Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”na məxsus inzibati binadan çıxarılacaq
24-07-2015, 22:30
Onlara veriləcək məbləğ açıqlandı.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun tikintisinə mane olan məqamlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin balansına məxsus olan inzibati binada məcburi köçkünlərin yerləşməsi ilə bağlıdır.
Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, məcburi köçkünlərin inzibati binadan çıxarılması üçün hər ailəyə 30 min manat vəsait ayrılacaq:
“Artıq Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılıb. Hər ailəyə təxminən 30 min manat vəsaitin ayrılması nəzərdə tutulub”-deyə, N.Əzməmmədov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan məbləğ məcburi köçkünlərin hesablarına köçürüləcək.
Bundan başqa, o vurğulayıb ki, planlaşdırılır ki, yaxın günlərdə onların köçürülməsi işi həyata keçirilsin.
“QSC orda yenidənqurma rabitə işləri həyata keçirməlidir” – deyə, o əlavə edib.