Qaçırılan nişanlı qızla bağlı polisdən açıqlama
19-08-2016, 17:51
Cəlilabadın Boyxanlı kəndində 17 yaşlı nişanlı qızın həmkəndlisi tərəfindən qaçırılmasına rayon polis idarəsi münasibət bildirib.
İdarədən AzVision.az-a verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edilib ki, qaçırıldığı deyilən qızın valideynləri tərəfindən polis idarəsinə şikayət daxil olduqdan sonra hadisəyə reaksiya verilib: “Hazırda faktla bağlı istintaq qrupu yaradılıb və iş aparılır. Hadisə yerinə də əməliyyat qrupu göndərilib. Qaçırılan qızın tapılıb ailəsinə təhvil verilməsi istiqamətində əməkdaşlarımız səylə çalışırlar. Qızın hansı şəraitdə qaçırılması aparılan araşdırmadan sonra məlum olacaq”.
Qaçırılan qızın əmisi Elşən Dadaşov isə AzVision.az-a deyib ki, hazırda polislər ərazidədirlər: “Polisə axşam məlumat vermişdik. Bu gün səhər yenə də idarədə olmuşuq. Orada bizə bildirdilər ki, iş müstəntiqə verilib. Müstəntiq isə Bakıdadır. Sabah qəbuluna gedəcəyik. Hazırda iki polis əməkdaşı evimizə gəlib”.
E.Dadaşov bildirib ki, 17 yaşlı qızın harada olması haqda polisə məlumat verilib: “Biz onlara qızın aparıldığı yer barədə məlumat verdik. Hətta telefon nömrələrini də təqdim etdik. Bizdə olan məlumata görə, qız hazırda “Köhnə Günəşli” qəsəbəsində, 55 nömrəli avtobusun son dayanacağının yaxınlığında yerləşən ünvanda, oğlanın bacısının evindədir. Ancaq, evin dəqiq ünvanını bilmirk”.
Qeyd edək ki, qaçırılan qızın atası Elşad Dadaşov polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. İşi aparan müstəntiq hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməlidir”.
Məlumat üçün bildirək ki, qaçırılan 17 yaşlı qız öz qohumu ilə nişanlıdır. Onu qaçıran şəxs isə bundan öncə iki dəfə boşanan Zaur adlı şəxsdir.