“Vizit kartı” yayılan sədr: “Həmin şəxsi tapıb sürüyəcəm” - FOTO

23-04-2019, 17:26           
“Vizit kartı” yayılan sədr: “Həmin şəxsi tapıb sürüyəcəm” - FOTO
“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam. Jurnalistlər, azərbaycanlılar bunu bilmirlər ki, adi bir vizit kartını böyüdüb, müzakirə edirlər?”.

Bu sözləri sosial şəbəkələrdə vizit kartının şəkli müzakirələrə səbəb olan Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev deyib. O bildirib ki, sosial şəbəkələrdə şəkli yayılan visit kartı illər öncə hazırlanıb:

“Bu lap çoxdan hazırlanmış “vizitka”dır. İndi kimsə Moskvadan həmin “vizitka”nın şəklini yayıb, Azərbaycanda mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıb. Hazırda Moskvadayam. Bakıya qayıdanda bunun kökünü tapıb, cəzasını verəcəyəm. Bizim ofisimiz Şəhidlər Xiyabanının yaxınlığında yerləşir. Elə həmin şəxsi də tapıb, Xiyabanda sürüyəcəyəm. Bu ancaq Moskvadan qaynaqlanıb. Mənə gücləri çatmır ki, qarşıma çıxsınlar”.

Müşfiq Əliyev deyib ki, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti bu günün deyil, 30 ilin təşkilatıdır:

“Mən ən güclü, ən savadlı jurnalistlə belə, polemikaya hazıram. Mən "Azərbaycan" deyib, "Heydər baba" deyib, fəaliyyətimi quran adamam, jurnalist müzakirəsinə ehtiyacım yoxdur. Camaat mənim Bakıda keçirdiyim tədbirləri, şəhid ailələri ilə bağlı təşəbbüslərimi müzakirə etsin. Onları niyə sosial şəbəkədə paylaşıb, müzakirə etmirlər?

Məni ulu öndərimiz, bütün xalq qiymətləndirib, şəhid ailələri, qaçqınlar müdafiə edirlər. Bizim işimiz o deyil ki, illər əvvəl çap olunmuş bir kağıza görə müzakirə açaq. Daha vacib işlərimiz var. O “vizitka”nı paylaşanlar qələt ediblər”.

Qeyd edək ki, Müşfiq Əliyevin vizit kartının sosial şəbəkədə müzakirə olunmasına səbəb paylaşılan şəkildə həm eleketron poçt ünvanının, həm də e-mailin parolun yazılmasıdır.

(Modern.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.