«Əgər böyük güclər İraqın bölünməsini istəyirlərsə, bizim deyəcək sözümüz qalmır» - İraqdakı soydaşlarımız təşkilatlanır

28-04-2015, 11:01           
«Əgər böyük güclər İraqın bölünməsini istəyirlərsə, bizim deyəcək sözümüz qalmır» - İraqdakı soydaşlarımız təşkilatlanır
Nağıllarımızın məkanı olan İraqda gərginlik nəinki çözülmür, əksinə gün-gündən alovlanan silahlı qarşıdurmalar, İŞİD terrorçularının dünyanın canlı muzeyi adlandırdığımız bu gözəl ölkəni al-qana boyadığı bir vaxtda milli məsələlər də gündəmə gəlməkdədir. Kürdlər öz muxtariyyətlərini de-fakto müstəqil dövlət səlahiyyətli səviyyəyədək genişləndirdikləri bir vaxtda əzilən, həm əvvəl Səddam rejimindən, indi isə İŞİD-dən və kürd assimilyasiya siyasətindən üst-üstə zərbələr alan türkmənlər də öz başlarına çarə tapmağa çalışırlar. Bu gün Türkmənelidə milli şuranın – Məclisin yaradılması prosesinə start verilib. Artıq həmin Məclisdə birləşəcək partiyalar və fərdi şəxslər də bəllidir. Maraqlıdır, bu qurumun yaradılması türkmənlərin milli problemlərini çözə biləcəkmi? Həmsöhbətimiz yaradılacaq Məclisin fikir-düşüncə sahibi, türkmən xalqının milli lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyadır. Görək türkmənlərin lideri nə deyir.

- Türkmən Məclisinin qurulması lazımdır və həm də çox vacibdir. İraq Türkmən Cəbhəsindən başqa yerdə qalan bütün partiyalar Məclisin qurulmasına dəstək verirdilər. Şəxsən bizim partiyamız iki ildir Məclisin yaradılması üçün əlindən gələni edib. Çünki bundan əvvəl qurulmuş qondarma bir məclis vardı ki, Türkməneli Partiyası olaraq biz onu tanımırdıq. Təbii ki, tanımırıqsa, deməli. Orada iştirak da eləmədik.

- Niyə imtina etmişdiniz həmin Məclisdən?

- Bizim məqsədimiz tamam başqadır. İstəyirdik ki, bütün türkmən partiyaları, millisindən tutmuş islamçısınadək, hansı bölgəni təmsil etməsindən və hansı məzhəbə qulluq göstərməsindən asılı olmayaraq hamı qurulacaq məclisdə iştirak etsin. Bu cür Məclisin fəaliyyətə başlaması indiki şəraitdə millətimiz üçün çox lazımdır. Türkmən Cəbhəsi isə türkmən adını və türkmən xalqının əldə edə biləcəyi haqq və qələbələri təkbaşına əlində saxlamaq üçün Məclisin həqiqi mənada qurulmasını dolaylı yolla əngəlləyirdi. Üzdə isə özlərini elə göstərirdilər ki, guya Məclisin yaradılmasını onlar da istəyirlər. Amma bir müddət əvvəl yenidənqurulma prosesinə start verilsə də, köhnə üzvlər imkanları daxilində bu prosesi gecikdirməyə çalışırdılar. Bunu görən bir qrup türkmən gənc Məclisin binasını tutaraq köçmüş üzvlərin səlahiyyətlərinə son qoydular.

- Söz açdığınız həmin qondarma Məclisdə kimlər təmsil olunurdu?

- Mən deyərdim ki, yüzdən doxsan faizi İraq Türkmən Cəbhəsinin üzvləri idi.

- Maraqlıdır, İTC nəyə görə türkmən xalqının siyasi haqlarına qovuşmasına əngəl yaradır?

- İTC Daha əvvəllər bütün türkmən partiyalarını özündə birləşdirən böyük bir koalisiya və ya ittifaq idi. Onun 1995-ci ildə qurulmasında şəxsən mənim rolum olmuşdu. Daha konkret desəm, Cəbhəni qurmaq mənim layihəm idi. Ancaq sonradan Səddam Hüseyn və bir sıra kürd partiyaları cəbhəyə təsir və təzyiqlərini artırdılar. Hətta adını qeyd etdiyim qüvvələr öz adamlarını cəbhəyə soxdular ki, istədiklərinə asanlıqla dəstək ala bilsinlər. Cəbhəni hətta rəhbərinin vasitəsilə nəzarətə götürmüşdülər. O illərdə cəbhədə Səddam rejiminə və digərlərinə qarşı barışmaz və kəskin mövqe bildirdim, hər mənfi addımlarına etirazla cavab verdim. Nəticəsi də özünü çox gözlətmədi: Səddam rejimi və kürdlər İTC-ni yox, şəxsən məni hədəfə aldılar. Türkiyəyə gəlincə, Səddam Hüseynlə və kürd partiyaları ilə əlaqələrinə xələl gəlməsin deyə məni müdafiə etmədi. Əksinə, Səddamçı və kürdçü düşüncələri ilə tanınan şəxslərin idarə etdiyi İTC-ni dəstəkləmək məcburiyyətində qaldı. Mən də Türkiyənin maraqlarına xələl gəlməsin deyə cəbhədə fəaliyyətimi demək olar ki, dayandırdım. Yəni artıq mənim orada üzvlüyüm sadəcə simvolik məna daşıyırdı. Səddam devriləndən sonra isə ümumiyyətlə, cəbhədən çıxdım. Partiyamız oradan çıxdıqdan qısa müddət sonra bəzi yeniliklər baş verdi. Cəbhənin özü də siyasi fəaliyyət formasını dəyişərək özünü partiya elan etdi. Ancaq bu günədək çoxları elə bilir ki, İTC hansısa koalisiyanı özündə birləşdirir. Hansı ki, İTCX sıradan bir partiyadır. Onlar məhz xalqın fikrini azdırmaq üçün özlərini partiya olaraq elan etmirlər. Qısası, İTC-nin mövqeyindən asılı olmayaraq, türkmən Məclisinin yaradılması müstəvisində iş aparılır və inşallah qurulmasını kimsə əngəlləyə bilməz.

