“Türkiyə yalnız bir ölkəni dəvət edə bilərdi, o da...”

10-10-2016, 21:56           
“Türkiyə yalnız bir ölkəni dəvət edə bilərdi, o da...”
Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə sərmayə cəlb edirdisə, indi biz xarici ölkələrə, o cümlədən qardaş Türkiyəyə sərmayə qoyuruq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib. Prezidentin sözlərinə görə, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı 20 milyard dollara çatıb:

“Bu gün təkcə Türkiyəyə qoyduğumuz sərmayə 20 milyard dollara bərabərdir. Bu iş birliyi, əməkdaşlıq həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatını gücləndirir.

Dünyada enerji təhlükəsizliyi məsələsi müzakirə edilərkən Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukutu artıq bizdə var, biz bunu yaratmışıq.

Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında öz işimizi qururuq.

Bu gün biz çox sevinirik ki, Türkiyə böyük uğurla irəliləyir. Türkiyə G20 üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla işıqlandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, G20-nin keçən ilin noyabr ayında Antalya şəhərindəki zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan yalnız bir ölkəni dəvət edə bilərdi. Və Türkiyə Azərbaycanı dəvət etdi, buna görə sizə minnətdaram.

Mən bu il artıq 4-cü dəfədir ki, Türkiyəyə səfər edirəm. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.