TÜRKLƏR və HİNDULAR

20-09-2024, 12:44           
TÜRKLƏR və HİNDULAR
Keçən əsrin 60-80-ci illərində - uşaqlıq və ilkin gənclik dövrümüzdə hər gün kənd klubunda filmlər göstərilirdi. Biz ən çox hindulardan bəhs edən filmlərə maraq göstərirdik. Onların geyimləri, dağlarda və meşələrdəki çılğın hərəkətləri, iplərlə ağacdan-ağaca sıçramaları, döyüş alətlərindən – oxdan, nizədən və baltalardan ustalıqla istifadə etmələri, döyüş vaxtı çıxardıqları qəribə səslər bizi çox cəlb edirdi. Onlara məftun olurduq. Döyüş səhnələri olan digər filmlərə də baxardıq, amma onlar hindulardan bəhs edən filmlər qədər xoşumuza gəlməzdi.
Hələ C.Kuperin (C.Feniomer Kuper) və başqalarının hindulardan bəhs edən kitablarını oxumaq üçün kənd kitabxanasının qabağında günlərlə növbə gözləməyi, kitabxanaçı Gülmayəni bezdirməyi demirəm.
Hətta uşaqlarla oynayarkən hinduların filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz hərəkətlərini yamsılayardıq. Üz-gözümüzü rənglərlə boyayıb, özümüzü qaz lələkləri ilə bəzəyər, köhnə pal-paltarları cıraraq hindular kimi geyinər, onların rəqslərini ifa etməyə çalışardıq. Çinqaçuk, Şahingöz, Unkas kimi bağıraraq tut bağındakı ağaclardan özümüz asdığımız kəndirlərlə bu budaqdan o budağa atlanar, bir-birimizə yeşik taxtalarından “düzəldilmiş” yalançı nizələr, oxlar və baltalar atar, üzbəüz “döyüşə” başlayardıq. Gah da “Ləpirçi” olub, gizlənmiş uşaqların (guya düşmənlərin) izini axtarardıq. Və bu oyunları oynamaqdan heç yorulmazdıq.
Böyüdükcə, yaşlandıqca, oxuduqca, öyrəndikcə başa düşdüm ki, bunlar sadəcə bir uşaq marağı deyilmiş. Onları bizə doğmalaşdıran həm də gen qohumluğu imiş.
Sizə gülməli gəlir, eləmi? Düşündüklərim mənə də əvvəl elə gəlirdi. Amma olub-bitənləri daha dərindən öyrəndikcə özüm-özümü qınamağa başladım. Çünki faktlar da mən düşündüyümü təsdiq edirdi.
İcazənizlə, sizə bir az hinduların rəvayətlərə dönmüş tarixi barədə bildiklərimdən danışım. Zənn edirəm ki, bezməyəcək, axıra kimi oxuyacaqsınız. Amma bəri başdan deyim ki, mən özümdən yeni bir Amerika açmayacam. Fikirlərim və mülahizələrim ancaq oxuyub bildiklərimə, eşitdiklərimə və apardığım həvəskar tədqiqatlarımın nəticələrinə əsaslanacaq.
Deməli, Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə, müasir hindular bu qitəyə 20-25 min əvvəl “Berinq körpüsü” vasitəsilə gəliblər. Adıçəkilən ərazi vaxtilə Amerika və Asiya arasında geniş bir dəhliz imiş. 12 min il əvvəl bu dəhliz yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya isə uzun bir zaman ərzində davam edib. Miqrasiya edənlərin ən sonuncusu da XIII əsrdə Çingiz xanın zülmündən Alyaskaya qaçan türk uyğur tayfaları olmuşlar. Eramızdan əvvəl 1500-cü illərə aid və Göytürk əlifbası ilə yazılmış Saka Bəyinin hekayəsindən bəhs edən daş lövhə də həmin köçləri sübut edir. Türk soylu tayfaların gedib Amerikaya yayılması barədə orada yaşayan hinduların folkloru da aşkar məlumatlar təqdim edir.
