Rəsmi Bağdadın məzhəbçi siyasəti və Mosul əməliyyatı – Türkiyənin qoruyucu planı

13-10-2016, 19:46           
Rəsmi Bağdadın məzhəbçi siyasəti və Mosul əməliyyatı – Türkiyənin qoruyucu planı
Mosulun sünni ərəbləri Bağdad hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qaldıqları bir dövrdə, Türkiyənin Başikada olması Mosul əməliyyatın zamanı şəhərin demoqrafik quruluşunun dəyişməsinin qarşısını alacaq.
Avropa.info xəbər verir ki, İraqın 2003-cü ilin mart ayında ABŞ və beynəlxalq koalisiya qüvvələri tərəfindən işğal edilməsi yalnız Səddam rejimini devirməklə məhdudlaşmadı, həmçinin ölkədə ciddi siyasi və ictimai qırılmalara da yol açdı. ABŞ tərəfindən İraqda qurulan siyasi sistem, etnik ayrı-seçkiliyə və məzhəb qarşıdurmasına əsaslanan bir sistemdir. Bu səbəblə də 2005-ci ildən bu yana İraqda parlament seçkiləri və bələdiyyə seçkiləri keçirilsə də, Bağdadda etnik ayrı-seçkiliyə və məzhəbə əsaslanan sistem hələ də davam etməkdədir.
İraqda Səddam dövründən bu günə qədər aparılan siyahıya almaların heç biri normal qaydalarda aparılmayıb və ölkədəki seçkilərin nəticələri əvəzinə əsasən etnik və məzhəb fərqləri nəzərə alınır. Bu vəziyyət də İraqda şiələrin çox olduğu bir hökumətin qurulmasına səbəb olub. Xüsusilə ABŞ-ın 2011-ci ildə İraqdan əsgərlərini geri çəkməsindən sonra ölkədə yaranan güc boşluğunu yerli güc olaraq şiələr və regional güc olaraq isə İranın doldurduğu heç kəsə gizlin deyil. Bu vəziyyət isə öz növbəsində İraqda sünni ərəblərin və kürdlərin rəsmi Bağdad üzərindəki təsirini zəiflətdi. 2011-ci ildən bəri sünni ərəblər, şiə ərəblər tərəfindən hökumətdən uzaqda tutulur. Bu baxımdan, ölkədə yaşanan siyasi, iqtisadi problemlər və təhlükəsizliklə bağlı problemləri dərinləşdirən təməl faktor, hər keçən gün daha da artan şiə-sünni gərginliyidir.
ABŞ-ın İraqı işğal etməsi və burada qurduğu siyasi sistem ölkə ərazisində baş qaldıran şiə-sünni qarşıdurmasını daha da şiddətləndirib. Sözügedən sistemə görə şiələrə baş nazir, kürdlərə prezident, sünnilərə isə parlament sədri postları paylanmışdı. Bu səbəblə də İraqda keçirilən parlament seçkilərində hər hansı bir siyasi qrup və ya şəxs səslərin əksəriyyətini alsa belə yuxarıda qeyd olunan qaydanı dəyişdirə bilmir. İraqın siyasi quruluşuna diqqətlə baxdığımız zaman daxili siyasətdə iki cür tənliyin mövcud olduğunu görürük. Birinci tənlik şiə-sünni və kürdlərdən ibarət prezident, baş nazirlik və parlament sədrliyinin hər üç qrup arasında paylanması. İkincisi isə şiə-sünni və kürdlərin öz daxili tarazlıqlarına əsaslanaraq siyasi partiyalar arasında xüsusi bir bölgü keçirməsidir. Məhz elə bu bölgü səbəbilə də İraqdakı vəziyyət etnik və məzhəb baxımından rəqabətə və siyasi böhrana gətirib çıxarır. Artıq Bağdad hökumətində kürdlər və sünni ərəblər mövcud olsalar belə onlar şiələr qədər güclü deyillər. Bağdadın tamamilə şiələrin və İranın nəzarətində olduğunu deyə bilərik. Çünki şiələr 328 üzvü olan İraq parlamentində 183 yerlə təmsil olunurlar. Bu baxımdan Bağdad hökuməti həm daxili, həm də xarici siyasətini İranın təsiri ilə müəyyən edir. Bir məsələyə də diqqəti çəkmək faydalı olardı: 2003-ci ildən bu yana yaşadığı siyasi böhranlar və terror hücumlarından dolayı İraqın xaos mühitinin öhdəsindən tək başına gələ biləcək gücü yoxdur. Bu səbəblə Bağdad hökumətinin, xüsusilə 2011-ci ildən bəri, daxili və xarici siyasətini şiə və İranyönümlü olaraq məzhəbə əsaslanan şəkildə etməsi ölkədəki xaosu daha da qızışdırır.
