV ixtisas qrupu üzrə: 593 nəfər.

Göründüyü kimi, xeyli artımın olduğu ixtisas qruplarındakı zəif nəticələr ixtisas seçimi ərəfəsində müəyyən xaosun, keçid ballarındakı gözlənilməz fərqlərin yaranmasına səbəb ola bilər. O səbəbdən də blok imtahanlarının ikinci cəhdinin birincisi ilə müqayisədə nisbətən asan keçəcəyini gözləyə bilərik. Əks halda, bu il ötən ilə nisbətən 5000 fərqlə artan 60 minlik plan yerləri ilə bağlı ciddi uyğunsuzluqların şahidi ola bilərik.

*****

Bu yerdə bir məsələyə də xüsusi diqqət etmək lazımdır. Fikir verdikcə, ötən illə bu il arasında ən çox 2 və 3-cü ixtisas qruplarında kəmiyyət fərqi vardır. III ixtisas qrupunda TC alt qrupunun da olması, coğrafiya fənnindən ayrıca imtahan verərək regionşünaslıq və beynəlxalq münasibətlərlə bağlı bir çox ixtisaslara seçim imkanlarının olması buradakı kəmiyyət balansının qorunmasını, say artımının mövcudluğunu legitimləşdirir. Yəni, III ixtisas qrupu ilə bağlı rəqabətlilik ötən illə müqayisədə cüzi səviyyədə arta bilsə də, bu, çox güman, qabardıcı səviyyədə olmayacaqdır. Lakin II ixtisas qrupu ilə bağlı eyni fikirdə qala bilmirik. Çünki bu iki ixtisas qrupu arasındakı fərq cəmi 1189-dur. Bu il bəlkə də ilk dəfə olaraq hər zaman stabilliyi ilə seçilən II ixtisas qrupunda rəqabətlilik daha da arta, bir çox ixtisaslarla bağlı keçid balları yüksələ bilər. Çünki bu ixtisas qrupuna aid olan ixtisasların böyük əksəriyyəti iqtisadiyyat profillidirlər. Ötən il müxtəlif universitetlərdə (başda UNEC olmaqla) bu ixtisaslara ayrılan plan yerləri kifayət qədər çox idi. İstər marketinq, istər menecment, istərsə iqtisadiyyat, yaxud, biznesin idarəedilməsi, beynəlxalq iqtisadiyyat ixtisasları üzrə ayrılan plan yerləri kəmiyyət çoxluğuna görə fərqlənirdi. Bu il o ixtisaslar üzrə əlavə plan yerlərinin artmasına ehtimal o qədər də çox deyil. Belə olan halda həm adıçəkilən, həm də II ixtisas qrupu üzrə adıçəkilməyən digər ixtisaslarda keçid ballarının artmasının şahidi ola bilərik.
Ən stabil qrup isə hər zaman olduğu kimi IV ixtisas qrupu olacaqdır. Xüsusən də bu ildən etibarən Qarabağ Universitetində tibb ixtisasına qəbulun aparılması, Azərbaycan Tibb Universiteti uğrunda yaranan rəqabətliliyi nisbətən yumşalda biləcəkdir. I ixtisas qrupu ilə bağlı isə vəziyyət tamam başqa və fərqli müstəvidə cərəyan edəcək. Bu ixtisas qrupu ilə növbəti yazıda geniş təhlil aparacağıq.(ardı var)

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.