Çıxış nöqtələri qədim türklərin məskəni – Sibirin Altay bölgəsi olub. N.Vitsen adlı bir alim hələ XVIII əsrdə Niderlandda çap olunmuş kitabında hinduları birbaşa Sibir və ya Altaydan gələn tatarlar adlandırmışdı. Amerikalı və rus antropoloqların araşdırmaları da Amerika qitəsinin ilk sakinlərinin genetik beşiyinin Sibirin cənubundakı Altay bölgəsi olduğunu üzə çıxarıb.
İndiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşanda avropalıların bu qitə barədə məlumatları belə yox idi. X.Kolumb isə heç anadan olmamışdı. Yeri gəlmişkən yada salım ki, Amerika qitəsinə köç etmiş türk tayfalarının “hindu” adlanması elə bu yolunu azmış Xristoforun əməli olub. Hindistana var-dövlət dalı ilə gedən bu bu adam səhvən gəlib Amerikaya çıxmışdı (XVI əsrdə). Buranı Hindistan bilmiş və yerli əhalini də “indeyets” - “hindli” adlandırmışdı. Biz isə onları hindlilərdən ayırmaq, fərqləndirmək üçün “hindu” deyirik.
Bəli, hindular türk əsillidirlər!
Bəlkə də, inanmayacaqsınız, bu fikri absurd hesab edəcəksiniz. Bilirəm, hər bir qəti hökm təkzib olunmaz sübutlara əsaslanmalıdır. Narahat olmayın, belə sübutlar var! Həm də çoxdur.
Belə ki, ortada DNA testlərinin nəticələri var, bu gün dünyanın əksər alimləri müasir hinduların türk kökənli olduğunu irəli sürür. Dil və dini inançlarda oxşarlıq mövcuddur. Türklər ilə Amerika qitəsində yaşayan keçmiş Maya-Astek-Olmek sivilizasiyaları arasında simvollarla başlayan bənzərlik aydın görünür. Türklərlə hindular arasında əfsanələrin bənzərliyi, mifologiyalarda, totemlərdə oxşarlıq qeydə alınıb. Şaman inancı ilə hindu inancı, demək olar ki, eynidir. Geyim ornamentlərində, xalça, kilim, oyma kimi əl işlərindəki naxışlarda eynilik, adət-ənənələrdə də bir çox bənzərlik var. Sübutların sayını daha da artırmaq olar. Amma, bizcə, bəsdir.
Bu göstərilənləri isbat etmək üçün o qədər konkret faktlar var ki. Onların hamısı barədə söz açmaq çox yorucu olar. Ona görə də bəziləri haqqında qısaca yazmaq istərdim.
Başlayaq elə DNA testlərindən. Genetik tədqiqatlar uzaq keçmişdə hinduların və Altay xalqlarının ümumi əcdadının olmasını inkaredilməz dəlillərlə sübut edib.
Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Hindu qəbiləsinin rəisi və “Amerika Yerli Sakinləri Sosial İşlər” idarəsinin müdiri M. Franklin Kil hindular ilə türklərin DNA testlərinin eyni olduğunu, bundan başqa “Y” xromosomunun sadəcə türklərlə hindularda olduğunu söyləyir.
Rusiya Elmlər Akademiyasının genetika institutu və ABŞ-ın Pensilvaniya universitetinin genetiklərinin elmi tədqiqatına əsasən, Şimali Amerika hinduları ilə Altay və Qafqaz türkləri qohumdur. Onların ümumi əcdadları 15-20 min il əvvəl yaşayıb. Məşhur Maya mədəniyyətinin nümayəndələrinin geninin analizi də sübut edib ki, hindular Sibir etnosu ilə qohumdur. Hinduların əslən haradan gəldiyini 40 ildir araşdıran Ethel Stuart da sənədlərlə onların türk soyundan olduğunu sübut edib. Yəqin siz də qəbul edərsiniz ki, bunlar gen qohumluğunu təsdiq edən və təkzibi mümkün olmayan ən mühüm faktlardır.
