Binəli Yıldırımın offşor şirkətləri haqqında yazan Pelin Ünkər həbs edilib
15-01-2019, 08:33
Türkiyənin “Cumhuriyet” qəzetinin müxbiri Pelin Ünkər həbs edilib.
Qəzet yazır ki, jurnalistin həbs edilməsinə səbəb “Paradise Papers” (Cənnət kağızları) adlı xəbərlər silsiləsidir. Həmin yazılarda jurnalist Pelin ÜnkərTürkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və övladlarının Maltada offşor şirkətləri olduğunu yazıb.
Məhkəmə hesab edib ki, Pelin Ünkər bu xəbərlərdə Binəli Yıldırımı təhqir edir və buna görə də jurnalistin 1 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Pelin Ünkərhəmçinin 8 min 600 türk lirəsi cərimə ödəməlidir.
Jurnalistin vəkillərindən biri Binəli Yıldırım və övladlarının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində yanlışlıqlar olduğunu vurğulayıb. O, həmin ərizədə yer alan və Pelin Ünkərə aid edilən bəzi yazılarda əslində onun imzasının olmadığını deyib. Vəkilin sözlərinə görə, “Paradise Papers” silsilə xəbərlərində jurnalist Məclis sədrini və onun övladlarını təhqir edən heç bir ifadəyə yer verməyib. Digər bir vəkil isə bildirib ki, bu sənədlər bütün dünyada yayımlansa da təkcə Pelin Ünkər məhkəməyə verilib və indi də həbs edilir.
Pelin Ünkər məhkəmədən çıxarkən verdiyi açıqlamada həbsin səbəbini belə izah edib:
“Bu cəza ona görə verilir ki, bir daha əlimə bu cür material düşəndə həbs edilməkdən çəkinib xəbəri yazmayım. Təbii ki, peşəmlə məşğul olmağa davam edəcəm. Digər jurnalistlər necə edirlər? Mən də bacaracam.”
“Paradise Papers” nədir?
“Paradise Papers” 40-dan çox ölkədə müxtəlif siyasətçilərin, varlı biznesmenlərin və şirkətlərin offşor hesablar və şirkətlər vasitəsilə vergidən yayındıqlarını üzə çıxaran sənədlərdir.
Son 70 ili əhatə edən bu sənədlər ilk dəfə 2016-cı ildə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızıb. Qəzet 13,4 milyon gizli elektron sənəddən ibarət toplunu Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) ilə bölüşüb. BBC və The Guardianın müxbirləri də daxil olmaqla konsorsiuma üzv olan media nümayəndələri sənədlərə baxıb və əsas məlumatları ayırd ediblər. Bir çox media bu sənədləri 5 noyabr 2017-ci il tarixində yayımlayıb.
Sənədlərdə kimlərin adları keçir?
“Paradise Papers” Panama sənədlərindən sonra ən böyük məlumat sızıntısı hesab edilir. Burada İngiltərə karaliçası II Elizabet, hazırda ABŞ prezidenti olan Donald Tramp, Rusiya lideri Vladimir Putin, Qazaxıstan prezidenti də daxil olmaqla 120 mindən çox şəxs və şirkətin adı keçir. “Boston Consulting Group” sənədlərdə ümumilikdə 10 trilyon dollardan söhbət getdiyini açıqlayıb.