Slovakiya Azərbaycan təbii qazının ixrac edildiyi 9-cu ölkə olacaq

8-05-2024, 10:31           
Slovakiya Azərbaycan təbii qazının ixrac edildiyi 9-cu ölkə olacaq
Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Onu da qeyd edək ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.
Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın bu ilin noyabr ayında COP 29-a ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, bərpaolunan enerji sahəsində malik olduğu təcrübənin, imkanların təqdimatıdır. COP29 bu sahədə əməkdaşlığa geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev Slovakiyanın Baş naziri ilə mətbuata birgə bəyanatında da diqqəti bu sahəyə yönəldərək bildirdi ki, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq. Bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.
Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, - deyə dövlətimizin başçısı bildirib.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.