Arda Güleri kəşf edən mütəxəssis: "Modriçin yerində də oynaya bilər"
Bu gün, 17:44

"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona debüt imkanı yaradan portuqaliyalı məşqçi Vitor Pereyra türkiyəli istedad haqqında xatirələrini danışıb.
Oxu.Az "Ntvspor"a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis A.Gülerin inadkarlığını vurğulayıb.
"Əgər səhv edib topu itirərdisə, yenidən onu qazanmağa çalışar və fikirləşdiyini təkrar etməyə cəhd edərdi. O mənə "Portu"da işlədiyim illərdə bizə qoşulan 19 yaşlı Xames Rodrigesi xatırlatdı. Hər ikisi inanılmaz istedadlı oyunçulardır", - Vitor Pereyra qeyd edib.
V.Pereyra bildirib ki, A.Güler məşqini bitirəndən sonra meydançanı tərk etməz və daha bir saat sol ayağı üzərində işləməyə davam edərdi.
"Təbii ki, bu qədər yüksəksəviyyəli futbolçuları olan "Real Madrid"ə qoşulmaq asan deyil, amma o, heyətdə öz yerini qazanacaq. Mən onu həmişə daha çox "8" və ya "10" nömrə kimi görmüşəm, çünki o, xətlər arasında disbalans yaratmaq qabiliyyətinə, həm də topu idarə etmək, özünə doğru mövqe tutmaq və tapşırıqları icra etmək bacarığına malikdir. Ağıllıdır, topu götürməzdən əvvəl həll yollarını axtarır, qısa və uzun oynamağı bacarır, son ötürmələri dəqiq icra edir. Oyunu başa düşür və həmişə daha çox öyrənməyə çalışır. Təbii ki, onun Modriçin yerində oynadığını da görə bilərik", - Vitor Pereyra əlavə edib.