AK SAKA - AHISKA - AXALTSİXE
16-04-2025, 15:04

Sak - Massaget - İşquz türklərinin adını özündə yaşadan Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer
adlarındandır: Dastanda deyilir : " Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin
casusu vardı..."
Daha sonrakı tarix səhifələrində ondan X-XI əsrlərə aid qala kimi
bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq"
indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır.
XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin
tərkibində idi. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və İlxanilər
dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər,
Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı
dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan,
Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə
çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən
Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.
Ak Saka (yerli türklər öz şəhərlərində Ahıska (Akıska-Axısaka) deyirlər) Ədirnə
sülhünün (1829) şərtlərinə görə Rusiyaya keçən torpaqlarla birlikdə Osmanlılardan
alındı. Vilayət mərkəzi Ak Saka olan Cıldır əyalətinə daxil olan Ardanıc, Artvin,
Şavşat, Borçka, Yusif Eli isə milli hüdudlar içərisində qaldı.
1828-ci ilin avqust ayının 16-da Sərəsgər Mehmed paşanın komandanlığı
altında türklərin igidcəsinə müqavimətinə baxmayaraq Paskeviç qalanı alır.
Rusların əlinə keçdikdə üstündən dumanlar yüksələn bir xaraba halına gəlmişdir.
Bu hücumda polkovnik Borodinin başçılığı altında vuruşan Şirvan alayı xüsusən
fərqlənir. Qalanın idarəsi general Bebutova tapşırılır. Lakin məşhur Acarlı Əhməd
bəy qalanın itirilməsi ilə barışa bilmir və qalaya hücuma keçir. General Burtsev
tələsik köməyə gəlir. Qala mühasirədən yalnız martda çıxa bilir. Bu vaxtdan
başlayaraq Türkiyə ilə mənəvi bağları qırmaq məqsədilə bu şəhərə ermənilər
köçürülür; bununla dərhal əhalinin tərkibi ermənilərin xeyrinə dəyişir. Tezliklə
sakinlərin 10-dan 8-ni ermənilər təşkil edir. Belə ki, bundan 25 il sonra Kırım
müharibəsi zamanı qalanın müdafiəsi general Andronikova həvalə olunur.
Ak Sakanın gözəl təbiəti vardır; bağları-bağçaları ilə məşhurdur. Şəhərin
yaxınlığında Abaz Tuban kurortu (İndi Abastumani), Səfər yaylağı yerləşir. Səfər
yaylağında vaxtilə şəhərin hakimləri olan atabəylərin bağları və sarayları var idi.
Bu yaylaqlar Urabal çayı (Kür hövzəsi) üstündədir. İndi bu səfalı yaylaqlara can
verən Urabal çayının adı dəyişdirilmişdir, çayın yeni gürcü adı Potskovi-Skali
adlanır. Ak Saka ərazilərindən əqiq çıxarılır. Azərbaycan milli mətbuat tarixində
mühüm yeri olan "Molla Nəsrəddin" jurnalını Mirzə Cəlillə birlikdə nəşr edən
Ömər Faiq Nemanzadənin vətənidir. O həm də 1918-ci ilin martında "İstiqlal
komitəsi"nin üzvü olmuş, Nağı Şeyxzamanlı ilə məhz o Türkiyəyə diplomatik
görüşə göndərilmişdir.
TÜRK KİTABI
unudulan tarix - dəyişdirilən adlar
Afət Möhbalı
TEREF