Hindu və türk dilllərinin kök və mənşə yaxınlığını isə ikinci ən mühüm faktor hesab edirik. Əlbəttə, 15-20 min il bundan qabaq dil ailəsi, vahid türk dili mövcud deyildi. Hər tayfanın öz dili vardı. Vahid hindu dili də olmayıb. Amerika qitəsində yüzlərlə hindu tayfaları (qəbilələri) olub, hamısı da öz dillərində danışıb. Amma bir çox söz və ifadələr əksər tayfalar üçün səciyyəvi idi. Bunlar da hindu və türk dillərinin kök və mənşə yaxınlığına sübutdur. Məsələn, vakan-xan, kan-qan, ike-iki, yaşel-yaşıl, kuç-güc, çab-çap(maq), çalan-ilan, akk-ağ, bilim-elm, yaklel-yandırmaq, kok-göy, misi-pişik, tata-ata, ina-ana, caqla-saqqal, akan-ağa, mi-mən, ooş-aş, kapsun-dişləmək, yu-su, aşköz-yemək, uçarsu-şəlalə, yatki-yataq otağı, musssigi-qarğıdalı, hu-salam, çak-şimşək, tamazkal-hamam, kün-gün, tup-dib və s. Bu gün ən mühüm Amerika hindu tayfalarından biri olan Sioux (Su) tayfasının dilində hələ də yaşayan İna (Ana) və Ate (Ata) sözləri mövcuddur. İndi də hindu dini toplantılarında, Baş Şaman dua edərkən “Ey Yer Ana…” və “…Ey Göy Ata…” kimi İna və Ate sözlərini açıq-saçıq dediyinin şahidi olmaq mümkündür. Arizona ştatındakı “Havasu” məskəninin mənası da türk dilində olduğu kimi hava və su deməkdir. Miçiqan Universitetinin professoru T.Kocaoğlu da yerli amerikalılarla türklər arasında böyük oxşarlıqlar olduğunu, bunun xüsusilə qrammatikada və bir çox sözlərin oxşar olmasında özünü göstərdiyini deyir. Həm də bunların hər ikisinin dili iltisaqidir.
H.Məmmədli “Əli bəy Hüseynzadənin tədqiqatlarında türk mənşəli Amerika hinduları” məqaləsində yazır: “Amerika qitəsində yaşayan və dilinin lüğət tərkibində çoxlu türk sözləri olan yerli qızıldərili qəbilələr haqqında məlumat türk oxucusuna və türk cəmiyyətinə demək olar ki, ilk dəfə məhz Əli bəy Hüseynzadə tərəfindən çatdırılıb. O, “Kristofor Kolumbmu, yoxsa türklərmi?!” məqaləsində yazır ki, Meksikanın dil alimləri bu ölkənin ərazisində yaşayan bəzi hindu qəbilələrinin türkcə danışdıqlarını aşkara çıxarıblar. Şübhələrinin nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün həmin alimlər ticarət məqəsdilə Meksika şəhərində yaşayan istanbullu bir tacirə özləri ilə bərabər türkcə danışan qəbilələrin yanına getməsini təklif ediblər: “Rus taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkcəyə müşabeh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsilə kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkcə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əfkar eyləmişdir”.
Amerikaya gələn ingilis C.Cosselin Londona döndükdən sonra 1672-ci ildə çap etdirdiyi “Yeni İngiltərənin nadir yönləri” adlı kitabında yazır ki, hindular türk dilində danışan “tatar”ları xatırladırlar. Tədqiqatçı Y.İ.Tsarenko keçua (mayya qrupuna daxildir) tayfasının dilinin altay dil ailəsinə xas qrammatik qaydaları olduğunu etiraf edib. B.Ferrario adlı uruqvaylı professor da keçua dilinin türk, altay dillərilə qohumluğunun mümkünlüyünü qeyd edir.
1967-ci ildə İsveçin “Ethnos” dərgisində Upsal universitetinin şərqşünası vaxtilə Türkiyədə də olmuş Stiq Vikavder “Mayya dil qrupunun Altay dil ailəsi ilə əlaqəsi varmı?” adlı yazısında qeyd edir ki, “birinci dəfə mayyalıların danışığını eşidəndə, onların dilinin türk dili ilə oxşarlığı, bundan əvvəl İstanbulda eşitdiyim ahəngin eyniliyi məni heyrətə saldı. S.Vikanderinin gəldiyi nəticə maraqlı idi: “Mayya və Altay dilləri həm fonetik, həm də leksik mənada çox yaxındırlar. Bu da onların keçmişdə ümumi mənşəyinin olmasından xəbər verir”. Tanınmış alimlər O.Reriqin, B.Ferrario və Y.Knorozov, alim-orientalistlərdən G.Dümezel və başqaları da müqayisələr əsasında dillər arasındaki oxşarlıqları etiraf edirlər.
