Ərdoğan: ”Mən də Azərbaycan türküyəm" - yeni təqdimat

27-04-2015, 12:21           
Ərdoğan: ”Mən də Azərbaycan türküyəm" - yeni təqdimat
ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan professor Kamil Vəli Nərimanoğluna mükafat verib. “Başarı ödülü” adlanan təltif Ankarada baş tutub. Kamil Vəli Nərimanoğlu Türkiyənin öndə gələn universitetlərindən birində-İstanbul Aydın Universitetində işləyir.

Professor K.V. Nərimanoğlu Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadimidir. Elçibəy iqtidarı dövründə baş nazirin müavini postunu tutub.

K.V. Nərimanoğlu Türkiyə prezidenti ilə görüşü barədə fikirlərini bizimlə bölüşüb.
Kamil Vəli Nərimanoğlu bildirdi ki, belə bir mükafata layiq görülməsi onun üçün gözlənilməz olub: “Məsələn, mən rəsmi Azərbaycandan heç bir mükafat gözləmirəm. Çünki müxalif mövqedə olduğumuz, Əbülfəz Elçibəy iqtidarında işlədiyimiz üçün bizi sanki düşmən siyahısına salıblar. Qara siyahıya salındığımız üçün nə bizi televiziya göstərə bilir, nə bir yazımızı verə bilirlər. Rəsmi Azərbaycan bizdən, biz də rəsmi Azərbaycandan əlimizi üzmüşük. Amma Azərbaycan dövləti və xalqı bizim üçün doğmadır. Türkiyəni də mən özümə vətən sayıram. Ona görə də heç kəsdən heç bir mükafat gözləntim olmayıb. Amma mənimlə bağlı bu addımı Türkiyə edibsə, bundan qürur duyuram.

Mən indiyə qədər də Türkiyədə bir sıra ödüllərə layiq görülmüşəm. Türkiyə Cümhuriyyətinin şərəf və ləyaqət nişanını almışam. Bununla da çox böyük qürur duyuram. Eyni zamanda Türk Dil Qurumunun, TİKA-nın, başqa universitetlərin də mükafatlarını almışam. Bunlar da mənim üçün qürurvericidir. Cümhurbaşqanının təqdim etdiyi ödül isə mənə Həsən Calal Gözəlin rəhbərlik etdiyi Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən verilib. Ödül həm xaricdən, həm də Türkiyədən olan 6 nəfər alimə apardıqları elmi araşdırmalara, elmə xidmətlərinə görə verilib. Ödülü mənə prezident Rəcəb Tayyib Ərdoğan təqdim etdi”.

K.V.Nərimanoğlu onu da dedi ki, mükafat təqdim edilən zaman prezident Ərdoğanla beş-on dəqiqə söhbət etmək imkanı da olub: “Prezident Ərdoğan Azərbaycanı sordu. Hətta zarafatla, yoxsa ciddi dediyini bilməsəm də qeyd etdi ki, mən də Azərbaycan türküyəm. Mən də dedim ki, biz bundan məmnuniyyət duyuruq, Azərbaycanda sizi çox sevirlər, Türkiyədəki prosesləri çox həssaslıqla izləyirlər, Azərbaycan xalqı Türkiyə ilə Azərbaycan arasında fərq qoymur.
Çünki hər bir azərbaycanlının yaddaşında 1918-ci ildə ermənilərin Azərbaycan xalqını qırmasının qarşısını türk ordusunun olduğu qalır. Bu simvol silinməzdir, bizi bir-birimizə elə tellər bağlayıb ki, qırılmazdır. Mən Ərdoğanın ”mən də Azərbaycan türküyəm" deməsini mən həm konkret mənada başa düşdüm, həm də Azərbaycanı da özünün vətəni saydığını ifadə etmək istəyi kimi başa düşdüm. Cümhurbaşqanı Ərdoğan məmnuniyyətlə mənə onu da dedi ki, sizin prezidentiniz və xanımı bugünlərdə Ümrə ziyarətində olub, bu məni çox sevindirdi, İlham Əliyevə telefon açıb onları təbrik edəcəyəm.

Mən də dedim ki, bizi də sevindirdi. Allah hər kəsə bunu qismət etsin, hər kəsi İslam yolunda etsin. İslam dünyanın son dinidir, Quran dünyanın son ilahi kitabıdır. Qurana inanmaq, Quranı həyat tərzi kimi dərk etmək, yaşamaq həyatın zirvəsidir. Bilirsiniz ki, cənab Ərdoğan dini çox yaxşı bilən adamdır. O məni bir Azərbaycan vətəndaşı, ziyalısı olaraq Azərbaycan prezidentinin Ümrə ziyarətini etməsi münasibətilə təbrik etdi. Mən bunu Azərbaycan adına müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu cür məsələlərdə iqtidar-müxalifət söhbəti olmur, ola da bilməz. “Erməni soyqırımı” məsələsinin gündəmdə olduğu bir vaxtda orada iqtidar-müxalifət söhbətindən çox, vətən söhbəti, vətənimizə qarşı qurulmuş məkrli oyunlara qarşı birgə mübarizə aparmaq kimi məsələlərin müzakirəsi vacibdir.

Ərdoğan mənim işlədiyim universitetdə işlərimin rahat olub-olmadığı ilə maraqlandı. Bildirdim ki, işimdən məmnunam, işlədiyim İstanbul Aydın Universiteti modern universitetdir, Azərbaycanla da ilişkiləri çox yaxşıdır. Verilən mükafatın isə bundan sonra çalışmamız üçün bir avans olduğunu Türkiyə prezidentinə bildirdim".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.