“Başı kəsildiyi” iddia edilən əsgər danışdı – “Yalançılar, mən sağ-salamatam”
18-07-2016, 07:15
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə qarşı mübarizə aparanlar tərəfindən başı kəsildiyi deyilən əsgərin sağ olduğu məlum olub. Musavat.com-un məlumatına görə, bəzi sosial şəbəkə iştirakçıları Burak Salıvermez adlı şəxsin şəkillərini paylaşaraq onun başının kəsilərək öldürüldüyünü bildiriblər. Anadolu Agentliyinə açıqlama verən B.Salıvermez baş verən hadisələrdən məyus olduğunu dilə gətirib. 1993-cü ildə İstanbulun Bahçelievlər rayonunda doğulduğunu, Avcılarda yaşadığını qeyd edib. O, 2013-cü ildə Şanlıurfada əsgərlikdə olduğunu, 2014-cü ildə əsgərliyini bitirərək evinə döndüyünü bildirib. B.Salıvermez deyib: “Məni bir günün içində “öldürdülər”. Bu xəbərlər yalandır. Avcılarda yaşayıram, sağ-salamatam”.