Azərbaycanla bağlı gözlənilən addım: ABŞ rəsmən təsdiqlədi - Ekspert danışır...

8-05-2024, 13:18           
Azərbaycanla bağlı gözlənilən addım:
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanda delimitasiya əleyhinə İrəvana yürüş davam edir. Sizcə, təxribatçı proses İrəvana çatdıqdan sonra nə baş verəcək?

- Heç bir şey olmayacaq. Əlbəttə, bu prosesin arxasında duran qüvvələr çalışacaqlar ki, tərəfdarlarını meydanlara yığsınlar, müəyyən demarşlar eləsinlər. Həmçinin KİV vasitəsilə bir mənzərə yarada bilərlər ki, guya izdihamlı mitinqlər keçir, erməni xalqı Paşinyanı devirmək istəyir, onun gündəliyi ilə razılaşmır, demarkasiya prosesinin dayandırılmasını istəyir və sair. Cəhdlər olacaq, amma bunların nəticə verəcəyini düşünmürəm. Çünki hakimiyyət də buna qarşı müəyyən tədbirlər görüb, görür. Digər yandan, insanların əksəriyyəti revanşistlər kimi fikirləşmir, müharibələrdən bezib, sülh gündəliyini müharibə gündəliyi ilə əvəzləməyə tələsmir. Çünki tarix və təcrübə də göstərir ki, müharibələrdən əziyyət çəkənlər sıravi insanlar olur.

- Prosesin arxasında hansı ölkələr dayanır? Ermənistanın hakim partiyasının üzvləri Rusiyanı ittiham edir, bəziləri də Avropa Birliyinin adlarını çəkirlər. Üstəgəl, bu məqamda İran nümayəndə heyətinin Ermənistanın baş keşişi II Qreginlə görüşü də diqqət çəkir.

- İlk növbədə, bunun arxasında erməni kilsəsi dayanır. Bu, illərdir destruktiv fəaliyyət aparan və digər xalqları özünə düşmən bilən qurumdur. Başqa xalqlarla düşmənçilik erməni kilsəsi üçün ideoloji əsasdır. Bəli, təəssüf ki, bunun arxasında müəyyən xarici siyasi qüvvələr də var – Qərb, Rusiya və İranda. Rusiyanın özündə elə qüvvələr var ki, bu revanşist ritorikanı dəstəkləyirlər. Amma həmin ölkələrdə, elə ABŞ və Fransa istisna olmaqla, Qərbin özündə hakim dairələr fərqli düşünürlər. Hakim dairələr reallığı qəbul edirlər və bunu dəyişdirməyin qeyri-mümkün olduğunu görürlər.

Hər bir siyasi rəhbər anlayır ki, regiondakı mövcud reallığı dəyişdirməyə cəhd göstərsələr, bu, müharibəyə gətirib çıxaracaq, güclü olan Azərbaycan yenə qalib gələcək. Elə Paşinyanın özü də bunu deyir. Bu səbəbdən də, yeni müharibənin alovlanmasını istəmirlər. Hamı başa düşür ki, yeni müharibə yalnız Azərbaycanın mövqelərini gücləndirə bilər, yəni başqa ölkələrin yox. Azərbaycan yeni müharibədən daha da güclü çıxa bilər. İnanmıram ki, o ölkələr bunu istəyirlər. Yeri gəlmişkən, Azərbaycanın arxasında dayanan dost ölkələr də bundan qazanacaqlar. Həmin ölkələrin hakim dairələri bu ssenarinin reallaşmasını istəməzdilər. Amma uzun illərdir ermənilərlə işləyən müəyyən dairələr müharibə istəyirlər. Məsələn, ABŞ, Rusiya və İranda bunu istəyən qüvvələr var. Ən müxtəlif səbəblərdən bunu istəyirlər.

