Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
Bu gün, 00:14
Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb. TEREF "Unikal"a istinadla xəbər verir ki, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər. Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib və boğulmağa başlayıb. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb. Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verib. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir. Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.