Dini inançlar arasında da yaxınlıq hiss edilməkdədir. Məsələn, Asiya qitəsində Hitit Günəşi olaraq bilinən simvoldakı Tenqri ilə Maya və Aztek tanrısı Quetzalxoatl simvolu arasındakı oxşarlıq təsadüfi ola bilməz. Tanrı Quetzalxoatlın adı “müqəddəs mərtəbəli” kimi tərcümə edilir ki, bu da, demək olar ki, Tenqri ilə eyni mənaya gəlir.
Qohumluq əlaqəsini göstərən bir başqa sübut da hər iki tərəfdə folklor nümunələrinin oxşarlığı, Günəş kultu, İlan kultu kimi kultların və bir sıra totemlərin olmasıdır. Tarixçi professor Denis Sinorun araşdırmalarına görə də, mədəniyyət, simvollar və adət-ənənələr arasında çox ciddi oxşarlıqlar var.
(Düzdür, bir çox simvollar, kultlar, totemlər, folklor nümunələri, adətlər və s. digər xalqlarda da movcuddur. Amma bizim araşdırmalarımızda onlar ancaq ad oxşarlığına, zahiri bənzərliyə görə deyil, mahiyyətcə eyni məna və ya eyni funksiya daşıdıqlarına, həm də dil, inanc yaxınlığına görə müqayisə olunur.)
Türklərlə hindular arasında nağıl, dastan,əfsanə və rəvayətlərin bənzərliyi də qan qohumluğunu sübut edir. Həm də bu bənzərlik çox heyrətamizdir. Məsələn, suyun həyatverici gücü və təmizləməsi inancı hər iki millət mifologiyasında eynidir. Kaliforniyadakı Maidular və Vinton hindularının mifologiyasına görə, ölüm yoxdur. İnsanlar həyat suyunda üzərək yenidən gəncliklərinə qovuşurlar. Türk mifologiyasında da “həyat suyu” ölüləri dirildir, xəstələri sağaldır.
Dədə Qorqud dastanında yer alan Dəli Domrul obrazı hindulardakı “Dəli At” qəhrəmanı ilə demək olar ki, eynidir. Hər iki tərəfdə “dəli” ləqəbi cəsur, mərd qorxmaz mənasındadır. Burdan belə aydın olur ki, türklər və hinduların qəhrəmanlıq anlayışları eynidir. Ötən əsrin 90-cı illərinin sonunda ABŞ-da yaşayan türk alimi doktor A.A.Arslan Türkiyə və Azərbaycandan topladığı “Göyçək Fatma”, “Qızıl inək” və qırmızıdərili Zuni qəbiləsinə məxsus «Matsakili yoxsul qız» nağıllarını müqayisəli şəkildə təhlil edərək bir sıra oxşarlıqlar aşkar etmişdir.
Əfsanə və dastanlar arasındaki oxşarlıq isə, yuxarıda da qeyd etdiyimiz kimi, daha heyrətamizdir. Bircə nümunə deyəcəm. Inkalarda “Kapaktokon” adlı bir əfsanə var. Qısa məzmunu təxminən belədir: Manço Kahanın atası tək başına bir fəlakətdən xilas olur, qayalarla örtülmüş bir mağaraya sığınır. Bir qurd ona parlaq bir daş verir. O, bununla qayaları əridir və qəbiləsinin başçısı olur. Böyük bir dövlət qurur. Baxın, əfsanə az qala məşhur Ergenekon dastanı ilə sözbəsöz eynidir. İnkaların adı çəkilən əfsanəsi həm də uyğurların məşhur “Yəsmə daşı”, Altay və türk mifologiyasındakı “Yada daşı”, türklərdəki “Ay daşı”, Azərbaycandakı “Daş qız”, “Gəlin daşları” və “Daş üzük” əfsanələri ilə də yaxından səsləşir. Məhəmməd bin Hüseyn Al-Tusidə belə deyirdi: "Türklər arasında, müxtəlif rəng və cinsləri olan Yat Daşı (Yada Daşı) vardır ki …onlar bu daşı yanlarında daşıyarlar və bu daş sayəsində düşmənlərinə üstünlük təmin edərlər. Türkistanda bir təpədən çıxan bu daşları şəhərlərə apararlar, suya asır və yağış yağdırırlar."
