Bankların soyğunçuluğu ölkədə bahalıq yaradır –

17-04-2025, 16:18           
Bankların soyğunçuluğu ölkədə bahalıq yaradır –
“Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir: “POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu zaman bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz”.

İqtisadçı xatırladır ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. “Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadədə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət döviyyəsi isə 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar”, - deputat vurğulayıb.

V.Bayramov qeyd edir ki, bu böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Onun sözlərinə görə, nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Ekspert əlavə edib ki, bu yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.

İqtisadçı hesab edir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var: “Avropada İnterçeync çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-də Durbin Qanunu ilə debet kartların interçeync haqları məhdudlaşdırılıb: $0.21 + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir”.

Millət vəkili vurğulayır ki, Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından bu banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur: “Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi daxili İnterçeync sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar”.

İqtisadçı hesab edir ki, bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər.

Rasim Əliyev

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.