Gündə bir qaçqın özünü yandıracağı ilə hədələyir. Nə bilim nə baş verib”
28-07-2015, 15:30
Bu gün “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibovun sol tərəfi yanıb.
Bu barədə virtualaz.org saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov bildirib.
Ş.Məmmədovun sözlərinə görə, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb: “Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hələlik heç kimlə danışmaq istəmir. Lakin həyat yoldaşı hadisə ilə bağlı məlumat verib. Qadının sözlərinə görə, onlar kirayədə yaşayıblar. İmkansızlıqdan “Qaçqınkom”a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək yandırıb. Biz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik”.
“Qaçqınkom”un Sabunçu rayon şöbəsindən isə virtualaz.org saytına deyiblər ki, “Qaçqınkom”un nümayəndəsi Akif Rufullayev Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət edilib: “Akif Rufullayev icra hakimiyyətində iclasdadır. Gələndən sonra özü məlumat verə bilər. Amma saytlar yalan yazıb, heç kim özünü yandırmayıb. Jurnalistlərdir də...”
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məxsus telefonlara cavab verən şəxs də hadisə haqqında məlumatsız olduğunu dedi: “Mətbuat xidmətinin əməkdaşları işdə yoxdur. Mən də başqa şöbədə çalışıram. Sizin suallarınızı cavablandıra bilmərik”.
Komitəyə məxsus digər telefonları cavablandıran şəxs isə “Gündə bir qaçqın özünü yandıracağı ilə hədələyir. Nə bilim nə baş verib”-deyə cavab verdi.