Sərhəd Xidmətində pul qalmaqalı: Zabitlər Elçin Quliyevi aldadıb jurnalistlərə “atıbmış”
17-08-2016, 08:55
Bir neçə gün bundan öncə media olaraq DSX-nin Dövlət Sərhəd Mühafizəsinin 97-ci ildönümü münasibəti ilə rəssamlar, yazıçılar, jurnalistlər, qələm adamları arasında keçirdiyi müsabiqəqdən bəhs etmişdik. “Elçin Quliyevin zabitləri jurnalistlərə “atdı” başlıqlı yazıda vurğulamışdıq ki, avqustun 12-də DSX-nın akademiyasında təntənəli mükafatlandırma mərasimi təşkil edən DSX yetkililəri qaliblərə çatan pul mükafatlarını tam ödəməyib. Hər bir mükafatçının pulundan 50-100 manat kəsən DSX-nın bu addımı qaliblər tərəfindən ciddi narazılığa səbəb olub.
Məlum problemin saytımızda işıqlandırılmasından sonra DSX bu ayıbı düzəltmək qərarına gəlib. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, şənbə günündən etbarən müsabiqə iştirakçılarına zəng edən DSX təmsilçiləri, onlardan öz şəxsiyyət vəsiqələri ilə birlikdə dövlət qurumunun “Sahil” metrosu yaxınlığındakı baş idarəsinə yaxınlaşaraq qalıq pulları götürməyi xahiş edib. DSX-da isə hər bir iştirakçının şəxsiyyət vəsiqəsinin seria və nömrəsi qeyd edilib və müsabiqə iştirakçıları kəsir pullar ödənildiyi öz imzaları ilə təsdiq edib.
Mənbənin sözlərinə görə, baş verənlər DSX-nın yüksək çinli zabitlərindən birinin özfəaliyyəti olub və Xidmət rəhbərliyinin baş verənlərdən xəbəri olmayıb. Amma “pul kəsintisi” ortaya çıxdıqdan sonra bu işə məsul olan hər kəs ciddi tnbəeh olunub. Bir sözlə, medianın məlum problemi ictimaiyyiləşdirməsi sayəsində 30-a qədər qalib öz haqqına tam olaraq sahib olub.