Dəmiryolunda məmur özbaşınalığından polisə şikayət

17-08-2016, 09:40           
Dəmiryolunda məmur özbaşınalığından polisə şikayət
“Azərbaycan Dəmiryolu” QSC-nin vaqon bələdçisi Rada Qubadova bu qurumda çalışan Əmir Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Rada Qubadova surətini “Azadlıq”a da göndərdiyi məktubunda yazır ki, Əmir Hacıyev ona normal işləməyə imkan vermir:

“Mən 6 ildir ki, dəmiryolunda bələdçi işləyirəm. Instruktor vəzifəsində işləyən Əmir Hacıyev məndən müxtəlif bəhanələrlə pul tələb edir. O, ”saatın çoxdur” deyib, məni yol reysindən saxlayır. Məcbur qalıb ona pul verirəm, o da məni işə buraxır. Onun əməllərindən cana doyub polisə ərizə yazmışam. Iş Nəsimi Rayon Prokurorluğundadır. Indi məcburiyyət qarşısında məzuniyyət götürmüşəm. Bilirəm ki, işə çıxan kimi məni işdən çıxaracaqlar.

Əmir Hacıyev 6 ildə məni dəfələrlə işdən çıxartdırıb, mən sonradan qayıtmışam. Bakı-Balakən qatarında hər dəfə yazılıb yola çıxmaq üçün 20 manat verməliyəm. Adımız bələdçidir, amma vaqonda qul kimi işləyirik. Aldığımız maaş da 250 manatdır. Əmir Hacıyevdən dəfələrlə şikayətçi olsaq da, heç bir tədbir görülmür. Bir ay öncə sərnişindaşımanın rəisi Elyar Muradova da məlumat vermişəm. Lakin şikayətimə əhəmiyyət verilmədi. Məcbur olub məsələni ictimailəşdirmək qərarına gəldim. Mənə kömək edin”.


Şikayət məktubunda yazılanlarla əlaqədar “Azərbaycan Dəmiryolu” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. Əzməmmədov bildirdi ki, bu cür məsələlər sərnişindaşıma şöbəsinin rəisi Elyar Muradovun səlahiyyətindədir.

Elyar Muradovla əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.