Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq

21-11-2019, 16:40           
Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq
"Qarabağ" qəzetinin əməkdaşı Əntiqə Rəşid işdən çıxarılmasına etiraz əlaməti olaraq ictimaiyyətə və Mətbuat Şurasına müraciət ünvanlayıb.

Əntiqə Rəşid Mətbuat Şurasına ünvanladığı həmin müraciətində sosial şəbəkə hesabında canlı yayım açaraq, Qarabağı istədiyinə görə işdən çıxarıldığını qeyd edib:

"Bu ayın 3-də yüzlərlə soydaşım kimi mən də istifadəçisi olduğum Facebook səhifəmdən Prezidentimə, Ali Baş Komandanıma içərisində heç bir tənqid, təhqir, təhdid və ya hər hansı bir qəzəb hissi ifadə olunmayan, əksinə, yalvarıcı bir tərzdə müraciət etdim, yalvararaq kəndimdə, elimdə, obamda yaşlanmaq və ölmək istədiyimi bildirdim, yurduma qayıtmaq istəyimi ifadə etdim. Azərbaycan Konstitusiyasına görə heç bir cinayət törətməmiş, əmək hüququma mənfi təsir edəcək heç bir aqressiv iş görməmişəm.
Aradan 2-3 gün keçməmiş çalışdığım “Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, sən niyə Prezidentə müraciət etmisən, deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, ya müraciətini və Facebook səhifəni siləcəksən, bizdən də üzr istəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan. Əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq. Mən heç bir suç işlətmədiyimdən nə ərizə yazdım, nə də paylaşımı sildim”.



Jurnalistin sözlərinə görə, həmin gün qəzetin kollektivi iclas çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib onu işdən çıxarıblar.

“Beləcə ayda cəmi 240 manat maaş (minimum əməkhaqqı qədər də deyil) aldığım işimdən azad edildim".

Ə. Rəşid müraciətində bildirib ki, üzərinə atılan çamurun qaldırılmasını, konstutisyon hüququnun və işinin bərpa olunmasını istəyir.



"Çingiz İsmayılovun və digərlərinin məqsədini bilmirəm, amma mən “Qarabağ” qəzetində neçə illərdir ki, Qarabağın bağıran haqq səsi olaraq çalışıram və bundan sonra da torpaqlarım düşmən tapdağından azad olunana qədər orada çalışacağam.
İstəyirəm bu ədalətsizliyə son qoyulsun”.



Jurnalist bildirib ki, heç bir əsası olmadan insanı işindən azad etmək qanunlarda yoxdur:

“Əgər kobudcasına pozulmuş haqq və hüquqlarım bərpa olmasa, cənab Prezidentə, I vitse-prezidentə müraciət edəcəm, hüquqlarımın bərpasını məhkəmə divarları arasında aramalı olacağam".

Ə.Rəşidin sözlərinə görə, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir və bədənində 22 qəlpə daşıyır. İşləmək qabiliyyətindən məhrumdur: “Bir övladımız var, evə çörək aparan yeganə mənəm. Bunu “Qarabağ” qəzetinin rəhbərliyi və kollektivi çox yaxşı bilir”.



Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, “Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Rəşid Aslanovanın müraciəti bu quruma daxil olub. O qeyd edib ki, prosedura uyğun olaraq, müraciət öncə Şura Katibliyində araşdırılıb:

"Katiblikdən mənə verilən bilgiyə görə, “Qarabağ” qəzetinin baş redaktoru və təsisçisi ilə telefon əlaqəsi saxlanılıb, baş vermiş hadisə onlarla müzakirə edilib. Prosedura uyğun olaraq, katiblik tərəfindən məsələ üzrə Mətbuat Şurasının Şikayətlər Komissiyasına məruzə ediləcək. Məsələ Komissiyanın iclasında müzakirə edildikdən sonar müvafiq rəy elan ediləcək. Öncədən nə isə demək mümkün deyil, müvafiq rəyin verilməsi Komissiya üzvlərinin səlahiyyətindədir".



M.Ələsgərlinin sözlərinə görə, planda dəyişiklik olmazsa, MŞ Şikayətlər Komissiyasının iclası 27 noyabrda keçiriləcək:

"Qaydaya uyğun olaraq, həm şikayətçi, həm də şikayət olunan şəxslərin iclasda iştirakı təmin ediləcək, mövqeləri dinlənilərək nəzərə alınacaq”. (Modern.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.