Rusiyada revanşistlərə dəstək verən qüvvələr çalışırlar ki, Qərb, xüsusən də ABŞ-ni Cənubi Qafqazda sıxışdırsınlar. Qərbdəki ermənipərəst qüvvələr də öz mövqelərini gücləndirməyə çalışırlar. Paşinyan da bu ziddiyyətlərdən məharətlə istifadə edir, Qərb və Rusiyaya bağlı qüvvələri Ermənistanda üz-üzə qoyur. Düzdür, bu, Ermənistan üçün müəyyən problemlər yaradır, amma rəhbərlik bundan maksimum yararlanmağa çalışır.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əlaqələr və sülh müqaviləsi ilə bağlı müsbət danışdı. O, düşmənçiliyi sıfırılamaq və sülh müqaviləsini imzalamaq istədiyini söylədi. Paşinyanın buna vaxtı çatacaqmı?

- Əslində bunu qısa vaxtda həyata keçirmək Paşinyana çox lazımdır. Çünki Paşinyan öz siyasətinin müsbət nəticələrini praktikada cəmiyyətə göstərmək istəyir. Məsələn, Tavuşda aparılan delimitasiya-demarkasiya konkret nümunədir. Paşinyan bununla göstərir ki, baxın, konkret sərhədlər var, burada müharibənin alovlanması ehtimalı sıfıra bərabərdir, insanlar təhlükəsiz şəkildə yaşaya bilərlər. Azərbaycan da problemlərin həlli üçün maksimum dərəcədə çalışır. Çünki biz qeyri-müəyyən sərhədin olmasında və toqquşmalarda maraqlı deyilik. Paşinyan bunu da öz cəmiyyətinə göstərməyə çalışır.

Ətraflı
Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması ilə bağlı da müzakirələr gedir. Bu istiqamətlərdə də müəyyən irəliləyiş var. Paşinyan da sülh gündəliyinin müsbət nəticələrini cəmiyyətə göstərməyə və aşılamağa çalışır. Azərbaycan da göstərir ki, sülh gündəliyini daha da gücləndirmək üçün öz tərəfimizdən səy göstərməyə və danışıqları intensivləşdirməyə hazırıq.

- Paşinyan nəqliyyat yolları və ya dəhlizlər barədə də pozitiv siqnallar verdi. Məsələnin xarici işlər nazirlərinin gözlənilən Almatı görüşündə müzakirə olunacağını vurğuladı. Hesab etmək olarmı ki, tərəflər arasındakı son müsbət gəlişmələrdən sonra dəhlizlə bağlı da mövqelər yaxınlaşıb?

- Düşünürəm ki, yaxınlaşma var. Bunu ancaq verilən açıqlamalardan sezə bilərik. Hazırda tərəflər eksklavların taleyini müəyyən eləməyə çalışırlar. İndi Azərbaycana qaytarılacaq eksklavlarla ölkəmizin əsas hissəsi arasında əlaqə yaratmaq üçün məyyən şərtlər lazımdır. Gələcəkdə eksklavlarda yaşayacaq soydaşlarımız kommunikasiyalardan sərbəst şəkildə istifadə edə bilməlidir. Naxçıvan da eksklavdır, həm də böyük eksklav - ora ilə də Azərbaycanın əsas hissəsi arasında normal quru əlaqəsi olmalıdır. Bu baxımdan, bizim marağımız anlaşılandır. Amma Ermənistan Naxçıvana digər eksklavlardan fərqli yanaşır. Biz də çalışırıq ki, Naxçıvanla quru əlaqəsi digər eksklavlarla əlaqələr kimi olsun.

Hesab edirəm ki, bu məsələnin həlli bir qədər yubanacaq. Bu məsələdə bir çox ölkələrin də maraqları var. Məsələn, elə Qazaxıstanın özü. Qazaxıstan da gələcəkdə bu kommunikasiyaların sərbəst və rahat işləməsində maraqlıdır. Biz Ermənistana təkliflərimizi vermişik, indi də cavab gözləyirik.

