KQB haqda film Bakıda da qadağan edildi

27-04-2015, 17:12           
KQB haqda film Bakıda da qadağan edildi
Hollivudda çəkilmiş “Nömrə 44” trilleri Azərbaycanda prokatdan çıxarılıb.

Bu məlumatı virtualaz.org saytına paytaxt kinoteatrlarından veriblər. Lakin əksər kinoteatrlar bu filmin faktiki olaraq qadağan edilməsinin səbəbləri barədə danışmaqdan imtina ediblər.

Qeyd edək ki, SSRİ-dəki serial qətllərdən bəhs edən “Nömrə 44” filmi Rusiyada da prokatdan çıxarılıb. Rusiyanın Mədəniyyət Nazirliyi filmin prokatdan çıxarılması barədəki qərarını “tarixi faktların filmdə kobud şəkildə təhrif olunması” ilə izah edib.

“Kino prokatçılarının və Mədəniyyət Nazirliyinin bu filmlə bağlı fikirləri üst-üstə düşdü. O fikir də bundan ibarətdir ki, belə filmlər II dünya müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində heç də yerinə düşmür və buna yol verək olmaz” - deyə nazirliyin yaydığı açıqlamada bildirilirdi.

Yada salaq ki, rejissor Daniel Espinosanın “Nömrə 44” trilleri Tom Rob Smitin eyniadlı bestselleri əsasında çəkilib. Bu əsər sovet KQB-sinin agenti və II dünya müharibəsinin veteranı Lev Demidovun macəralarından bəhs edən detetktiv trilogiyanın ilk kitabıdır.

Filmdə 1953-cü ildə SSRİ-də baş verən hadisələrdən, həmin il bir manyakın izlənməsindən və “ovlanmasından”, həmçinin totalitar sovet cəmiyyətindəki paranoyadan danışılır. L.Demidov silsilə uşaq qətllərini araşdırır, amma sonradan KQB rəhbərliyinin təzyiqləri ilə üzləşir. KQB rəhbərliyi ona başa salmağa çalışır ki, kommunizm cəmiyyətində manyakların olduğunu etiraf etmək dövlətə xəyanətdir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.