Aynur Camalqızından təklif: - “Ucqar ərazilərə…”
18-07-2017, 18:11

Təklif edərdim ki, qəzetlərin bölgələrə, kəndlərə, ucqar ərazilərə daşınmasına texniki yardım göstərilsin.
Axar.az xəbər verir ki, bu fikirlərlə “Teleqraf Holdinq” media qrupunun baş direktoru Aynur Camalqızı bu gün Bakıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
A.Camalqızı qeyd edib ki, qəzetlərin ucqar bölgələrə daşınması üçün işlər görülməlidir:
“Burada kifayət qədər maraqlı müzakirələr getdi. Mən də bu müzakirələrə əsasən bir təklif irəli sürmək istəyirəm. Bu təklifimi son dövrlər kitab, qəzet oxuyanların sayının azalması, orta statistik azərbaycanlının mütaliəyə bir qədər həvəssiz yanaşmasını nəzərə alaraq səsləndirirəm. Nəzərə almalıyıq ki, mətbuatın əsas missiyalarından biri də maarifçilikdir. Bu sahədə mətbuatımız kifayət qədər tədbirlər görür. Ancaq bu bəzən kifayət etmir. Təklif edərdim ki, qəzetlərin bölgələrə, kəndlərə, ucqar ərazilərə daşınmasına texniki yardım göstərilsin. Komitənin buna dəstək verəcəyinə inanıram. Bu təklifim redaktorların da ürəyincə olacağına ümid edirəm”.
A.Camalqızı Dövlət Komitəsi ilə baş redaktorların görüş təklifini müsbət qarşıladığını bildirib: “Bu görüşdə Təhsil Nazirliyinin nümayəndələrinin iştirakını vacib sayıram. Savadsız insanın müxtəlif qrupların təsirinə düşməsi daha asandır. Hesab edirəm ki, Təhsil Nazirliyinin nümayəndələri bu görüşdə iştirak etsələr, daha müsbət nəticələr əldə olunar”.