İraqda kəskinləşən etnik və məzhəb gərginliyi Vaşinqton rəhbərliyinin ölkəni üç hissəyə bölmək ssenarisinin bir parçası olaraq görülə bilər. ABŞ-ın İraqı bölmək üçün planlarını Bağdaddakı şiə hökuməti vasitəsilə həyata keçirdiyini deyə bilərik. 2005-ci ildə referenduma təqdim edilən qalıcı konstitusiyaya federalizm anlayışını yerləşdirməklə, ABŞ İraqın unitar dövlət quruluşunu ortadan qaldırmağın ilk mərhələsini həyata keçirmiş oldu. Bu planın ikinci mərhələsi isə İraqda ərəb etnik quruluşunun şiə-sünni şəklində bölmək və Bağdadda qurulan hökumətləri ərəb dünyasından uzaq tutmaqdan ibarətdir.
Üçüncü mərhələdə isə ABŞ İraqın unitar quruluşunu müdafiə edən sünni ərəbləri federalizmi qəbul etməyə məcbur edir. ABŞ əsgərlərinin geri çəkilməsi ilə birlikdə sünni ərəb siyasətçilərin şiə hökuməti tərəfindən Bağdaddakı siyasi oyunların xaricində saxlamasının səbəblərindən biri də sünni muxtariyyəti yaratmaqdan ibarətdir ki, bu təhdid sünni ərəblərdən gəlməkdədir. Hətta Bağdad rəhbərliyindən az qala tamamilə ixrac olunan sünni ərəb rəsmilər artıq tək həll yolunun muxtariyyət olduğunu düşünürlər.
İŞİD-in 2014-cü ilin iyun ayında Mosulu tutması ilə İraqda siyasi, hərbi və coğrafi olaraq daxili tarazlığın dəyişdiyi deyilə bilərik. 2014-cü ilin 12 iyun tarixində şiə din xadimi Əli əl-Sistaninin səfərbərlik çağırışı ilə əli silah tutan şiələr “Haşdi Şəbi” qruplaşmasına qoşuldular. İranın hərbi dəstəyi ilə qurulan “Haşdi Şəbi” qruplaşmasının iraqlı şiələrin ordusu olduğunu deyə bilərik. Bir məsələyə də diqqəti çəkmək lazımdır ki, “Haşdi Şəbi” İŞİD-ə qarşı mübarizə adı altında qurulsa da Livan Hizbullahına bənzər bir quruluşa sahibdir. “Haşdi Şəbi” başlanğıcda şiə bölgələrini və şiələr tərəfindən müqəddəs sayılan türbələri qorumaq məqsədilə qurulmuş olsa da, İŞİD-dən azad edilən sünni bölgələrinin demoqrafik quruluşunu dəyişdirməyə səy göstərdiyi heç kəsə gizlin deyil. Digər tərəfdən İŞİD İraqın coğrafi mənada etnik və məzhəb olaraq bölünməsini də sürətləndirdi. Bağdadın siyasi quruluşundakı sistem İŞİD ilə mübarizədə də əks olunur. “Haşdi Şəbi” qüvvələri şiələri mühafizə etdiyi halda kürdlərdən təşkil olunan peşmərgə qüvvələri İraq konstitusiyasının 140-cı maddəsindəki mübahisəli bölgələri İŞİD-dən alaraq Şimali İraq Kürd Muxtariyyətinin nəzarətinə verməyə çalışır. Sünni ərəblərin isə “Haşdi Aşairi” və “Haşdi Vatani” olaraq iki hərbi qüvvəsi var. İŞİD-ə qarşı mübarizədə yerli qüvvələrin həm belə dağınıq, həm bir-birləri ilə rəqabət halında olması, İraqın məğlub olmasına səbəb olur.
