Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

2-05-2024, 12:54           
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar
Bakının Nərimanov rayonunda ağacların kütləvi kəsilməsi barədə şikayət var.

Məlumatı "Tribunainfo.az" yayıb.

Bildirilir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb.

Bu həmin ərəfədə baş verir ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Həmin sənədə görə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Bundan başqa, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 2024-cü ilin noyabrında Bakıda keçiriləcək. Amma Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar ekoloji problemlər yaratmaqda davam edirlər.

Məlumatda bildirilir ki, artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq "ekoloji genosid”ə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb.

Tikinti şirkətindən bildirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb.

Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib.

"Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər "COP 29” ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır", - deyə məlumatda vurğulanır.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.