Yeni parklanma qaydaları özünü doğruldubmu ?

12-10-2024, 00:05           
Yeni parklanma qaydaları özünü doğruldubmu ?
Artıq bir ildən çoxdur ki, Bakı şəhərində yeni parklanma qaydaları tətbiq edilir. Ötən ilədək davam edən parklanma xaosu haqqında, prosesin şəffaflığı haqqında, toplanan vəsaitdən istifadənin qeyri müəyyənliyi ilə bağlı xeyli yazılar yazılmışdı.

Nəhayət hökumət ötən ildən yeni qaydalar tətbiq etdi. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğləri təsdiq edildi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri müvafiq parklanma zonalarına bölündü və nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası təsdiqləndi.

Görəsən indi durum necədir?

Görünən odur ki, bu sahədə vəziyyətin normallaşması üçün müəyyən addımlar atılıb, qeyd olunan şəhərlərdə zonalar üzrə ödənişli parklanma yerləri müəyyən edilib. Hətta deyərdim ki, zərurət olmayan yerlərə, xəstəxana və hospitalların qarşısında da ödənişli parklama yerləri müəyyən edilib.

Əlçatan ödəniş sistemləri, faydalı bir Azparking mobil tətbiqi də yaradılıb.

Maraqlıdır ki, 15 dəqiqə parklamanın pulsuz olduğu bildirilsə də, 15 dəqiqədən çox dayandıqda həmin 15 dəqiqə də ümumi parklama vaxtına daxil edilir.
Ədalət naminə demək lazımdır ki, yeni qaydalardan sonra şəhərin mərkəz hissəsində parklama yerinin tapılmasında vəziyyət müsbətə doğru dəyişib.

Lakin prosesin gedişi, yeni sistemin tətbiqinin nəticələri, aparılmış təhlillər, toplanmış vəsaitdən istifadə haqqında indiyədək AYNA heç bir hesabat verməmişdi.

Ötən günlər diqqətimi cəlb etdi ki, AYNA-nın məsul şəxsi yeni qaydaların tətbiqindən sonrakı vəziyyət haqqında hesabat xarakterli müsahibə verib.

Müsahibəyə nəzər saldım.

Yuxarıda qeyd etdiyim məqamlardan başqa ötən illərdə qaldırılan və ictimai əhəmiyyət kəsb edən sualların bir çoxuna cavab tapa bilmədim.

İctimai maraq kəsb edən məqamlardan ən əsası odur ki, nə qədər parklama yeri müəyyən olunub, yeni qaydaların tətbiqindən sonra büdcəyə nə qədər ictimai vəsait daxil olub?

Adi bir hesablama ilə müəyyən etmək olar ki, parklanmadan AYNA hər ay bir neçə milyon manat vəsait əldə edir.

Qaydalara görə bu sahədən daxil olan vəsaitlər birbaşa büdcəyə deyil, elə AYNA-nın hesabına daxil olur.

Agentlik həmin vəsaitdən həm parklama infrastrukturunun saxlanılması üçün, həm də sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün istifadə edə bilər.

Maraqlı məqam həm də odur ki, Agentlik qaydalara görə daxil olan vəsaitin 30 faizədək hissəsindən öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə edir.

Qaydalara görə AYNA daxil olan vəsaitlərlə bağlı hökumətə rüblük hesabatlar təqdim etməlidir. Təəssüf ki Qaydalarda bu hesablatların dərc edilməsi, saytda yerləşdirilməsi nəzərdə tutulmayıb. Lakin bu informasiyalar ictimai əhəmiyyət kəsb etdiyindən mövcud normalara görə açıqlanmalıdır.

AYNA isə daxil olan vəsaitlərin hansı istiqamətlər üzrə necə istifadə edilməsi haqqında indiyədək açıqlama verməyib.

Ümid edirəm AYNA bu sitiqamətdə hesabatlılığı və şəffaflığı gücləndirəcək, ictimai nəzarət imkanlarını da artıracaq.

Osman Gündüz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.