İŞİD-in İraq torpaqlarında irəliləməsindən sonra, 2014-cü ilin sentyabr ayında ABŞ-ın rəhbərliyi ilə 65 ölkənin iştirak etdiyi beynəlxalq koalisiyanın əsas məqsədi, İraqdakı və Suriyadakı yerli güclərə təlim keçmək və hərbi məsləhətçilik etməkdən, həmçinin İŞİD-ə qarşı aparılan əməliyyatlara havadan dəstək verməkdən ibarət idi. Bu çərçivədə İraqdakı yerli qüvvələrə müxtəlif düşərgələrdə ABŞ daxil olmaqla 20 ölkə təlim və hərbi məsləhətçilik dəstəyi verir. Türkiyə də Mosulun mərkəzindən 32 kilometr məsafədə olan Başika düşərgəsində peşmərgə qüvvələri və sabiq Mosul valisi Asil ən-Nuceyfinin rəhbərlik etdiyi sünni ərəb və türkmənlərin təşkil etdiyi Haşdi Vatani qüvvələrinə hərbi təlim verməkdədir. Rəsmi rəqəmlərə görə Türkiyə, bu günə qədər Bəşika düşərgəsində 2 min peşmərgəyə və 3 min Haşdi Vatani üzvünə təlim keçib.
Türkiyə Başikada düşərgə qurmaqla kifayətlənməmiş İŞİD ilə mübarizədə İraq hökumətinə dəstək olmaq üçün, hərbi yardımlar daşıyan C-130 tipli iki hərbi təyyarəsini, Bağdadın 20 kilometr şərqindəki əl-Musənnə hərbi hava bazasına endirmişdi. 4 mart 2015-ci tarixində isə müdafiə naziri İsmət Yılmaz paytaxt Bağdada səfər etmişdi. Yılmaz “Mosulda başladılacaq hər hansı bir əməliyyatda İraqın yanındayıq” deyərək Türkiyənin İraqa hər cür dəstəyi verməyə hazır olduğunu bildirmişdi.
İranın şiə döyüşçülərə hər cür dəstək verdiyi kimi, Türkiyə də mosullu sünni ərəblərə və türkmənlərə, Mosulun İŞİD-dən xilas edilməsi üçün dəstək verir. Məhz elə buna görə də Bağdad hökuməti bu dəstəyə qarşı çıxmamalı idi. Amma buna baxmayaraq 4 oktyabr tarixində İraq parlamenti türk əsgərlərini “işğalçı qüvvə” olaraq xarakterizə etdi. Bir məsələni də qeyd etmək lazımdır ki, İŞİD-ə qarşı mübarizədə Bağdad hökumətinə dəstək verən ABŞ başlanğıcda İraqa 300 hərbi qüvvə göndərmişdi. Bu gün isə İraqda olan amerikalı əsgərlərin sayı 5654 nəfərə yaxındır. Bəs görəsən nə üçün rəsmi Bağdad ABŞ-ı və İranı işğalçı qüvvə olaraq görmür?
Bağdad, ABŞ və ərəb ölkələrinin görməməzlikdən gəldiyi türkmənlərin və sünni ərəblərin tək çıxış yolu Türkiyədir. Xüsusilə mosullu sünni ərəblər, Bağdad hökuməti tərəfindən kənarda saxlanıldığı halda Türkiyənin Başikada olması Mosul əməliyyatında şəhərin demoqrafik quruluşunun dəyişməsinin qarşısını alacaq. Nəticə etibarilə formalaşdırılan fikir Türkiyənin İraqda yalnız hərbi qüvvə olaraq mövcud olmasıdır. Halbuki Türkiyə İraqa ən çox humanitar yardımı edən ölkədir. Türkiyə İŞİD-dən qaçan iraqlılara həm öz torpaqlarında həm də Duhok, Ərbil, Kərkük və hətta Bağdada da humanitar yardım göndərir. Bundan başqa Türkiyə 2003-ci ildən bəri İraqda yaşanan zorakılıq və hücumlar zamanı yaralanan İraqlıların müalicəsi üçün yardım əlini ilk uzadan ölkə olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.