Bakının bitməyən “zibil dərdi” - FOTO

7-08-2018, 00:21           
Bakının bitməyən “zibil dərdi” - FOTO
Bakının problemlərindən biri də zibil qutularının az olması və yığılıb qalan zibillərin daşınmamasıdır. İllərdir bu problem öz həllini tapmır.

Teref.az Oxu.az-a istinaden xeber verir ki, Çox vaxt restoranların, yaşayış binalarının ətrafından keçən zaman qalaqlanmış və üfunət iyi verən zibillərə rast gəlirik. Bakı küləkli şəhər olduğu üçün ərazidə olan üfunət qoxusu qısa zamanda ətrafa yayılır.



Küçələrdə toplanıb qalan, külək olan kimi havada uçuşan çirkli polietilen paketlərin səbəbkarı kimlərdir? Niyə zibillər vaxtında daşınmır?

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 13 ünvanında yaşayan sakinlər zibil qutularının az olmasında şikayətçidirlər.

Ərazidə yaşayan Rəhimə Məmmədova deyir ki, paytaxtın görünən hissəsində zibil qutuları yerləşdirilib:

“Məhəllələrarası yerlərdə zibil qutuları azdır. Heç bir qurumun marağında deyil ki, üfunət iyi verən, sağlamlığımıza zərərli olan zibillər vaxtında daşınsın. Qutulara atılan çirkab suları ətrafa axaraq xoşagəlməz mənzərə yaradır”.


Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Departamenti ilə əlaqə saxladıq.

Departamentdən bildirildi ki, qurum zibillərin toplanması məsələsinə baxmır:

“Paytaxtda olan zibillər barədə hər rayonun tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyi var və onlar nəzarət edir. Departament zibillərin daşınmasına nəzarəti həyata keçirmir. Rayonlarda birliklərin mənzil komunal istismar sahələri nə üçündür? Onlar zibillərin daşınmasına nəzarət etməlidir”.


Təbii ki, məsələyə birtərəfli baxmaq olmaz. Bu məsələdə iki amili diqqətdə saxlamaq lazımdır. Bunlardan biri, ərazilərdə zibil qutularının az olmasıdırsa, digəri əlindəki zibili yaxınlıqdakı qutulara atmayan insanlardır.

Bəzən küçələrdə qoyulan zibil qutuları arasında məsafə çox olduğundan insanlar əllərindəki zibilləri uzun məsafəyə aparmaq istəməyib, ətrafa atırlar. Bu isə ətraf mühiti çirkləndirir. Bəzən də insanlar tullantıları, sadəcə, mədəniyyətsizcəsinə yaxınlıqdakı zibil qutularına atmırlar.

Hər birimiz dəfələrlə şahidi olmuşuq ki, yolda maşının şüşəsini endirib, tullantıları (içki butulkası, dondurma qabı, kağız, saqqız və s.) ətrafa tullayıblar.

Nəzərə almaq lazımdır ki, atılan tullantılar bizim sağlamlığımıza zərər verir. Digər tərəfdən, bu, şəhərimizin təmizliyini pozur. Ölkəyə gələn turistlər isə bunu daha tez görür. Unutmamalıyıq ki, göstərdiyimiz hər bir mədəniyyət bizim xarici ölkədə tanınmağımızın güzgüsüdür.



Küçələrin natəmizliyində paytaxt sakinlərinin günahı olsa da, adiyyəti qurumlar da məsuliyyətlərini yerinə yetirməlidirlər. Küçələrdə zibil qutuları azdır. Yaxın məsafə fərqi ilə zibil qutuları yerləşdirilməlidir.

Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zibillərin ətraf mühitə atılması, qalaqlanması ilə bağlı bir sıra tədbirlər görülür, cərimələr tətbiq edilir. Məsələnin həlli ilə adiyyəti qurumlar məşğul olmalıdır. Onlar isə suallarımıza cavab vermir.



Bələdiyyələr tərəfindən zibillərin daşınması həyata keçirilir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, bələdiyyələr zibil daşınması ilə bağlı konkret məsuliyyət daşımırlar:

“Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri bələdiyyələrə tullantıların toplanması, daşınması üçün səlahiyyət verməlidir. Onlar öz səlahiyyətlərinin müəyyən bir qismini bələdiyyələrə verirsə, müəyyən texniki avadanlıqlar və vəsait ödənməlidir.

Bəzi bələdiyyələr bu şərtlərlə tullantıların yığılması ilə məşğul olurlar. Bu gün Bakıda 53 bələdiyyə fəaliyyət göstərir. Onların 12-də belə bir imkan var ki, müəyyən mənada ərazilərdən zibillərinin daşınmasına nəzarət etsin. Bütün məsuliyyət Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə aiddir”.



Vüqar Tofiqlinin sözlərinə görə, tullantıları yığılmasında gecikmənin səbəbi bələdiyyələrin maddi vəsaitlərinin çatışmazlığıdır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəzi bələdiyyələr cərimələnib. Əslində, bələdiyyələrə cərimə tərtib etmək düzgün deyil. Məsələn, bu gün Şağan bələdiyyəsi 3 min manat cərimə edilib.

Bələdiyyənin illik büdcəsi 15 min manat deyil. Sədrin də aylıq maaşı 170 manatı keçmir. Bu cəriməni necə ödəsin? Bu cür cərimələr tətbiq etməkdənsə, əhali və bələdiyyələr arasında maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğundur. Şəhərin müxtəlif yerlərinə tullantılar atılır. Bələdiyyələr bu işə nəzarət etməlidir. Amma maddi imkanın az olması prosesin yekunlaşmasına imkan vermir”.


Birliyin sədri qeyd edib ki, zibillərin daşınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə bağlı ciddi addımların atılmasına ehtiyac var:

“Qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərə, “Təmiz Şəhər” ASC-yə birləşdirilə bilər, yaxud tender yolu ilə paytaxda yığılıb qalan zibillərin daşınmasını təmin etmək mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.