Azərbaycan - Slovakiya münasibətlərinin inkişafinin perspektivləri

8-05-2024, 11:29           
Azərbaycan - Slovakiya münasibətlərinin inkişafinin perspektivləri
Müstəqil siyasət yürüdən Azərbaycanın regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri siyasi iradəsinin göstəricisidir. Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına əsaslanır. "Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlətimizin başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır. "Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik", – deyə dövlətimizin başçısı vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar. "Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir" – deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. "Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq". Bu fikri Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib.
Dövlətlərarası "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev bildirib ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir", – deyən Prezident diqqətə çatdırıb. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. "Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq", - deyə Prezident vurğulayıb.
Dövlətimizin başçısı ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də nəzər salıb və Slovakiya-Azərbaycan biznes forumunun keçirildiyini vurğulayıb. "Onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır. Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək".
Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə vurğulayaq ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.