850 mindən 14 mini terrora dəstək verir...

10-09-2016, 20:58           
850 mindən 14 mini terrora dəstək verir...
Türkiyə 10 mindən çox müəllimin Kürd İşçi Partiyası (PKK) ilə əlaqəsindən şübhələnir. Dövlət rəsmilərinin bugünlərdə açıqladığı məlumatdan belə çıxır.

İyulun 15-də baş verən uğursuz dövlət çevrilişi cəhdindən bəri Gülen hərəkatına bağlılıqda suçlanan əksər təhsil işçisi təqiblə üzləşib.

YENİ TƏDRİS İLİNİN BAŞLANDIĞI VAXTDA...

Kimliyinin açıqlanmasını istəməyən qaynaq bildirib ki, bir çox müəllimin PKK-çılara maliyyə dəstəyi verməsi haqqında «əsaslı sübutlar» var.

«Anadolu» agentliyi xəbər verir ki, Təhsil Nazirliyinin 11 min 500 müəllimi terrorçu təşkilatları və onların qollarını dəstəkləməkdə şübhəli bilinir.

Ankara və onun Qərb müttəfiqləri on illərdir ki, Türkiyəyə qarşı döyüşən PPK-nı terrorçu təşkilat sayır.

«Anadolu» agentliyi, detallı məlumat verməsə də, araşdırma nəticəsində şübhə oyandıran müəllim sayının 14 minə çatacağını da bildirib.

Bu məlumat Türkiyədə yeni tədris ilinin başladığı bir vaxta təsadüf edib.

Etnik kürdlərin daha çox məskunlaşdığı Diyarbəkir şəhərinə səfər edən baş nazir Binali Yıldırım da bu məlumatı təsdiqləyərək deyib ki, 14 min müəllimin PKK-nı dəstəkləməsi ilə bağlı şübhələr var.

Türkiyədə 850 min müəllim çalışır.

Diyarbəkirdə aralarında müəllimlərin də olduğu yüzlərlə adam hökumətə etiraz aksiyası keçirib. Aksiyanı dağıtmaq istəyən polis güc işlədib. Həbs olunanlar da var.

​«DAHA ONLAR KANDİLDƏN ƏMR ALMAYACAQLAR»

PKK-ya bələdiyyə başqanlarının da dəstək verdiyi söylənir. Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkənin şərq və cənub-şərqində 28 bələdiyyə başqanının səlahiyyətlərini əlindən alaraq, «milli idarəçiliyə»keçəcəklər.

Onun sözlərinə görə, 28 bələdiyyə artıq Kandildən yönəldilməyəcək.

Türkiyə İraqın şimalında yerləşən Kandil bölgəsini PKK-nın əsas bazası sayır. Süleyman Soylu vurğulayıb ki, bu bələdiyyələrin rəhbərliyi ürəyində türk bayrağı gəzdirənlərə tapşırılacaq.

Sözügedən bələdiyyələr Xalq Demokrat Partiyasından (HDP) seçiliblər. Erdoğan hakimiyyəti HDP-ni PKK-nın siyasi qolu saysa da, partiya bu iddiaları rədd edir.

Yerli siyasətçilər bələdiyyələrin «milli idarəçiliyə» verilməsini antidemokratik addım sayır və deyirlər ki, seçkili bir orqanı seçkiyə qatılmayan şəxsin idarəçiliyinə vermək demokratik dəyərlərə ziddir.

TÜRKİYƏ İNDİHƏM PKK-ÇILARLA, HƏM DƏ GÜLENÇILƏRLƏ SAVAŞIR

Ötən ildən bəri Türkiyə Diyarbəkirdə terrorla mübarizə əməliyyatlarına başlayıb.

1984-cü ildən silahlanmağa başlayan PKK-nın əməliyyatları nəticəsində on minlərlə insan həyatını itirib. PKK Türkiyədə kürdlərin çoxluqda yaşadığı ərazidə kürd dövləti yaratmaq istəyir.

İyulun 15-də - prezident Recep Tayyip Erdoğan-ı hakimiyyətdən salmağa yönəlmiş hərbi dövlət çevrilişi baş tutmayandan sonra ölkədə 60 mindən çox dövlət məmuru işdən azad edilib, onlarla işadamı həbs olunub. Təqiblərlə üzləşənlər arasında müəllim və alimlər də var.

Türkiyə hökuməti onları ABŞ-da məskunlaşmış Fethullah Gülen-ə bağlılıqda suçlayır. Fethullah Gülen-in özü 15 iyul olaylarında heç bir rolunun olmadığını bildirir.

Recep Tayyip Erdoğan, hələ baş nazir olarkən, Gülen hərəkatına yaxınlığı ilə seçilib və parlament seçkilərində bu zümrənin köklü dəstəyini hiss edib. Ancaq sonralar onunla Fethullah Gülen arasında münasibətlər soyumağa başlayıb. Yerli media münasibətlərin pisləşməsini hakimiyyət və pul bölgüsündə anlaşa bilməməklə əsaslandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.