“Fövqəladə vəziyyətin daha üç ay uzadılması Türkiyə Milli Təhlükəsizlik Şurasında tövsiyə edilib”. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib. Onun sözlərinə görə, bir il belə fövqəladə vəziyyət üçün kifayət etməyə bilər. “Fransa bizə deyir ki, fövqəladə vəziyyəti daha üç ay uzatmayın. Sizə nə dəxli var? Bəlkə bir il də kifayət etməyəcək. Kimsə bizim üçün təqvim müəyyən etməsin. Bu təqvimi, yol xəritəsini biz müəyyən edərik. Siz bu çevriliş cəhdini dəstəklədiniz. Bu barədə bizə məlumatlar gəlir. Rəbbim və millətim buna fürsət vermədi”, - Türkiyə prezidenti deyib. Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 22 iyulda – FETÖ-nün hərbi çevrilişə cəhdindən bir həftə sonra tətbiq edilib.