Bu cür bənzərlikləri türklərlə hindular arasında dolaşan qurd motivli əfsanələr haqqında söyləmək də mümkündür. Qədim türklərin də özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində qurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə qurd həmişə müqəddəs tutulmuşdur. Amerika Hinduları da qurdu döyüşə aparan sərkərdə, yəni bir növ qurtarıcı, xilaskar kimi qəbul edirlər. Hətta elmi məqalələrdə türk əsilli xalqların şamanları, Amerika hinduları, Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri də təsdiq olunur .
Geyim ornamentlərində, bəzək əşyalarında, xalça, kilim kimi əl işlərində olan naxışlardakı eynilik də "qohumluq" ideyasını gücləndirir. Türkiyədə olarkən Sunay Akının "Qız qülləsindəki Hindu" kitabından oxumuşdum ki, bir zamanlar Hyu-Yorkda televiziyada diktor çıxış edəcək türkləri hindu motivli dekorları ilə çıxış edəsi meksikalılar kimi təqdim edir. Lakin köməkçisi ona bunların meksikalılar yox, türkiyə türkləri olduğunu bildirir. Diktor səhvini düzəldərək deyir ki, naxışlar o qədər oxşardır ki, mən çaşdım. Bizcə, əslində diktor çaşmamışdı, Tanrı ona hindularla türklərin geyim ornamentlərinin və motivlərinin eyni və ya bənzər olması ilə bərabər, eyni kökdən- qohum olmaları faktını etiraf etdirmişdi.
Türklərlə hinduların zahiri gökəmlərinin bənzərlikləri də maraq doğurur. Bir çox səyyahlar, tədqiqatçılar da hindularla Sibir xalqlarının xarici oxşarlıqlarını qeyd edirdilər. Yuxarıdada qeyd etdiyimiz kimi, ingilis C.Cosselin öz kitabında hinduların görkəmlərinə, hərəkət və adətlərinə görə türk dilində danışan tatarlara oxşadığını yazırdı. Onlar bəzi monqoloid cizgiləri daşısalar da, iri gözlərə, burunlara və avropoidlər üçün səciyyəvi olan bir sıra fiziki əlamətlərə malikdirlər.
Adət-ənənələr arasındaki oxşarlıqlar xüsusi maraq doğurur. Gəlin bəzilərini nəzərdən keçirək. Belə ki, hindu tayfalarının (və ya qəbilələrinin) bəzilərində türklər kimi ulduzu ayparanın mərkəzinə qoyulmuş ay ulduzlu aypara boyunbağı taxırlar (nobajo, shaan, osibya), 12 Anadolu oyununun 11-ni bilirlər, güləş, demək olar ki, bütün hindu tayfalarında dua ilə başlayan ən vacib əcdad idman növü sayılır. Anadolu türkləri kimi sicim rəqsi (oyunu) edir, Bektaşi semahlarına bənzər ayinlər ifa edirlər. Qəhrəmanlıq göstərməyincə övladlarına ad vermirlər (inkalar), qadını, xüsusən anaları (“Kitabi Dədə Qorquddakı kimi: “Ana haqqı Tanrı haqqıdır”) və hamilə qadınları müqəddəs sayırlar, beşik laylaları mərasimləri eynidir. Bütün Altay xalqları kimi ölənləri silahları və atları ilə birgə basdırırlar, onların 40-nı və ildönümünü qeyd edir və ehsan aşı verirlər. Onlarda da cənnət və sırat körpüsü anlayışı vardır.