- Bir neçə gün əvvəl fərqli sözlər deyən ABŞ səfiri Mark Libbinin Şuşa səfəri də gündəmdədir. Nə baş verdi, səfir niyə fikrini tez dəyişdi? Üstəgəl, ABŞ Dövlət Departamentinin bu səfəri şərh etməkdən yayınması nə ilə bağlıdır?

- Çünki bu, departamentin marağında deyil. Səfirin açıqlaması həm Azərbaycan cəmiyyətini, həm də ölkənin rəhbər dairələrini qıcıqlandırdı. Qıcıqlandırmaya bilməzdi. Səfir deyirdi ki, Şuşada “şou naminə keçirilən tədbirlər”də iştirak etməyəcək, yalnız özü bildiyi vaxt ora gedəcək. Şuşa bizim üçün son dərəcə həssas bir yerdir. Təsadüfi deyil ki, 44 günlük müharibədə Şuşa uğrunda gedən döyüşlər kulminasiya idi. Şuşanı digər bölgələrimizdən ayırmıram, hamısı doğmadır, amma bu, bizim üçün həssasdır, hamı da bunu bilir. Buna görə də, ABŞ səfirinin açıqlaması xoş qarşılanmadı. Bu açıqlama ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilərdi.

Hələlik Azərbaycan rəsmi açıqlama verməmişdi, amma versəydi, münasibətlər gərginləşəcəkdi. Səfirlikdən izah tələb edə bilərdik ki, Şuşada keçirilən hansı tədbir şou xarakterlidir? Şuşaya müxtəlif ölkələrin başçıları gəliblər, oradakı tədbirlərdə iştirak ediblər. Bunlar şou idi? Şuşada dəfələrlə beynəlxalq konfranslar keçirilib? Bunlar şou idi? İnsan danışanda öz məsuliyyətini dərk etməlidir. Xüsusən də bir ölkənin səfiri, diplomatı...

Hesab edirəm ki, ABŞ-nin rəhbər dairələri və ya Dövlət Departamentindən ona xəbərdarlıq ediblər. Hər halda səfir durub Şuşa və Füzuliyə elə-belə getməzdi. Yəqin ki, məsləhət alaraq bunu edib. Çox güman ki, münasibətlərin gərginləşməsini istəmədikləri üçün bu addımı atdılar. Əslində o demişdi ki, istədiyi vaxt Şuşaya gedəcək. Amma səfərin vaxtını o yox, cəmiyyətin reaksiyası müəyyən elədi. Əlbəttə, sağ olsun ki, getdi. Artıq keçmiş ATƏT-in Minsk qrupunun ikinci həmsədr ölkəsinin səfiridir ki, Şuşada olur. Bu da o deməkdir ki, ABŞ rəsmən 44 günlük müharibənin nəticələrini təsdiqləyir.

Səfir Şuşada çox önəmli açıqlamalar da verdi. Çox güman ki, bunlar ABŞ Dövlət Departamenti ilə razılaşdırılmış açıqlamalardır. Libbi bildirdi ki, Amerika müxtəlif məsələlərdə Azərbaycana kömək göstərməyə hazırdır. Məsələn, ərazilərin minalardan təmizlənməsi, məcbur köçkünlərin öz yerlərinə qaytarılması və sair. Bu o deməkdir ki, ABŞ rəsmən Qarabağda aparılan bərpaetmə işlərinə qoşulmağa razılıq verir. Bu da son günlərin qalmaqalının yekun nəticəsidir. Təki axırı yaxşı olsun. Yəqin səfir də başa düşdü ki, Azərbaycan cəmiyyəti digər cəmiyyətlərdən fərqlidir və öz mövqelərini yaxşı bilir, təhdid və təhlükənin hansı ölkədən gəlməsindən asılı olmayaraq, öz mövqelərindən çəkilmir, əksinə, belə məqamlarda daha həmrəy olur və öz məqsədlərinə çatır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.