Sahibkar hesabına təmir edilən səkilər - Silinən pullar kimin cibinə gedir? - FOTOLAR

17-08-2016, 19:19           
Sahibkar hesabına təmir edilən səkilər - Silinən pullar kimin cibinə gedir? - FOTOLAR
Ölkəmizin şəhər, rayon və qəsəbələrində aparılan quruculuq işləri o qədər reklam olunur ki, sanki bu işləri etmək onların vəzifə borcları deyil, xeyriyyəçilik edirlər.

Bunlara göz yummaq olar, çünki nəticədə görülən işlər sakinlərə fayda verir. Amma indi məlum olub ki, işin altında iş var. Belə ki, heç demə, piyada yolları əsasən sahibkarların hesabına təmir edilir.

Dövlət büdcəsindən ayrılan pullar kiminsə cibinə gedir, işlər isə başqalarının büdcəsi hesabına görülür. Məsələn, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində bir müddət öncə təmir işləri aparılıb. Yola yeni asfalt çəkilib, piyada yollarına daş piltələr döşənib.

Asfalt örtüyünü “Azəravtoyol" ASC çəkib və işini vaxtında təhvil verib. Piyada yolunu isə Nəsimi rayon İcra Hakimiyyəti təmir edib, amma kimin hesabına?

Musavat.com saytına daxil olan məlumata görə, Hüseynbala Əliyev küçəsi 15 ünvanında bir neçə ay öncə yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib. Yeni daşların döşənməsi üçün isə yol kənarında obyekt sahibi olan şəxslərdən pul toplanıb.

Hər sahibkardan 200-300 manat arasında pul toplanıb. Onlara deyilib ki, "Sizin obyektin önüdür, pul verin". Beləcə qapı-qapı dolaşıb, pul toplayan icra nümayəndələri, yola daş piltələr döşəyiblər. Lakin yolun bir hissəsində işlər dayandırılıb. Çünki həmin yerdə olan obyekti uzun zamandır heç kim icarəyə götürmür. Bu səbəbdən "Piltə payı" verən olmayıb. Nəticədə sadəcə o hissəyə daş piltələr döşənmıyib.

Məsələdə maraqlı olan hissələr çoxdur. Misal üçün, bu təmir sahibkarlar hesabına görülürsə, sənəd üzərində maliyyə mənbəyi hansı ünvan göstərilib? Axı İcra Hakimiyyəti bu təmirin layihəsində ayrılan, xərclənən pulların miqdarını, görülən işlər barəsində məlumatları qeyd etməlidir. Həmin sənəddə "Biz xərcləri obyekt sahibləri hesabına ödədik" yazıblar?

Bəhs etdiyimiz küçədə təmir edilməyən hissələr hələ də qalır. Belə çıxır ki, obyektlər pul verənə qədər həmin hissələr təmirsiz qalacaq. İşlər tam bitmədiyi üçün yerə döşənmiş daş piltələr sökülməyə başlayıb.

Sakinlər bu durumdan narazıdırlar: "Yol gedirik. Ayağımız ilişir piltələrə, dəfələrlə yıxılan olub. Bu işi ya tam görsünlər, ya da heç görməsinlər. Camaatdan dilənçi kimi pul yığıb, iş görürlər. Dövlətin bu pullara ehtiyacı var? Bəlkə də, icra başçısı büdcədən bu təmirə ayrılmış pulları silir, özü üçün xərcləyir. Əziyyətini isə biz çəkirik".

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Amma İcra Hakimiyyətinin rəsmi saytında yazılmış (+994 12) 440-71-78 nömrəsinə dəfələrlə zəng vursaq da, ya telefon məşğul oldu, ya da dəstəyi götürən olmadı. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.