İranmeyilli saytlar səudiyyəli din adamının adından daha bir saxta “fətva” yaydılar – Bu tipli dezinformasiyaların alt planında nə gizlənir? MÖVQE
31-07-2017, 13:59

Səudiyyə Ərəbistanının din alimlərindən olan professor, doktor Nasir əl Ömərin adından “fətva” yayılıb.
Avropa.info xəbər verir ki, bəzi İranmeyilli kiçik saytlar Nasir əl Ömərin guya Suriyada döyüşən hərbçilərə öz bacıları ilə evlənməsini “halal” görməsi ilə bağlı məlumat yayıblar.
İranmeyilli saytlar din adamının adından yayılan açıqlamanı “əlvüsal vəhabi” adlı xəbər portalına istinad ediblər. Lakin araşdırma nəticəsində belə bir xəbər portalının olmadığı üzə çıxıb. Ərəbdilli “vusal.fm” saytı var ki, bu sayt da əsasən tibbi problemlərdən yazır. Bununla yanaşı ərəbdilli, arxasında “vəhabi” sözü olmayan “Əlvüsal” telekanalı mövcuddur. Lakin, bu telekanalda da Nasir əl Ömərin belə bir açıqlaması yoxdur.
Din adamının adından yayılan açıqlamada xüsusi olaraq “sünni-şiə” vurğusunun edilməsi də diqqətdən qaçmır. Guya Nasir əl Ömər “açıqlamasında” şiələrə qarşı döyüşməyə çağırış edib. Hansıkı din adamının müsahibə verdiyi iddia olunan adda sayt yoxdur. Nasir əl Ömərin tvitter səhifəsini və saytını araşdıranda da bu tipli çağırışlara rast gəlinmir. Eyni zamanda Səudiyyə Ərəbistanında fətvaları ölkənin müftisi Abduləziz Ali Şeyxin rəhbərlik etdiyi qurum verir. Yeri gəlmişkən bu vaxtadən onun adına da çoxlu sayda “fətva”lar istinad edilsə də, sonradan bu fətvaların yalan olduğu üzə çıxıb.
Avropa.info hesab edir ki, bu tipli xəbərlərin yayılmasının arxasında ölkəmizdə məzhəb qarşıdurması yaratmaq istəyən qüvvələr durur. Xüsusən də bu tipli yalan xəbərlərdə “sünni-şiə” faktorunun qabardılması düşünməyə əsas verir. Azərbaycanda 100 illərlə şiələrlə sünnilər normal şəkildə, heç bir qarşıdurma filan olmadan, qohumluq əlaqələri içində yaşayıblar. Ölkəmizdə böyük bir nemət olan sabitlik mövcuddur. Bu tipli saxta xəbərlər isə günlərlə müzakirə olunacaq və qarşıdurma simptromları yaratmağa hesablanmış dezinformasiyalardır.