Nazir təyinatı təkzib olunan polis general-mayoru kimdir?
23-08-2017, 10:25

Bir neçə gün əvvəl polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyinatı haqda məlumat yayılmışdı. Az keçmədi ki, həmin məlumat rəsmi qaydada təkzib olundu. Buna baxmayaraq, R.Abbasovun personasına diqqət artıb. Qeyd edək ki, Naxçıvan rəhbərliyindəki mənbəyə istinadən yayılan məlumatda Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunduğu bildirilsə də, Azərbaycan DİN bu məlumatı rəsmi şəkildə təkzib etdi.
Kimdir R.Abbasov?
Polis general-mayoru R.Abbasov hazırda Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edir. Bundan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirib. 1979-1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləyib. 1996-2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001-2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002-2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004-2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin noyabrından Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsini tutub. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 28 dekabr 2007-ci ildə isə polis general-mayoru xüsusi rütbəsi verilib. Ailəlidir, iki övladı var.