HDP-li nazirlər polislə əlbəyaxa oldu

10-09-2015, 20:44           
HDP-li nazirlər polislə əlbəyaxa oldu
MHP çözüm sürəcini başladanların həbsini istəyir; PKK daha 2 polisi və 3 mülkü şəxsi qətlə yetirib

Sentyabrın 10-da Türkiyə polisi HDP heyətinin Cizrə şəhərinə gəlməsinə imkan verməyib. HDP heyəti PKK-ya qarşı antiterror tədbirləri çərçivəsində 1 həftədir tətbiq edilən komendant saatına diqqət çəkmək məqsədilə xüsusi heyətlə 2 gündür yola çıxıb. HDP həmsədri Selahettin Demirtaşın rəhbərlik etdiyi 50 nəfərlik heyətdə kürdlərin bir necə millət vəkili, keçid hökumətində HDP-ni təmil edən 2 nazirvar.

Səhər saatlarında heyət Cizrə yolundakı İdil qəsəbəsində saxlanıb. Polislə qarşıdurmadan sonra PKK-nın siyasi qanadının təmsilçiləri dağ yolu ilə Cizrəyə üz tutub. Yolda mediaya açıqlama verən Sehahettin Demirtaş deyib ki, 8 gündür şəhərdə 24 saatlıq komandant saatı tətbiq olunur: “Cizrədəki durum Qəzzaya, Kərbəlaya bənzəyir”.

Heyətin şəhərə girişini əngəlləyən polis bu addımı şəhərin bağlı olduğu Şırnak Valiliyinin qərarı ilə atdığını bildirib. Nazir və millət vəkillərinin konvoyu İdildən dönərək digər yollarla Cizrəyə getməyə çalışıb. Ancaq polis və ordunun şəhərə aparan bütün yolları qapatdığı bəlli olub. HDP-lilər polislərə hücum edərək kardonu yarmaq istəsələr də mümkün olmayıb. Əlbəyaxa davada bir neçə HDP-li xəsarət alıb.

HDP həmsədri bir neçə dəfə telefonla Ankaradakı səlahiyyətli şəxsləri arasa da qərar dəyişməyib. Heyət ərazidən çəkilməyərək Ankaradan xəbər gözlədiyini deyib.
Cizrədə isə gərginlik davam edir. PKK-nın ən böyük bazalarının yerləşdiyi ərazilər sırasında olan şəhərdə ötən gecə də sakit keçməyib. PKK bir neçə dəfə inzibati binalara hücum edib, səhərə qədər şəhər bir neçə dəfə güclü partlayış səslərinə oyanıb. Türkiyə Daxili İşlər Nazirliyinin şəhərdəki durumla bağlı son açıqlamasında deyilir ki, ötən gecə şəhərdə baş verən iğtişaşlarda 1-i azyaşlı olmaqla 8 nəfər ölüb.

“Bu bir barış yürüşüdür. Şəhər blokadadır. Prezident bu məsələdə yanılır, ya da onu bilərəkdən yanıldırlar. İnsanların cənazələrini dəfn etmək imkanları belə yoxdur. Evlərdə su, ərzaq tükənib, 8 gündür təcili tibbi yardımın işi əngəllənir. Biz bu durumun başa çatmasını, insanların rahat yaşamasını təmin etmək üçün Cizrəyə getmək istəyirik. Mən prezidentdən bu haqda bir daha düşünməsini rica edirəm”.

PKK-nın siyasi qanadının lideri sözdə barış mesajları verdiyi bir zamanda PKK-nın yenidən şəhərdə polisə hücum etdiyi, terror aktında 1-i dinc sakin, 2 –si polis olmaqla 3 nəfərin şəhid olduğu xəbəri gəlib. Cəmi 1 saat sonra isə PKK terrorçuları Cizrə xəstəxanasına gedərək təcili tibbi yardım briqadasını əsir alaraq bilinməyən istiqamətə aparıb.

Türkiyənin daxili İşlər naziri Selami Altınok Cizrəyə gedən HDP heyəti ilə bağlı yerli medianın sualına cavab verib. Nazir deyib ki, nazirlərin və millət vəkillərinin şəhərə girişi orada asayişin qorunmasına mənfi təsir edəcəyi, eyni zamanda onların öz təhlükəsizliyinə problem yaradacağı üçün əngəllənib və bu qərar dəyişməyəcək:“7 iyun parlament seçkisindən sonra PKK-nın və PKK-ya bağlı DEAŞ, KCK terror hörgütlərinin fəaliyyəti genişlənib. Seçkilərdən sonra terror qruplaşmaları 318 terror aktı həyata keçirib. Antiterror əməliyyatları çərçivəsində Şırnakda 91 nəfər haqqında həbs qərarı seçilib. Əməliyyatların vətəndaşlara zərər verməsinin qarşısını almaq üçün şəhərdə komendant saatı tətbiq olunub. Təhlükəsizlik qüvvələri vətəndaşların sabitlik şəraitində yaşaması üçün genişləndirilmiş tədbirlər görür. Komendant saatının tətbiq edildiyi 8 gündə şəhərə aparan yollardakı 200-ə yaxın mina zərərsizləşdirilib, mina qoyulması üçün qazılan 400 xəndək qapadılıb, 30 barrikada sökülüb, terror hörgütlərinin 10 üzvü həbs edilib, 800 kq partlayıcı maddə, 21 raket qurğusu, onlarla kalaşnikov avtomatı, külli miqdarda patron müsadirə edilib. Əməliyyatlar zamanı 32 terrorçu məhv edilib”.

Daxili İşlər Naziri bildirib HDP həmsədri və HDP-li nazirlər media üzərindən dezinformasiya yaymaqla məşğuldurlar: “Belə bir təəssürat yaradılır ki, guya əhaliyə ərzaq, su almaq imkanı verilmir, cənazələr dəfn edilmir. Daxili işlər naziri olaraq bildirirəm ki, söylənənlər dövləti nüfuzdan salmaq cəhdidir. Cizrədə təhlükəsizlik qüvvələrinin müşayiəti ilə vətəndaşların ərzaq, su almaq, cənazələrini dəfn etmək imkanı var və insanların normal yaşaması üçün bütün gərəkli addımlar atılır. HDP-ni narahat edən PKK-nın ən güclü qalalarından birinin hökumətin tam nəzarətinə keçməsidir. Bütün bu cəhdlərə baxmayaraq antiterror əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”.

HDP həmsədri Selahettin Demirtaş haqqında cinayət işinin açılmasından sonra MHP PKK ilə bağlı olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün daha bir təşəbbüslə çıxış edib. MHP kürd çözüm sürəcini başladaraq PKK-nın fəaliyyətnin genişlənməsinə yol açanlar haqqında cinayət işi qaldırılmasını istəyir.

MHP-nin bu haqda media açıqlamasında deyilir ki, partiyanın vəkilləri bu haqda müraciəti artıq Ankara Baş Prokurorluğuna təqdim edib. Sənəddə çözüm sürəci başlayandan Türkiyənin siyasi və iqtisadi itkiləri qeyd olunub, bu siyasət nəticəsində ölkəyə böyük ziyan dəydiyi üçün çözüm sürəcini başladan şəxslərin qanunla cəzalandırılması tələb edilib.
musavat com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.