"Ədalətin ədalətsizliyindən bezmişik" - Aktyor nazir və müavininə qarşı sərt ittihamlar səsləndirdi

8-06-2016, 10:30           
"Ədalətin ədalətsizliyindən bezmişik" - Aktyor nazir və müavininə qarşı sərt ittihamlar səsləndirdi
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur may ayında mətbuat konfransı təyin edərək, həmin konfrans vasitəsilə dövlət başçısına müraciət ünvanlamaq fikrindəydi. Ancaq çalışdığı teatrın repertuarına həmin günə tamaşa salındığından vəorada rol aldığı üçün aktyor konfransı təxirə salmaq məcburiyyətində qaldı. Bu səbəbdən də mətbuat konfransını iyunun 7-də keçirmək fikrindədir.

Əli Nur "Reytinq"ə deyib ki, bu dəfə konfransı təxirə salmaq fikirində deyil:

- Mədəniyyət və Turizm Nazirliyi ilə mübarizə aparıram. Haqqımı bərpa edə bilmədiyimdən təzyiqim də qalxıb. Aldığım maaş dərmanlarıma yetmir. Tanınmış ölkələrin aktyorları milyarder olsalar da, Azərbaycan aktyorları maddi baxımdan pis vəziyyətdədir.

Toyuq hinində yaşayıram. 6 nəfər ailə üzvü və 20 kv.m ev... Belə şəraitdə yaşa görüm, necə yaşayırsan?

Haqqımı tələb etməyim, bəs nə edim? Haqqımın bərpası üçün iki dəfə mətbuat konfransı təyn etsəm də, ikisini də müəyyən səbəblərdən təxirə saldırdılar. İkinci mətbuat konfransını təyin etdiyim günə tamaşa saldılar.

Teatrın baş rejissoru və direktoru Azər Paşa Nemətov məni otağına çağırdı. Söhbət etdik. Mən onun otağında olarkən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin köməkçisi ona zəng etdi. Onun ardınca nazir zəng vurdu...

- Tələb nə idi?

- Başladı Azər Paşa Nemətovu danlamağa… Dedi ki, Əli Nuru niyə susdurmursunuz? O da dedi ki, mən onu necə susdurum?

Başa düşəbilmirəm ki, nazir Əbülfəs Qarayev, nazirin müavini Ədalət Vəliyev Azər Paşa Nemətovdan nə istəyirlər. Məni yanlarına çağırıb, sözlərini özümə desinlər də...

Axı mənə görə mənim müəllimim olmuş Azər Paşa Nemətov niyə danlanmalıdır? O, teatr sahəsində böyük xidmətləri olan rejissor və mədəniyyət xadimidir. Bunlar onu da işləməyə qoymurlar, narahat edib, incidirlər.

Ədalətin ədalətsizliyindən bezmişik. Adamı bu qədər incitmək olar? Bilmirəm nə istəyirlər. Uzun illər rejissorsuz olduq, indi gəlib, ona da imkan vermirlər ki işləsin. Axı siz niyə rejissorla danışırsınız? Şikayətçi mənəm, çağırın, danışaq da...

Küçədə gedəndə arxamca qışqırırdın, məni qucaqlayıb görüşürdün. İndi nə istəyirsiniz Azər Paşadan? Görünür, bunlara sənət lazım deyil.

Teatr sənəti rejissorsuz ötüşmür. Yəqin bunların istəyi odur ki, teatr sex kimi fəaliyyət göstərsin. Ona görə də baş rejissoru bezdiriblər. Bütün günü Azər Paşa mənə zəng edib… O, mənə zəng edənə kimi tamaşa üzərində işləyər də...

- Azər Paşa Nemətovun Sizi tez-tez axtarmasına səbəb nədir?

- Xəstə olduğuma görə onunla görüşə gedə bilmədim.

- Əbülfəs Qarayev Sizi niyə susdurmaq istəyir?

- İstəyir ki, müsahibə verməyim, cənab prezidentə müraciət etməyim, bunların "əməllərini" açmayım. Deyirlər ki, təriflə...

Əbülfəs Qarayev mənə dəfələrlə deyib ki, sənin evin, ad-sanın, mükafatın bizdədir, hamısını təqdim edəcəyəm. Amma bunlar məni 500 manatlıq mükafata da layiq bilmədilər.

Mən 50 il ərzində bu nazirlikdən bir iynə də belə almamışam. Bu qədər də ədalətsizlik olar? Bir "Əməkdar artist" fəxri adını almışam.

Rəhmətlik Əlabbas Qədirov dedi ki, ona fəxri ad verilsin, səhəri prezident Heydər Əliyev o adı mənə verdi.

Onlar bilmir mən kiməm? Mən başqa ölkənin aktyoru olsaydım orada mənə heykəl qoyardılar. Digər ölkənin aktyoru olsaydım istedadıma heyran qalardılar. Bunlar isə məni Həzrəti Yusif kimi quyuya salıb, deyirlər ki, buradan çıxmamalısan.

Mən avtobusa, metroya minəndə qadınlar da hörmət əlaməti olaraq ayağa qalxırlar. Ədalətin ədalətsizliyi isə...

Prezidentə bəlkə də yüz məktub yazmışam. Hamısını da Ədalət Vəliyevin üstünə göndəriblər. Bəs, mən nə edim?

Mətbuatda prezidentin əleyhinə sərt çıxışlar edən insanlara Ədalət Vəliyev Prezident təqaüdü verdirir. Amma mənə gələndə...

İndi dədüşüblər Azər Paşanın üstünə. Rejissor olmayan yerdə sənət olar? Direktor birinci katib kimi şeydir.

Yaradıcı insan nə ilə tanınmalıdır? Sənəti ilə. Sənət yoxdursa necə tanına bilər? Bütün rolları aktyorlar yaradır. Aktyorları isə rejissorlar kəşf edir. Rejissor niyə aktyora 20 dəfə zəng etməlidir? 20 zəng bir gün deməkdir.

Mən şər-böhtan atmıram ki, mətbuat konfransı keçirirəm də... Prezidentə müraciət edirəm ki, bunlar neçə ildir başımın altına yastıq qoyub, başıma bəlalar açırlar, məni məhv edirlər. Nəyə görə?

Mən Azərbaycan dövlətçiliyinə qulluq etmişəm. 30 yaşımda teatr direktoru olmuşam. Ədalət Vəliyev ağırlığında mənim haqqımda tərif yağdırılıb...

- Geri çəkilmək, konfransın təkrar vaxtını dəyişmək fikiriniz varmı?

- Mən nə itirirəm ki?.. Bunlar tələbəmin tələbəsi qədər mənə qiymət vermir, məni aldadırlar. Adamı nə qədər aldatmaq olar?

Ədalət Vəliyev mobil telefonuma iki dəfə zəng edərək deyib ki, "narahat olma, sə-ninlə bağlı hər şey hazırdır".

Amma nəticəsi nə oldu? Mən bu yalanlara nə qədər dözüm? Axı mən də insanam. Başımın üstündən kimlərə "Xalq artisti" fəxri adı verirsiniz? Bu nə özbaşınalıqdır?

Prezidentə müraciət edəcəyəm. Prezident deyir ki, məmurlar xalqa xidmət eləməlidir. O, hardan bilsin ki, bunlar sənət adamını məhv edirlər.

Ədalət Vəliyevin diqqətinə çatdırmaq istəyirəm ki, mənim özümdən başqa ailəm, balalarım da var... İnsanlar gərək ədalətli olsunlar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.