Təkliflər ard-arda gəldi – Zelenski Bakıya gəlir, Azərbaycan isə…
3-05-2024, 00:02
Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ukrayna və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Alyona Kondratyuk xarici işlər naziri Ceyhun Bayramovla görüşdə söyləyib ki, Kiyev Azərbaycanı planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.
Azərbaycanın Ukraynanın bərpasına dair foruma qatılması doğru qərardır. Dövlətlər arasında dəstək qarşılıqlıdır. Məsələn, Prezident İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək iqlim dəyişikliyi ilə bağlı COP29 konfransına dəvət edib. Zelenskinin bu tədbirə qatılacağını zənn edirəm. Bu, Zelenski üçün növbəti tribuna ola bilər. Ukrayna da Azərbaycanın sülh forumuna qatılmasını istəyib və Bakıdan müsbət cavab alıb”.
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz:
“Birincisi, Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmalı deyilik. Rusiyanın Azərbaycana təzyiq alətləri qalmayıb, separatizmə son qoymuşuq, Rusiya hərbi kontingenti ərazimizi tam tərk etmək üzrədir. Rusiyanın Ukrayna müharibəsi fonunda dost və tərəfdaş itirdiyi dövrdə Azərbaycanla tərəfdaşlığı davam etdirməsinə ehtiyacı var. Buna görə də Azərbaycanın Ukrayna ilə bağlı foruma qatılacağına görə Kreml ölkəmizlə əməkdaşlıqdan imtina etməyəcək.
İkincisi, Azərbaycan sülh forumunda iştirak etsə də, toplantıda ölkəmizə aid mövzuların müzakirəsində iştirak edəcək. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardımı davam etdirəcək. Bu, Kiyev üçün kifayətdir. Elə Bakıda Ceyhun Bayramovla görüşən Kondratyuk da sammitdə iştirak edəcək Azərbaycan üçün mövzuları dəqiq sıralayıb. Bunlar enerji təhlükəsizliyi və ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Bunlar Azərbaycan üçün də əhəmiyyətli mövzulardır”.