"Türk hərbi düşərgəsi rəsmi Bağdadın icazəsi ilə qurulub"
6-10-2016, 18:36
Başika və Duberdan bölgələrində Türkiyənin hərbi düşərgəsi İraq hökuməti və Müdafiə Nazirliyinin razılığı ilə qurulub. "Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu İraqın şimalında kürd muxtariyyəti hökumətinin sözçüsü Sefin Dizayi bildirib. Onun sözlərinə görə, türk hərbçiləri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün Mosul polisi və könüllü qüvvələrə təlimat verir. Məlumata görə, o, İraqın müdafiə nazirinin türk hərbçilərinin düşərgələrinə baş çəkdiyini vurğulayaraq bundan artıq məlumata sahib olmadıqlarını deyib. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.