İcra başçılarından Prezidentə qarşı TƏXRİBAT - İTTİHAM

27-01-2020, 17:06           
İcra başçılarından Prezidentə qarşı TƏXRİBAT - İTTİHAM
Fevralın 9-u yaxınlaşdıqca Azərbaycanda növbədənkənar parlament seçkilərinin həyəcanı da artır.

Bu seçki yarışını digərlərindən fərqləndirən önəmli bir məqam var: parlmentin növbədənkənar formalaşdırılması ciddi siyasi reformlar, kadr və struktur islahatları fonunda baş verir. 9 fevralda tərkibi müəyyənləşdiriləcək Milli Məclisdən ən böyük gözlənti onun haqqında bəhs etdiyimiz islahatlarla ayaqlaşa, yeni situasiyaya uyğunlaşa bilməsidir. Hansı ki, ötən ilin sonlarına doğru ali qanunverici orqanın buraxılması da bilavasitə bununla izah edilmişdi.Elə ölkə başçısının da bu günlərdə Davos İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi mühüm mesajlar da bu yazdıqlarımızı bir daha təsdiqləyir. Belə ki, ölkə başçısı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibinin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacağını deyib. “Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət rəhbərinin dedikləri, ölkənin ali siyasi rəhbərliyinin 9 fevral seçkilərinin ədalətli, tam demokratik şəkildə keçirilməsi və xalqın iradəsini ifadə etməsi xüsusundakı qətiyyətli mövqeyinin növbəti açıq ifadəsi kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, cəmiyyətdə də növbədənkənar seçki yarışının Azərbaycanda aparılmaqda olan genişmiqyaslı islahatların ruhuna layiq, hədəf və məqsədlərinə müvafiq şəkildə yekunlaşacağına dair inam xeyli böyükdür.Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu inamı sarsıtmağa çalışan yerli icra hakimiyyəti başçılarının xoşagəlməz davranışları barədə də xəbərlər eşidilir. Onların bütün güclərini rəhbərlik etdikləri rayonlarda bir namizədin xeyrinə mobilizasiya etmək cəhdlərinə dair şikayətlərin səsləndirilməsi daha çox hakimiyyətin maraqlarına uyğun olan tam demokratik, ədalətli seçki niyyətini sabotaj etmək cəhdindən başqa bir şey deyil.



Halbuki ölkənin ali siyasi rəhbərliyi prosesə bu cür qanundankənar müdaxilə cəhdlərinin yolverilməzliyini birbaşa və dolayı şəkildə ifadə edib; aydın görünür ki, belə hallara yol verənlər barədə 9 fevraldan sonra hərtərəfli araşdırmalar aparılacaq və onların növbədənkənar seçki yarışının ədalətliliyinə kölgə salmaq cəhdlərinə lazımi hüquqi qiymət veriləcək. Belə olan təqdirdə bəzi yerli məmurların hələ də köhnə vərdişlərindən əl çəkə bilməməsi təəccüb və təəssüf doğurur. Aydın hiss olunur ki, onlar ölkədə həyata keçirilən nəhəng islahatlar dalğasının mahiyyətini və məsuliyyətini anlamaqda çətinlik çəkirlər. Eyni zamanda bunun onlar üçün qanun müstəvisində baha başa gələcəyini dərk etmirlər.

Bir neçə gün əvvəl KİV-də məlumat yayıldı ki, 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev istefa verib. Hüseynəliyev istefasının səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib. Lakin istisna deyil ki, sözügedən DSK sədrinin bu addımını şərtləndirən eyni zamanda 9 fevraldan sonra özü ilə bağlı yarana biləcək hüquqi məsuliyyətdir. Çünki bir sıra yerli məmurlar, yuxarıda da qeyd etdiyimiz kimi, hələ indidən təxminən iki həftə sonra baş tutacaq səsvermə prosesinin demokratikliyinə kölgə salan addımlar atmaqla məşğuldurlar, eyni addımları seçki günü atmaqda da israrlı görünürlər, bu isə şübhəsiz ki, ilk növbədə məhz DSK sədrlərini çətin vəziyyətdə qoyacaq, onlar barədə hüquqi məsuliyyətin ortaya çıxmasına gətirib çıxaracaq. Belə görünür ki, sözügedən reallığının yaxşı fərqində olan dairə seçki komissiyalarının rəhbərləri artıq müəyyən yerli məmurların prosesə qanundankənar müdaxilələrinin doğura biləcəyi ağır nəticələri paylaşmaq niyyətində deyillər.

Bir daha xüsusi qeyd etmək zərurəti yaranır: ölkənin ali siyasi rəhbərliyi real səs sahiblərinin Milli Məclisə mandat qazanması yönündə birbaşa iradə ortaya qoyduğu bir vaxtda bəzi yerli icra hakimiyyətlərinin fərqli davranış sərgiləməsi qəbuledilməzdir, bu cür davranışlar seçkilərin tam demokratik şəkildə keçiriləcəyinə dair cəmiyyətin daha da güclənmiş inamını zədələməkdən başqa bir şey deyil və şübhə yoxdur ki, onlar qanunvericiliyin tələbləri çərçivəsində cəzasız qalmayacaq. Odur ki, daha da gec olmadan yerli məmurlar Azərbaycanda həyata keçirilməkdə olan genişmiqyaslı islahatların mahiyyətini və məsuliyyətini anlamalı, bu islahatların ruhuna uyğun gəlməyən addımlardan çəkinməli, 9 fevralda formalaşacaq Milli Məclisin aparılan reformlarla ayaqlaşa bilməsini əngəlləməkdən başqa bir şey olmayan hərəkətlərinə son verməlidirlər. Onlar unutmamalıdırlar ki, istər dövlətin, istərsə də cəmiyyətin indi onlardan başlıca gözləntisi də, tələbi də məhz budur! //unikal.org//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.