- Qurulması gözlənilən Məclisdə neçə partiyanın birləşəcəyini gözləyirsiniz? Yəni bu Məclis türkmən əhalini tam nəzarətdə saxlaya biləcəkmi?

- Türkmən partiyalarını hamısı dəvətlidir. Amma indidən deyə bilərəm ki, ən azından beş türkmən partiyası Məclisdə bir araya gələcək. Eləcə də türkmən mənşəli tanınmış, müstəqil şəxsiyyətlər də Məclisə üzv ola biləcəklər. Hətta təxmin edirəm ki, Məclisin 100 üzvü olacaq.

- Məclisin səlahiyyətləri necə müəyyən ediləcək? Yəni bütün Türkməneli adına qərarlar qəbul edə biləcəkmi? Məsələn, müəyyən qədər də olsa Kürdistan məclisi kimi səlahiyyətləri olacaqmı?

- Gözləntilərimiz elə budur. Ancaq bizim Məclis qanun yox, qərarlar verə biləcək. Əsas odur ki, türkmən tərəfləri bir araya gətirə, onları milli məsələlərdə birləşdirə biləcək. Ayrıca bütün millət vəkilləri və nazirlər, nazir yardımçılarının da Məclisə üzv olmaq imkanları var. Bu prizmadan yanaşanda, bəli, Kürdistan məclisinə bənzərliyi olacaq.

- Bağdadda bilirlərmi, xəbərləri varmı məqsədinizdən və bir də, Türkiyədən dəstək almısınızmı?

- Nəinki Bağdad, hər kəs bilir istəyimizi. Heç kim də buna qarşı çıxmır, çünki bu bizim təbii haqqımızdır. Amma deyim ki, kənardan dəstək verənimiz də yoxdur və heç istəmədik də. Yetər ki, mane olmasınlar, bu bizə bəsdir.

- Maliyyə ehtiyaclarınız necə qarşılanacaq? Axı bu cür iri layihənin icrası mütləq maliyyə mənbəyi tələb edir…

- Türkmən partiyaları və Məclisdəki varlı üzvlər maliyyə ehtiyaclarını həll edəcəklər. Onu da deyim ki, biz İraq mərkəzi hökumətinə maddi dəstək göstərməsi üçün müraciət edəcəyik. Yeri gəlmişkən, İraq konstitusiyası da buna imkan verir. Başqa yerdən heç bir maddi dəstək-filan gözləmirik - bu partiyamızın təklifidir.

- İndiki vəziyyətdə İraqda silahlı qüvvələrə, yaxud özünümüdafiə dəstələrinə ehtiyac çox böyükdür. Türkmən Məclisi kimi bir xalq qurumunun belə bir silahlı qüvvəsi olacaqmı?

- İnşallah, İraqdakı qanunlar başqalarına icazə verirsə, deməli, bizə də verəcək. Dediyiniz kimi, silahlı qüvvə yaratmaq vacibdir və haqqımızdır. Bunun üçün İraqda qanunların olması lazımdır.

- Məclis qurulursa, inşallah, Türkmənelinin mərkəzi hansı şəhər seçiləcək?

- Başlanğıcda mərkəzi Telafər olacaq Türkmənelinin qurulması hədəfimizdir. Kərkükdə isə kürdlərlə birlikdə tam müstəqil federativ bölgə yaratmaq planımız var və yönümdə səylərimizi davam etdiririk. Siyasi ittifaqların yaranması vacibdir. Düşünürəm ki, İraq ordusunun bölgəyə dönüşü artıq gecdir və ya mümkün deyil. Bölgə xalqlarının gələcəkdə söz sahibi olmaları lazımdır.

- Təsəvvür edək ki, Türkməneli adlı bir muxtariyyət və ya federal ərazi təsdiqləndi. Sizcə bu bölgənin ərazisi və əhalisi nə qədər olacaq?

- Türkmənelinin ərazisi 40 kvadratkilometr, əhalisinin sayı isə 3 milyon nəfər ola bilər. Təbii ki, bunlar ehtimallardır. Biz İraqın bölünməsini arzulamırıq və bu ölkədə əvvəlki kimi birlikdə yaşamaq istərdik. Biz türkmənlər İraq dövlətini də, iraqlıları da çox sevirik. Amma əgər böyük güclər İraqın bölünməsini istəyirlərsə, bizim deyəcək sözümüz qalmır. Proses bu istiqamətdə gedirsə, o zaman bizim də öz torpaqlarımızda milli idarəetmə orqanlarımızı yaratmaq tam haqqımızdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.