Gülənin Azərbaycana uzanan ƏLİ - Aqil Ələsgər danışır
16-08-2016, 16:35
Son günlər Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı təmsilçilərilə bağlı yeni faktlar gündəmə gəlib. Mediada yayılan məlumatlara görə, Əli Kərimlinin başçılıq etdiyi qurumda ayrı-ayrı şəxslərin Gülən şəbəkəsilə əlaqələri var. Bununla bağlı fikirlərini jurnalist, “Terrorun Gülən üzü” kitabının müəllifi Aqil Ələsgər AzVision.az ilə paylaşıb.
- Təssüf ki, FETÖ təhlükəsi hələ də qalır və yenə oxşar hadisəyə cəhd ediləcəyi gözləniləndir. İsrail, ABŞ və Avropada aparılan analizlər Türk ordusu içərisində şəbəkələşmənin olduğunu aşkara çıxarmışdı və bu şəbəkənin ləğv edilməməsi üçün addımların atacağı gözlənilirdi. Əhməd Davudoğlunun istefaya göndərilməsindən sonra Türkiyənin xarici siyasətindəki köklü dəyişikliklər hadisələri tezləşdirdi. Çünki, avqust ayında orduda təmizlənmə olacaqdı. Ona görə də bu təmizləmədən öncə belə bir hadisə baş verdi.
- Gülənçilərin Azərbaycandakı adamlarından danışan zaman adətən vaxtilə hökumət orqanlarında təmsil olunan müəyyən qrup insanların adları çəkilir. Müxalifət haqqında heç kim danışmırdı. Amma indi məhz müxalifətlə bağlı yeni faktlar ortaya çıxır…
- Azərbaycanda iqtidarda da, müxalifətdə də Gülənin müridləri, ona simpatiya bəsləyənlər olub. Onların çoxu nüfuz agentləridir. CİA-nin əsas təbliğat metodlarından biri nüfuz agentlərindən istifadə etməkdir - necə ki, Türkiyədə Hakan Şükür və başqalarından istifadə edirdilər.
Gülən şəbəkəsi Azərbaycana 1989-cu ilin sonları, 1990-cı illərin əvvəllərində Naxçıvan və Gürcüstan istiqamətlərindən gəlib. O dönəmdə siyasətdə olan əksər şəxslərlə əlaqələr yaratmağa başladılar. Gülənçilən ən çox təşkilatlandığı dönəmlərdən biri AXC iqtidarı dövrü idi. Baxmayaraq ki, Əbülfəz Elçibəyin komandasında olan Firudin Cəlilov və digərləri gülənçilərə qarşı çıxırdılar, amma onlar Türkiyə bayrağı altında, prezidentlər Turqut Özalın, Süleyman Dəmirəlin referansları ilə Azərbaycanda çox asanlıqla təşkilatlanırdılar.
Gülənçilər ABŞ siyasətinin tərkib hissəsi olduğuna görə, heç vaxt birtərəfli işləmirlər. Yəni, həm müxalifətlə, həm də iqtidarla əlaqələr qurmağa çalışırlar. Azərbaycanda 2003-cü ilin prezident seçkiləri zamanı gülənçilərin neytral qaldığı deyilsə də, həmin dönəmdə onların böyük şirkətlərlərinin Etibar Məmmədov-Əli Kərimli blokuna dəstək verdiklərinə dair ciddi faktlar var.
Bu günlərdə Türkiyə mətbuatında yayılan bir xəbərə diqqət çəkmək istəyirəm. 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində Azərbaycan FETÖ-nun buradakı məktəblərini bağlamaq istəyirdi. Amma, Türkiyədən bu məsələyə müdaxilə olunduğu üçün, məsələ qaldı. Həmin dövrdə haqlarında çox yüksək rəy olan Gülən məktəblərini Azərbaycan nədən birdən-birə bağlamaq istəmişdi? Çünki, 2005-ci ildə Azərbaycanda çevriliş planı hazırlananda FETÖ-çular Rəsul Quliyev, Əli Kərimli, Fərhad Əliyev qruplaşmasına gizli dəstək vermişdilər. Gülən məktəblərinə gedib-gəlməkdən yorulmayan Rino Harniş də onlarla bir nöqtəyə vururdu. Sadəcə, həmin dönəmdə Türkiyə ilə münasibətləri pozmamaq üçün məsələ ləngidilir. Xarici işlər naziri Abdullah Gülün şəxsən Azərbaycan gəlişi isə Gülən məktəblərini xilas edir. Bu məqam “Wikileaks”də yayımlanan sənədlərdə də əksini tapıb.
2014-cü ildə Gülən məktəblərinin bağlanması məsələsi gündəmə çıxanda Azərbaycanda iki müxalif lider – Rəsul Quliyev ABŞ-dan, Əli Kərimli isə buradan həmin məsələyə qarşı çıxdı. O zaman da Əli Kərimliyə yaxın olan “facebook” səhifələri, media orqanları onları ciddi şəkildə müdafiə etməyə başlamışdı. Suyu ən çox bulandıran isə “Azadlıq” qəzetidir.
