Şeyx Əbdüldən İlhamənin təhqirinə sərt - Cavab
29-04-2015, 16:03
“İlhamə Quliyevanın tarixini, millətini, mədəniyyətini bilmədən şəxsi müstəvidə kiminləsə olan münaqişəsinə görə savadsızlıq göstərib böyük bir eli, mahalı təhqir etməsi mədəniyyətsizlikdir. Mən İlhamə kimi bir xanımdan belə səviyyəsiz ittiham gözləməzdim”.
Bu sözləri Axar.az-a tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov Xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə mübahisəsi barədə danışarkən, ümumilikdə mərəzəlilərin ünvanına təhqiramiz ifadələr işlədib, onları dilənçi adlandırmasına münasibət bildirərkən deyib.
Ə.Mahmudov xalq artistinin belə bir addımının böyük bir mədəniyyətsizlik olduğunu bildirərək, onun mərəzəlilər haqqında “dilənçi” ifadəsini işlətməsinin səbəblərini də açıqlayıb:
“Ora Mərəzə deyil, vaxtilə çar hökuməti malağanları indi sizin Mərəzə dediyiniz yerlərə sürgün edib. Bu yerlərin adının Mərəzə adlandırılması da sürgünə məruz qalan malağanların adı ilə bağlıdır. Bunun orada yaşayan xalqa, yeri camaata heç bir aidiyyəti yoxdur. Oranın adı Qobustandır, yəni İbrahim peyğəmbərin ilk yaşadığı yer. Bakının astanası və çox münasib yer olduğu üçün bura həm də köçəri tayfaların, tərəkəmələrin xilas məkanı olub. Bura gələn köçəri tayfaların içində məşğuliyyəti, həyat tərzi dilənçilik olan qaraçılar da olub. Onları qınamaq düzgün deyil, bu millətin həyat tərzi budur. Və bu qaraçıların, həyat tərzi dilənmək olan bu millətin orada yaşayan ərəb mənşəli xalqlara, türklərə, yerli camaata aidiyyəti yoxdur. Nazpəri Dostəliyevanın da nəsli Ərəbistandan gəlmədir. Yerli camaat üçün dilənçi kimi ifadələr işlətmək ayıbdır axı. Bu yerlərin tarixi haqqında oxumaq, bilmək, sonra danışmaq lazımdır”.
Tanınmış kinorejissor xalq artistini işlətdiyi ifadələrə görə xalqdan üzr istəməyə səsləyib:
“Bu təhqir çox böyük məsuliyyətsizlik, mədəniyyətsizlikdir. Belə bir mübahisə onların heç birinə yaraşmır. İki insanın bir-biri ilə mübahisəsi zamanı təhqirə yol verməsi qədər mədəniyyətsiz heç nə yoxdur. Ən əsası isə şəxsi müstəvidə olan bir münaqişədə böyük bir eli və milləti təhqir edib alçaltmaq ayıbdır. Bunun içində dəlisi var, ağıllısı var: oğrusu var, doğrusu var... Sonra bunun qarşısında dayanmaq var. Mübahisəniz var, gedin bir-birinizin gözünü çıxarın, təpikləyin, sillələyin, sözünüzü bir-birinizə deyin. Milləti təhqir etmək nəyə lazımdır? Düzü, mən İlhamə kimi bir xanımdan belə səviyyəsiz ittiham gözləməzdim. O, ən azından mənə, Alim Qasımova, Mirabbas Qasımova görə düşünüb danışmalıydı. Ayıbdır. Ancaq İlhamə xanım bilsin ki, bunun səs-küyü hələ çox çıxacaq. Gözləyirəm ki, İlhamə xanım bu dediklərinə bir aydınlıq gətirib, xalqdan üzr istəsin”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ölkə.az-da dərc olunan və mediada geniş yayılan müsahibəsində Nazpəri Dostəliyeva ilə öz qalmaqalına aydınlıq gətirərkən, ümumilikdə mərəzəlilərin ünvanına təhqiramiz ifadələr işlədib. Jurnalistin “Bəs, Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?” sualına İlhamə xanımın cavabı belə olub:
- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.