Boşanmadan alimenti necə almaq olar? - Vəkil açıqladı

5-12-2024, 18:38           
Boşanmadan alimenti necə almaq olar? - Vəkil açıqladı
Azərbaycanda ən çox müzakirə edilən mövzulardan biri də alimentdir.

Ölkə qanunvericiliyinə əsasən, tərəflər boşanmadan da bir-birindən aliment ala bilərlər. Lakin bunun da şərtləri var. Qanunvericilik buna imkan verirsə, boşanmadan aliment almaq istəyən şəxslər hara və necə müraciət etməlidirlər?

Mövzu ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, aliment tələb olunmasına səbəb kişi və qadın fərqi olmadan tərəflərədn birinin uşağa baxmaması, ailənin saxlanılmasında maddi tərəfdən iştirak etməməsi ilə əlaqədardır. Hüquqşünasın sözlərinə görə, uşaqlar faktiki olaraq kimin himayəsindədirsə, onun digər tərəfə qarşı aliment tələbi irəli sürməyə hüququ var:

“Qanunvericilikdə belə bir imkan var ki, şəxs nikahın ləvğinə dair müraciət etmədən, hətta bir yerdə yaşadıqları halda aliment ilə bağlı tələb irəli sürə bilər. Bəzi hallarda görürsən ki, ər-arvad bir yerdə yaşayır, lakin tərəflərdən biri ailəsinə və uşaqlarına baxmır, onların maddi ehtiyaclarını ödəmir. Belə olan halda tərəfin hüququ yaranır ki, digər tərəfə qarşı iddia qaldırsın”.

Bunun üçün prosedur qaydaları isə belədir:

“İlkin olaraq mediasiya sessiyası keçirilməlidir. Bunun üçün qarşı tərəfə mediatr təklifi göndərilir. Təklif qarşı tərəfə çatdıqdan 5 gün sonra tərəf Mediasiya Təşkilatına müraciət edir. Bundan sonra mediasiya sessiyası keçirilir.

Razılıq əldə edilmədiyi təqdirdə artıq mediasiya sessiyasının keçirilməsinin və ya davam edilməsinin mümkünsüzlüyü ilə bağlı arayış əldə olunduqdan sonra məhkəməyə müraciət olunur. Məsələyə məhkəmə baxır. İşin hallarına uyğun olaraq ya sabit pul məbləği, ya da aliment ödəməli şəxsin gəlirləri həcmində aliment məbləği müəyyən edilir. Mediasiya, yəni məhkəməyə qədər mübahisənin həlli mərhələsində şəxslər arasında razılıq əldə oluna bilər və bu. mediasiyada saziş ilə öz təsdiqini tapır.

Mediasiyada razılıq əldə olunmasa, aliment üçün müraciət edən şəxs daha çox məbləğ tələb etsə və ya aliment ödəməli olan şəxs təyin olunan məbləği ödəməkdən imtina edərsə, bu halda artıq məhkəməyə müraciət olunur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.