- Əli Kərimlinin ətrafı adətən şiə yönümlü, İran meyilli kütləyə işləməyə çalışır. Gülənçilər isə sünniliyi təbliğ edirlər. Bu, ziddiyət deyilmi?
- Hər ikisinin “üst ağlı”, yəni yuxarıdan, pərdənin arxasından idarə edənlər eyni olduqdan sonra, bu, problem deyil. İdarə edən qüvvə birinə şiə, birinə sünni, birinə vəhabi, birinə ateist rolu verir. Əli Kərimlinin İranla oyunları bəllidir. O, həm Abgül Süleymanov, həm Tale Bağırzadə, həm də ondan öncə digər cəfəri heyətilə işbirliyində olub. Amma hər kəsə bəllidir ki, Əli Kərimlinin arxasında ABŞ dayanır. Fətullah Gülənin arxasında da ABŞ dayanır.
Əli Kərimlinin ətrafında olanlardan özünü ən qatı şiə kimi göstərən Natiq Ədilovdur. Amma onun bir neçə il əvvəl yazdığı statuslara baxın - Fətullah Gülənə “Hoca əfəndi” deyə müraciət edirdi. Yəni, onlar üzdə şiə görünə bilərlər, ancaq arxalarındakı güc ABŞ-dır.
- Əli Kərimlinin ətrafındakı şəxslərin Türkiyə mətbuatına çıxması hansı əlaqələrdən qaynaqlanır?
- “Can Erzincan” adlı TV kanalının o qədər ciddi reytinqi olmasa da, FETÖ-nün əsas yazarları oradan mesajlar verirdilər. Ərdoğan və Türkiyə əleyhinə əsas rupor həmin kanal idi. Türkiyə hüquq-mühafizə orqanları bu kanalda gedən verilişləri təhlil edərkən aydın olub ki, 1-2 ay əvvəldən çevrilişin olacağına dair açıq şəkildə bəyanatlar veriblər. Hətta bir professor deyir ki, “albay olum və gələn ay bu millətə xeyrim dəysin”.
Türkiyədəki TV-lər içərisindən Əli Kərimlinin və Qənimət Zahidin “Can Erzincanı” seçməsi heç də təsadüfi deyildi. Həmin kanal və “Qurultay” dərgisinin baş yazarı Aydın Taş, maraqlıdır ki, həm də İranın Türkiyədəki agentləri sayılırlar. Cahid Klıç hətta “Azadlıq” qəzetinin Türkiyə yazarı adlandırılır. O, Əli Kərimlinin Türkiyədəki əsas adamlarından biridir. Bu şəxsin bütün fəaliyyətində də İran xətti açıq şəkildə özünün göstərir. Eyni zamanda Ərdoğana qarşı FETÖ-nünü söylədiklərini dilə gətirir. Burada bir konsorsium da ola bilər.
İran kəşfiyatının Fətullahla işbirliyinə gəlincə, o ilk çıxışlarında açıq şəkildə bəyan edirdi ki, İranla heç bir şəkildə barışa bilməzlər. Bu, o vaxt idi ki, ABŞ İrana ciddi şəkildə sanksiyalar tətbiq edirdi və İranı vuracağı gözlənilirdi. Amma, ABŞ-ın İranla buzları əridikdən sonra Gülənin də mövqeyi dəyişdi. Hazırda Gülənin İranda məktəblərinin açılması gündəmdədir…
- Azərbaycanda və Türkiyədə qısa zaman ərzində dövlətə qarşı uğursuz silahlı dirəniş cəhdləri oldu. Nardarandakı hadisələrə Əli Kərimli və Milli Şura ciddi dəstək verdi. Türkiyədəki çevriliş cəhdi ilə Tale Bağırzadə-Milli Şura duetinin cəhdi arasında paralellər aparmaq mümkündürmü?
- Özbəkistanda baş tutmayan dövlət çevrilişinə cəhd etmişdilər. Bu gün də həmin səbəbdən Türkiyə və Özbəkistan arasında soyuq münasibət var. Çünki, İslam Kərimova sui-qəsd planı Gülən məktəblərində hazırlanıb.
Tale Bağırzadə uzun müddət Türkiyədə qalıb. O, Türkiyədə telefonu dinlənilən şəxslərdən biri idi. Onun vasitəsilə Nardaran hadisələrinə verilən dəstək, eyni zamanda, Fuad Qəhrəmanlının simasında Əli Kərimlinin bu prosesdəki yeri çox ciddi şəkildə araşdırılmalıdır. Bu məsələ Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə aparılmalıdır. O zaman kimin nə qədər rolu olduğu açığa çıxarıla bilər.
Əgər Türkiyədə FETÖ-nün çevriliş cəhdi baş tutsaydı, növbəti hədəf Azərbaycan olacaqdı. Gülən Türkiyədən çox Azərbaycanı itirmək istəmir. Səbəb isə budur ki, Azərbaycan Gülən üçün Rusiya, Qazaxıstan, Orta Asiyaya çıxış yeridir. Ona görə də, müxtəlif şəkildə iz azdırmağa çalışırlar. Əllərinə fürsət düşər-düşməz əleyhimizə addım atmağa çalışacaqlar.