“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”

Dünən, 10:33           
 “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
“Bir xeyli müddətdir üzləşdiyim və canımı boğaza yığan bir problem barədə yazıram. O həddə çatmışam ki, az qala intihar edəcəm”.

Tribunainfo.az xəbər verir ki, bunu jurnalist Fikrət Fəraməzoğlu özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, həyat yoldaşının səhhətində bir neçə il əvvəl ciddi bir problem üzə çıxıb. “Elə bir problem ki, tam 5 ildir ailəlikcə mübarizə aparırıq.Təbii ki, maddi imkanlarım o qədər deyildi ki, belə uzun sürən və həyati əhəmiyyət daşıyan problemi aradan qaldıram. Ona görə də, əməliyyat xərclərini qarşılamaq üçün məcbur olub evimi girov qoyaraq, kredit götürməli oldum”.
Jurnalist bildirib ki, birinci mərhələdə götürdüyü krediti bir təhər bağlayıb. “Lakin yoldaşımın əməliyyatı üçün (indiyə qədər 4 dəfə əməliyyat keçirib, hələ qarşıda daha bir ağır proses var) yenidən kredit götürmək məcburiyyətində qaldım”.
Fəraməzoğlu bildirib ki, “Muğan Bank”dan götürdüyü kreditin bir hissəsini ödəsə də, müəyyən gecikmə yaranıb. “Amma mümkün qədər əlimə düşən qədərini ödəyirdim ki, problem yaranmasın. Belə ki, 25 min manat kreditin 11 min manatını ödədikdən sonra yaranan yubanmaları aradan qaldırmaq üçün banka baş vurdum. Mənə uzun hesab-kitabdan sonra 28 min 200 manat ödəməli olduğumu bildirdilər. Üstəlik, ödədiyim 11 min manatın 7 manatını faizlərə çıxdıqlarını bildirdilər. Bu azmış kimi, gecikmə səbəbini “əsas gətirib” faizləri 46 faizlə hesablayıblar. Onların məntiqi ilə mən “Muğan Bank”a 25 min manatın müqabilində 39 min manat ödəməliyəm”.
Jurnalist banka təkliflər də edib. “Bir neçə vaxtdır banka təklif edirəm ki, həmin 46 faiz məsələsini ləğv etsinlər. Bu oratalama 6-7 min manat az vəsait deməkdir ki, onu da hissə-hissə ödəyim. Lakin heç bir şəkildə qəbul etmirlər”.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində 25 min manata görə, 39 min pul geri qaytarılması qaydası yoxdur. “Bağlanmış bir bankın öz ağlıyla istədiyi faiz dərəcəsi müəyyən etməsi kimi bir qaydada mövcud deyil. Bunu sələmçilər belə etmirlər”.
Jurnalist onu da qeyd edib ki, bir tərəfdən, həyat yoldaşının sağalması üçün xərcləri qarşılamalı (ki, kiçik məbləğ tələb etmir), digər tərəfdən bu xərcləri qarşılamaq üçün lomabrdan götürdüyü pulu geri ödəməlidir. “Əlimdəki 5-10 qram qızılı lombardlara qoyub, götürməkdən artıq bezmişəm. İndi isə nə edəcəyimi bilmirəm. Kimə şikayət edim, kimə deyim? Məgər şikayət edilsə belə, hər hansı tədbir görüləcəkmi?”
Fikrət Fəraməzoğlu sonda yazıb ki, problemin aradan qalxmasına yardımçı ola biləcək qurum və şəxslərin müdaxiləsini istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.