Əgər bölgələrimizdə xəstəxanalar varsa... - Ağır xəstələr niyə Bakıya GƏTİRİLİR?

16-04-2025, 11:42           
 Əgər bölgələrimizdə xəstəxanalar varsa... - Ağır xəstələr niyə Bakıya GƏTİRİLİR?
Bölgələrdə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində gözləntilər hələ də özünü tam doğrultmur. Regionlarda həkim çatışmazlığı, tibbi avadanlıqların yetməzliyi ciddi problemlər yaradır. Yol qəzalarında yaralananlar, zəhərlənib durumu ağırlaşanlar, hətta qrip kimi viruslardan belə səhhəti kritik olanların hamısı müalicə, əməliyyat üçün paytaxta göndərilir. Üstəlik tez-tez region xəstəxanalarından ölüm xəbərlərinin gəlməsi ictimaiyyətdə qorxu yaradıb.

Təbii ki, bu hal, həmin xəstələrin vaxtında gərəkli və keyfiyyətli tibbi yardım ala bilməməsinə, həm də paytaxtdakı səhiyyə müəssisələrinin yüklənməsinə səbəb olur.

Bölgələrdə tibbi infrastrukturun gücləndirilməsi, ixtisaslı kadr çatışmazlığının azaldılması, texniki təminatın yaxşılaşdırılması hər gün bir az daha ciddi zərurətə çevrilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, sözügedən məsələ xeyli vaxtdır ki, diqqət mərkəzindədir:

“Bu məsələ Milli Məclisin Səhiyyə Komitəsinin iclaslarında dəfələrlə qaldırılıb. Həm də komitəni təmsil edən deputatlar tərəfindən başqa iclaslarda da müzakirə olunub. Müvafiq icra hakimiyyəti orqanları, əsasən də TƏBİB-in tabeliyində olan müəssisələrlə məsələnin həlli yolları müzakirə olunub və bir neçə təklif irəli sürülüb”.

Millət vəkili bildirib ki, bu vəziyyətin bir neçə səbəbi var:

“Birincisi, tibb universitetini bitirmiş şəxslərin rezidenturanı xarici ölkələrdə keçməsidir.

Ümumiyyətlə, bütün dünyada həkimə ehtiyac çox olduğuna görə, rezidentura təhsili üçün gedənlər bəzən uyğun şərtlər olanda həmin ölkədə qalıb həkimlik fəaliyyəti ilə məşğul olurlar. Bu da istər-istəməz sonrakı müddət ərzində həkim sayının azalmasına gətirib çıxarır.

İkinci səbəb odur ki, həkimlər özəl sektorda işləməyə üstünlük verirlər. Özəl sektor müəssisələri də daha çox Bakıda və Abşeron yarımadasında cəmləşib. Həm əhalinin sayı, həm də pasiyentlərin müraciəti ərazilərdə daha çoxdur, ona görə də həkimlərimiz özəl sektorda işləməyə üstünlük verirlər.

Üçüncü səbəb isə sovet dövründən işləyən insanların artıq pensiya yaşına çatması və öz istəklərinə görə işdən ayrılmalarıdır. Bu da həkim azlığının yaranmasına daha bir səbəbdir”.

Deputat qeyd edib ki, problemin bir neçə həll yolu var:

“Rezidenturanı burda bitirən və bölgələrə gedən həkimlərə maddi stimul vermək və daha çox şərait yaratmaq lazımdır. İkincisi adminstrativ metoddur, rezidenturanı bitirən şəxslərin qarşısına bölgələrdə işləmək şərti qoyulsun. Düzü, mən bunun effekt verəcəyinə o qədər də inanmıram. Bu metodlarla müəyyən keçici nəticə əldə etmək olar, amma həmin problem sonra yenidən fərqli formada cəmiyyətin və dövlətin qarşısına çıxacaq. Ona görə də mən birinci metoda üstünlük verilməsinin tərəfdarıyam.

Tibbi avadanlıq məsələsinə gəlincə, burada səhiyyə planlaması çox önəmlidir. TƏBİB-in tabeliyində olan müəssisələrin, regionlardakı publik hüquqi şəxslərin rəhbərləri o planlamanı doğru etməlidir. Çünki icbari tibbi sığorta üçün kifayət qədər büdcə var və onun təbiqindən sonra - son iki il ərzində vəsait və təminat baxımından maddi artım kifayət qədər yüksəkdir. TƏBİB də tabeliyindəki müəssisələrə yetərli qədər vəsait ayırır. Ona görə də bölgələr üçün hansı tibbi avadanlıq vacibdirsə, o yöndə planlanma doğru aparılmalıdır.

Regionlardakı müəssisələr publik hüquqi şəxs olduğuna görə, onlar planlanmanı elə aparmalıdırlar ki, burda başqa suallara yer qalmasın”.

Müşfiq Məmmədli gənclərin tibb təhsili üçün Azərbaycandan kənara getməmələri üçün də addımlar atıldığını deyib:

“Tədris Terapevtik Klinika Tibb Universitetinindir, bunu bilirsiniz. O cümlədən, Tədris Cərrahiyyə Klinikasına da artıq icbari tibbi sığorta ilə birbaşa müraciətlər həyata keçirilir. Bir də Bakı Sağlamlıq Mərkəzi də Seçenov Universitetinin filialının tələbələri üçün baza müəssisəsi rolunu oynayır.

Burda da xəstələrin birbaşa müraciəti üçün bütün maneələr aradan qaldırılıb. Vətəndaşlar icbari tibbi sığorta ilə heç yerə müraciət etmədən birbaşa həmin klinikalara üz tuta bilir. Bu da artıq müraciətlərin sayını artırır. Üstəlik də, həmin klinikalar ən müasir avadanlıqla təchiz olunub”.

Deputat bildirib ki, bütün bunlarla yanaşı, Qarabağ Universitetində tibb fakultəsinin olması da çox önəmlidir:

“Onun bazasında Qarabağ və ətraf bölgədə yaşayanların müalicə-müayinələri həyata keçiriləcək. Eləcə də, elmi araşdırmanın aparılması üçün də mühit olacaq. Hazırda orda böyük işlər görülür, kafedralar qurulur, bu da həmin addımlardan biridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.