Bir neçə kəlmə də totemlərdəki (bu söz özü hindu qəbilələrindən birinin dilindən götürülüb.) oxşarlıqlar barədə. Türk və hindularda şaman inancına görə, heyvanlar son dərəcə önəmlidir. Qədim hinduların həyatında heyvan totemləri aparıcı həyat vasitəsi hesab edilirdi. Bu totemlərdən biri də ilan idi. E.B.Taylor mifologiya və dində geniş yayılmış ilan kultunun özünə xüsusi diqqət tələb etdiyini qeyd edərək yazır: “…hindularda möhtəşəm bir ilana pərəstiş edilirdi. Bu ilan bütün ilanların ulu babası və padşahı, ilahiləşdirilmiş hamisi idi. O, qəfləti külək və tufan göndərə bilirdi”. Dövrümüzə gəlib çatmış bir sıra nağıl, əfsanə və rəvayətlər (“İlan oğlan əfsanəsi”, “Fatma gəldi, ilan, qaç”, “İlan əfsanəsi”, “Ovçu Prim” nağılı və s.) göstərir ki, qədim türklərdə, o cümlədən azərbaycanlılarda da ilan totem hesab olunmuşdur. Bu dəfə oxşarlığı nənəmdən gətirəcəyim bir nümunə ilə də əsaslandırmağa çalışacam. Nənəm həyət-bacada ilan görəndə vurmağa və ya öldürməyə qoymazdı. Tez-tələsik onun göründüyü yerə ya su, ya da süd qoyardı. Deyərdi ki, ev ilanıdır, evin bərəkətidir, öldürmək olmaz. Öldürsəniz, ya da çıxıb getsə, evin bərəkəti qaçar. Bu fikirlər ilana olan sitayişin izlərini yaşatmırmı!? Maraq üçün qeyd edim ki, C.F.Kuperin “Dəri Corab” romanlar silsiləsinə daxil olan romanların dördündə yer alan ədəbi qəhrəman Çinqaçqukun (Çinqaçuk) adının mənası da amerikanın yerli xalqlarının dilində "böyük ilan" mənasına gəlir.
İndi isə bir neçə hindu atalar sözlərini nəzərinizə çatdırıram. Amma onları ümumtürk, o cümlədən Azərbaycan atalar sözləri ilə müqayisə etməyi sizlərin ixtiyarına buraxıram: “Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə, bəyaz adam pulun yeməli bir şey olmadığını anlayacaq”, “Bildiklərini danış, amma ağıl vermə”, “Danışılanları yaxşı dinlə, amma hamısını doğru bilmə”, “Çox danışmaq çox şey bildiyini göstərmir”, “Cəsarət ağıldan gəlirsə, cəsarətdir, biliksizlikdən gəlirsə, cahillik” və s. Məna, söz və ifadə bənzərliyi və gözəlliyi göz qabağındadır.
Sonda gen, dil və dini inançlardakı oxşarlıqları, türklər ilə Amerika qitəsində yaşayan keçmiş Maya-Astek-Olmek sivilizasiyaları arasında simvollarla başlayan bənzərliyi, türklərlə hindular arasında nağıl, dastan, rəvayət və əfsanələrin bənzərliyi, mifologiyalarda, totemlərdə oxşarlıqları, Şaman inancı ilə hindu inancının, demək olar ki, eyni olmasını, geyim ornamentlərində, xalça, kilim, oyma kimi əl işlərində olan naxışlardakı eyniliyi və demək olar ki, hər şeyi “təsadüfi” hesab edənlər barədə bir neçə söz.
Görünür, hunduların Amerikanın yerli sakinləri olması, türk əsilli olduqları kimlərinsə, “xoşuna gəlmir”, ox olub, gözlərinə batır. Hər vasitə ilə qitənin ilk sakinləri kimi ancaq özlərini gözə soxmaq istəyirlər. Ona görə də hər oxşarlığı, hər bənzərliyi, hətta gen qohumluğunu belə təsadüfi hesab edirlər. Təsadüf bir olar, iki olar, beş olar, on beş olar. Yüzlərlə oxşarlıq təsadüfi ola bilərmi? Bir də ki, siz bunların təsadüfi olduğunu hardan bildiniz? “Təsadüfi surətdə baş vermiş şeyləri Allahın özü də bilməz” (M.T.Siseron). Boş və ümumi sözlərdən başqa, əlinizdə əks arqument də yoxdur. Göstərilən nümunələrin çoxluğu isə nəticənin dəqiq olduğunu sübut edir.
Ona görə könlü türk mənşəli xalqların Amerikanın ilk sakinləri sayıldığını, türklərlə induların gen qohumluğunu qəbul etməyənlər zəhmət çəkib heç nə uydurmasınlar, nənəmin dediyi kimi, yerlərini ayrı salsınlar.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.