Keçmiş əri külli miqdarda aliment tələb edir - ŞİKAYƏT
Bu gün, 10:28

Mingəçevir sakini Tünzalə Məmmədova qaynanasının övladlarını əlindən alaraq, ABŞ-a qaçırmaq istədiyini deyir…
Mingəçevir şəhər sakini Məmmədova Tünzalə Yaşar qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
“Hörmətli Mehriban xanım!
Mən, Məmmədova Tünzalə Yaşar qızı, bir ana kimi yazıb Sizdən xahiş edirəm ki, məni, bütün mənəvi dəyərləri aşaraq, məhkəmələr və hüquq mühafizə orqanları vasitəsilə “sındırmağa” çalışan keçmiş həyat yoldaşımı və onun arxasında duran imkanlı qaynanamın şər-böhtanlarından qurtarasınız.
Məlumat üçün deyim ki, iki il bundan qabaq həyat yoldaşım boşanma ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsinə müraciət etdi. Məhkəmədə qarşılıqlı razılaşma ilə, yəni iki oğlan övladımın təhsilini Bakıda davam etdirmələri ücün "14 illik ailəli olduğum evdə" atasıyla və keçmiş qaynanamla birgə yaşamaları şərtilə boşandıq. Hətta məhkəmədə qaynanam dilindən yazılı izahat verdi ki, mən gəlinimdən aliment tələbi etməyəcəm.
Dəyərli Mehriban xanım!
Onu da deyim ki, həyat yoldaşım Ənvər anadan olandan psixoloji problemi olduğu üçün əlillik dərəcəsi alıb. Və psixoloji problemli olduğundan, o, hər zaman anasının təsiri altında olub. Biz boşansaq da, uşaqlarıma görə keçmiş ailəmlə əlaqələrimi davam etdirmişəm. Sənədlə ayrılsaq da, mənim cehizlərim və bütün geyimlərim qeydiyatda olduğum ər evində qalıb. Uşaqlarım bayram və tətillərdə gəlib bizdə qalır, dərs açılanda isə məktəbə gedirdilər.
Sonradan qaynanamın uşaqlarımı təhsildən uzaqlaşdırdığını, onların tərbiyəsini pozduğunu görüb, etiraz etdim və uşaqlarımı geri istədim. Bu zaman keçmiş qaynanam mənimlə prinsip apararaq, aliment tələbiylə Mingəcevir Şəhər Məhkəməsində iddia qaldırdı. O, müəyyən maddiyyat qarşılığında uşağı mənim əlimdən alıb, özümə də 300 AZN aliment kəsdirdi.
Qeyd edim ki, heç bir yerdə işləmirəm, ali təhsilim yoxdur.
Məhkəmə yanvar ayının sonunda qərar versə də, iki ay sonra, yəni mart ayında ünvanım və telefon nömrəm bəlli olduğu halda, Mingəcevir məhkəmə icraçısı icradan yayınmaq adıyla məni DİN-nin xüsusi axtarışına verib. Guya, 3 ay ərzində yığılıb qalan 1500 manat alimenti ödəməkdən yayınmışam və buna görə məni İnzibati Xətalar Məcəlləsi ilə Mingəcevir Şəhər Məhkəməsində həbs etdirmək lazımdır.
Təhsilim olmadığından, hüquqlarımı bilmədiyimdən qaynanam Qasımova Lalə İbrahim qızı məndən qisas almaq məqsədilə aliment tələbini irəli sürür. Çünki adam cox böyük imkan sahibidir. Bakının ən bahalı mərkəzi küçəsində - Xətai rayonu, Nobel prospektində qiyməti yüzminlərlə ölçülən iki evi, hətta ABŞ-da biznesi belə var.
Onu da qeyd edim ki, mən deyilen evlərin birində (Xətai rayonu, Nobel prospekti 3, mənzil 30-da) qeydiyatda olsam da, qanunsuzluq edərək - MKİS-ə rüşvət verərək, xəbərim olmadan o evdən qeydiyyatdan cıxarılmışam.
Qaynanam Lalə Qasımova ildə iki dəfə Amerikaya gedir, ordan dollarla sosial yardım alır. Məndən xəbərsiz 2 oğlan övladıma da ABŞ-da sığınacaq almaq üçün sənədlər düzəldib, onları ölkədən qaçırmaq istəyir.
Bütün bu haqsızlıqlarla yetinməyən qaynanam məndən yenə də əl çəkmir. Alimenti ödəməkdən yayınmaq adıyla məni 08.04.2025-ci il tarixində Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin əməkdaşı Babayev Orxan Azad oğlunun əliylə həbs etdirməyə cəhd etdi. Lakin Mingəcevir məhkəməsinin hakimi mənə qarşı qurulan oyunları görüb, həbs qərarı vermədi. Buna əsəbləşən qarşı tərəf haram yolla qazandığı puldan verərək, icraçının əli ilə məhkəmədə məni həbs etdirmək istəyirlər.
Sonda onu da qeyd edim ki, mən 03.04.2025 tarixdə, saat 11:15-də Xətai Rayon Məhkəməsinə 2(011)-2668/2025 saylı iş üzrə iddiaçı qismində müraciət etmişəm. Martın 4-də işə baxılıb, hazırda uşaq tələbiylə olan məhkəmə prosesim davam edir.
Hörmətli Mehriban xanım!
İllərdir Sizin qadınların hüquqlarının qorunması, onlara yüksək dəyər verilməsi istiqamətində fəaliyyət göstərdiyinizi görərək, Sizə sığınır, hüquqlarımın qorunması üçün kömək istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.